Accessibility links

İstintaq Hilal Məmmədovun narkotiklə tutulduğunu bildirib


Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru

Hilal Məmmədov, “Talışi Sədo” qəzetinin redaktoru

Azərbaycan Daxili İşlər Nazirliyi “Talışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovdan 5,183 qram heroin götürüldüyü barədə məlumat yayıb. Əməliyyat iyunun 21-də Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Hilal Məmmədovun evinə baxış zamanı isə 28,294 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234-cü (külli miqdarda narkotik saxlama) maddəsi ilə cinayət işi cinayət işi başlanıb, istintaq aparılır. Nizami rayon məhkəməsi Hilal Məmmədov barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçib.
Hilal Məmmədovun vəkili və hüquq müdafiə təşkilatları həbsi siyasi adlandırıb.
“Azərbaycandakı talış milli azlığının nüfuzlu şəxslərindən biri Hilal Məmmədovun həbsi üçün bir neçə ehtimalın olduğunu düşünürəm”, - Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus H.Məmmədovun həbsini şərh edərkən söyləyib.
Ehtimal kimi L.Yunus H.Məmmədovun talışlar arasında nüfuza malik şəxslərdən biri olmasını, rəsmi Bakının belə şəxsləri görmək istəmədiyini deyib.
L.Yunus həbsə daha bir ehtimal kimi rəsmi Bakının son vaxtlar “casus ovu”na çıxmasını göstərib. Bu “casuslar” ən çox Rusiya və İranla əlaqəli çıxırlar. Amma, H.Məmmədov mədəni, ziyalı olduğu üçün ona qarşı “casus, təxribatçı, terrorist” ittihamı gülünc olardı. Ona görə də “narkotika” adı qoydular.
Vəkil Anar Qasımlı Hilal Məmmədovun saxlanmasına dair sənədlərin ona verilmədiyini bildirib. “Bu müdafiə etdiyim şəxsin hüquqlarının kobud şəkildə pozulmasıdır”, - deyə o Amerikanın Səsi radiosuna bildirib.
Vəkilin sözlərinə görə, bu gün məhkəmədə Hilal Məmmədov həbsinin siyasi sifariş olduğunu bildirib. “Hilal Məmmədov hüquq müdafiə fəaliyyəti, etnik talışların hüquqlarını müdafiə etdiyi və hakimiyyətin fəaliyyətini tənqid etdiyi üçün həbs edildiyini bildirdi”, - vəkil deyib.
Xatırladaq ki, Hilal Məmmədovun bu yaxınlarda internetdə səs-küy yaradan, Azərbaycan meyxanaçılarının rus dilində oxuduğu və Rusiya müxalifətinin prezident Vladimir Putinə qarşı istifadə etdiyi “Tı kto takoy, davay, do svidaniya!” (“Sən kimsən, çıx get”) qafiyəli meyxana əsasında hazırlanmış, “Putin, do svidaniya” (“Putin, hələlik”) video süjetinin müəllifi olduğu bildirilir. Məlumatlara görə, Hilal Məmmədov həmin süjeti internetə yerləşdirib, bundan sonra Rusiya telekanalları bu barədə bir neçə reportaj hazırlayıb, hətta Hilal Məmmədovla birgə meyxananın deyildiyi kənddən reportaj efirə verilib. Bu meyxananı internetdə milyonlarla insan izləyib və Rusiyada indi də çox populyardır.
“Tolışi sədo” qəzeti talış dilində dərc olunur. Qəzetin əvvəlki baş redaktoru Novruzəli Məmmədov 2007-ci ildə dövlətə xəyanətdə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. O, 2009-cu il avqustun 17-də Penitensiar Xidmətin Mərkəzi Hospitalında vəfat edib. Penitensiar Xidmətin Tibb İdarəsi Novruzəli Məmmədovun baş-beyin işemik infarktından öldüyünü açıqlayıb.
XS
SM
MD
LG