Accessibility links

Kür qərargahı vətəndaş cəmiyyətinin təmsilçilərinin həbsini pisləyir


Kür çayı

Kür çayı

Kür” vətəndaş cəmiyyəti fəallarını heç bir təzyiq durdurmayacaq və 2010-cu ildə Kür və Araz çaylarında baş vermiş daşqınların nəticələrinin aradan qaldırılmasına yönəlmiş dövlət vəsaitindən istifadənin araşdırılması üzrə işlər davam etdiriləcək. Həmçinin, fəlakətdən ziyan çəkmiş vətəndaşların hüquqlarının müdafiəsi üzrə işlər davam etdiriləcək. Turan Agentliyinin məlumatına görə, “Kür” qərargahının iyunun 18-da keçirdiyi dəyirmi masada səslənən əsas fikir bundan ibarət olub.
“Həbs olunduğum zaman qaldığım yerdən işimi davam etdirəcəyəm”, deyə iyunun 13-də iki aylıq həbs cəzasından sonra azad edilmiş “Kür” qərargahının koordinatoru Oqtay Gülalıyev bildirib.

O yaxın günlərdə daxili işlər naziri Ramil Usubovla görüşmək və ona həbs edildiyi andan etibarən polis əməkdaşlarının yol verdiyi qanunsuzluqlar barədə məlumat vermək niyyətindədir.

“Kür” qərargahının üzvü Mehman Əliyev diqqəti digər fəalın - Sabirabad rayonunun Əsgərbəyli kənd sakini İlham Əmiraslanovun həbsinə çəkib. O, qanunsuz silah və döyüş sursatı saxlamaqda ittiham olunur. Lakin əslində tapança və güllələr onun üzərinə qəsdən atılıb. Bundan başqa, Əmiraslanov dəfələrlə döyülüb. Əvvəlcə o, yerli polis bölməsində, sonradan isə Sabirabad Olimpiya Kompleksində döyülüb.
Əmiraslanovun əvvəllər məhkumluğu olması və hüquq müdafiəçisi olmaması barədə “arqumentlər” əsassızdır. Bu məntiqə baxsaq, deputatlar, məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında belə əvvəllər məhkumluğu olan şəxslər var”, - deyə Əliyev qeyd edib.
O vurğulayıb ki, Əmiraslanov ilk gündən vətəndaşların hüquqlarını fəal şəkildə müdafiə edib və sakinlərin prezident və fövqəladə hallara naziri ilə görüşünün iştirakçısı olub. Əmiraslanov “Sarısu” Regional Sosial Təşəbbüslər İctimai Birliyinə rəhbərlik edir.
Hakimiyyətin yerli fəallara təzyiqinin məqsədi daşqının nəticələrinin aradan qaldırılması üzrə işlərin nəticələrinin ictimaiyyətdən gizlədilməsidir, çünki vəsaitin böyük hissəsi təyinatı üzrə istifadə olunmayıb və zərərçəkmişlərin problemləri həll olunmayıb.
“Kür” qərargahı yaxın günlərdə bu məsələ ilə bağlı yeni araşdırmalarının nəticələrini açıqlamaq niyyətindədir.
”Daşqının nəticələrinin aradan qaldırılmasına indiyə qədər təxminən yarım milyard manat ayrılsa da, 10 minə yaxın ailə hələ də yeni evə və ya köhnə evlərinin təmirinə ehtiyac duyur. Bir halda ki, təxminən 70-90 kv. m sahəsi olan 3 min evin hər birinin tikintisi 63 min manata başa gəlib. Bu pula Bakıda yeni binada mənzil almaq olar”, deyə Gülalıyev bildirib.
Öz növbəsində, M.Əliyev təsdiq edib ki, iyunun 4-də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla görüşüb və bu görüşün Gülalıyevin həbsdən azad olunmasına müsbət təsiri olub.
“Kür” qərargahı daşqından zərər çəkənlərin problemlərinin şəffaf şəkildə həll olunacağına ümid edir. Qərargah yeni ev və kompensasiya alanların (konkret məbləğ göstərilməklə) siyahısını İnternetdə yerləşdirməyə çağırır. Bu, vəsaitlərin nə dərəcədə səmərəli və təyinatı üzrə istifadə olunduğunu, daşqının nəticələrinin aradan qaldırılması üzrə işlərin nə dərəcədə səmərəli olduğunu qiymətləndirməyə imkan verəcək.

XS
SM
MD
LG