Accessibility links

Əzəm Piri: Həyat yoldaşım haqlarını tələb edir [Audio]


Lətif Həsəni və xanımı Əzəm Piri

Lətif Həsəni və xanımı Əzəm Piri

Əzəm Piri Təbriz zindanında aclıq aksiyası keçirən həyat yoldaşı güneyli fəal Lətif Həsəninin (Araz) ürək xətəsi olduğu və hazırda sağlıq durumunun yaxşı olmadığını söyləyir. 9 illik həbs hökmünü keçirməkdə olan məhbusun həyat yoldaşı Amerikanın Səsinə müsahibədə milli fəalın son durumu, aclıq aksiyası başlatmasının səbəbləri, eləcə də irəli sürdüyü tələbləri şərh edib.

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının başqanı Lətif Həsəni (Araz), habelə Mərkəzi Komitə üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Şəhram Radmehr və Behbud Quluzadə muxtəlif ittihamlar o cümlədən, qanunsuz təşkilat qurmaq ilə günahlandıraraq 9 il həbsə məhkum ediliblər.
Lətif Həsəni aclıq aksiyasına başladıqdan bəri qan təzyiqi və ürəkağrısı səbəbi ilə dəfələrlə zindanın klinikasına aparılıb.
Əzəm xanımın sözlərinə görə, məhkəmə və zindan məsulları daha öncə həyat yoldaşının Təbriz zindanından ailəsinin yaşadığı Kərəc şəhərinə yaxın bir həbsxanaya göndərilməsinə icazə verdiklərini söyləmişdilər, fəqət, bunu həyata keçirməyiblər.

“Həyat yoldaşım siyasi məhbusların haqlarının tapdalanmasına etiraz olaraq may ayının 18-dən aclığa başlayıb,” deyə Əzəm Piri bildirib. Onun dediklərinə görə, güneyli fəal aclıq edərək həbs müddətini yaşadığı şəhərdə keçirmək və məhbusların ailələrinə qarşı basqı və əziyyətlərə son qoyulması kimi tələblər irəli sürüb.

Əzəm Piri həyat yoldaşının sağlıq durumunun yaxşı olmadığını vurğulayıb. Onun sözlərinə görə, Lətif Həsəni aclıq aksiyasına başladıqdan bəri qan təzyiqi və ürək ağrısı səbəbi ilə dəfələrlə zindanın klinikasına aparılıb.

O, həyat yoldaşının müalicəsi üçün zindanda yetərli imkanların mövcüd olmadığını bildirib.

“Həyat yoldaşımı dörd dəfə klinikaya aparıblar, iki dəfəsində onun xəstəliyi o cümlədən qan təzyiqi ilə əlaqədar yetərli təchizat mövcüd deyilmiş,” deyə o əlavə edib.

Tehranın yaxınlığında yerləşən Kərəc şəhərindən Amerikanın Səsinə danışan Əzəm Piri özünün də bel ağrısından əziyyət çəkdiyini, buna görə də həyat yoldaşı ilə görüşmək üçün Təbrizə getməyin onun üçün çətin və səhhəti üçün zərərli olduğunu qeyd edib.
XS
SM
MD
LG