Accessibility links

Siyasi məhbus məsələsi AŞPA-nın müzakirəsində


Siyasi məhbuslara dair qətnamə layihəsi AŞPA-nın payız sessiyasında müzakirə ediləcək.

Siyasi məhbuslara dair qətnamə layihəsi AŞPA-nın payız sessiyasında müzakirə ediləcək.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Məsələləri və İnsan Haqları Komitəsi, Almaniya Parlamentinin deputatı Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsini təqdir edib.
Turan Agentliyinin məlumatına görə, komitənin iclası mətbuat üçün qapalı olub. Odur ki, təfərrüatları hələlik məlum deyil.
Eyni zamanda, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Turan Agentliyinə bildirib ki, qətnamə layihəsi 26 səs “lehinə”, 22 səs “əleyhinə” qəbul edilib və baxılmaq üçün AŞPA-nın payız sessiyasına çıxarılacaq.
Cənab Seyidovun sözlərinə görə, məruzə “Azərbaycan üzrə deyil, ümumilikdə siyasi məhbuslar problemi üzrə hazırlanıb”. Eyni zamanda o qeyd edib ki, azərbaycanlı deputatlar sənədin əleyhinə səs verib. S.Seyidov nə üçün azərbaycanlı deputatların sənədin “əleyhinə” səs verdiklərinə aydınlıq gətirməyib.
AŞPA-dakı məlumatlı mənbə Turana bildirib ki, diskussiya kəskin xarakter daşıyıb və konkret olaraq Azərbaycanla bağlı məsələləri əhatə edib.
Azərbaycandan olan 30 hökumətyönlü QHT-nin bəyanatı iclas iştirakçıları arasında yayılıb. Bəyanatda Ştrasserin məruzəsinin qeyri-obyektiv xarakter daşıdığı qeyd olunub. Belə ki, o, Azərbaycana gəlmədən sənədi hazırlayıb. Lakin bu QHT-lərin sənədi qeyri-obyektiv hesab etməsinin səbəbi məlum deyil.
Cənab Ştrasser bu gün mətbuat konfransı keçirəcək.
Qeyd edək ki, o 2009-cu ildə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edilib. Lakin, Azərbaycan hakimiyyəti bu illər ərzində siyasi məhbus termininin dəqiq təyininin olmadığını deyərək onu ölkəyə buraxmayıb.
XS
SM
MD
LG