Accessibility links

Emin Milli: "Onsuz da Eurovision-a israf edilən pullar hansısa "Fil" layihəsinə xərclənəcəkdi"


Demokratiya tərəfdarı fəal, bloqer Emin Milli

Demokratiya tərəfdarı fəal, bloqer Emin Milli

Milli Demokratiya Fondunda çıxış edən gənc bloqer Azərbaycanda mümkün qədər çox böyük tədbir keçirilməsinin tərəfdarı olduğunu bildirib.

İyun ayının 26-sı Vaşinqtondakı Milli Demokratiya Fondunda "Mövcud təhlükə: İnternet idarəçiliyini dəyişmək səyləri və mətbuat azadlığına təsirlər" mövzusunda konfrans keçirilib. Tədbirin məruzəçiləri arasında hazırda Londonda təhsil alan azərbaycanlı bloqer Emin Milli də olub. Qlobal Şəbəkə Təşəbbüsündən Suzan Morqanın moderatoru olduğu tədbirdə danışan azərbaycanlı bloqer sözünün əvvəlində bu ilin payızında Azərbaycanda Beynəlxalq İnternet İdarəçiliyi Forumunun (IGF) keçiriləcəyini xatırladıb və belə dünya miqyaslı tədbirlərin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Böyük tədbirlər ölkədəki demokratiya tərəfdarlarına sözlərini beynəlxalq aləmə çatdırmaq üçün kiçik pəncərə açır

Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılova barədə bir neçə ay əvvəl baş vermiş şantaj faktı haqda məlumat verən Emin Milli məsələni bu konfransda vurğulamasını belə əsaslandırıb: "Hələ də internetdə mövcud olan bu videonu yerləşdirən serverin hostinqi Texasdadır. Bu şirkətlə əlaqə saxlayıb videonu internetdən götürməyə çalışsaq da, mümkün olmadı. Onlar sadəcə hostinqi pozmağı rədd etdilər. Məncə internet tənzimləmələri barədə danışarkən bu sual müzakirə üçün çox maraqlı olardı. Belə vəziyyətlərdə nə edilməlidir? Bu suallara cavab tapılmalıdır".

Daha sonra Emin Milli Eurovision mahnı müsabiqəsi kimi Azərbaycanda keçiriləcək IGF tədbirinin də ölkədəki demokratiya tərəfdarlarına sözlərini beynəlxalq aləmə çatdırmaq üçün kiçik pəncərə açacağını bildirib. "Eurovision-un boykotunun əleyhinə idim. Çünki fikrimcə Azərbaycanda böyük tədbirlərin keçirilməsi yaxşıdır. Onsuz da bura xərclənəcək pullar hər hansı bir "Fil" layihəsi və ya Meksikada, Serbiyada park salınması, yaxud da Strasburqda kilsə təmiri ilə israf olunacaqdı. Ancaq belə tədbirlərin Azərbaycanda keçirilməsi bizə beynəlxalq arenaya çıxmağa kömək edir. Ona görə mən hətta sizlərdən xahiş edərdim ki, Azərbaycanda mümkün qədər çox böyük tədbirlər keçirməyə çalışın" - deyə o bildirib.

Gənc bloqer habelə Azərbaycanda baş verən absurd hadisələrin Amerikadakı satirik proqramlara çıxarılmasının faydasını da vurğulayıb.

Tədbirin sual-cavab hissəsində söz alan Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Emin Millinin fikirlərinə cavab olaraq bildirdi ki, IGT tədbiri Azərbaycan hökuməti tərəfindən deyil, BMT tərəfindən təşkil edilir və Azərbaycan tədbirin yüksək səviyyədə təşkili üçün bütün səylərini səfərbər edir. O, Azərbaycanda internetin azad olduğunu və əhalinin 65 faizinin internetə çıxışı olduğunu, o cümlədən qiymətin 10 dəfəyədək azaldıldığını bildirib. "Xədicə İsmayılova barədə məsələyə gəldikdə onun şəxsi həyatına müdaxilə hökumət tərəfindən də tənqid olunub və istintaq davam edir. Bundan başqa yəqin ölkə də bəzi problemlər var, amma hökumət bu problemlərin həllində maraqlıdır" - deyə o bildirdi.

Kilsə təmisi məsələsinə də münasibət bildirən səfirliyin əməkdaşı bu vəsaitin israf edilmədiyini dedi. Onun sözlərinə görə, mədəniyyətlərarası, dinlərarası danışıqları önə çəkmək Azərbaycanın yürütdüyü siyasətdir. Diplomat kilsənin təmiri ideyasının da dinlərarası əlaqələrinin yaxşılaşdırımasının bir hissəsi olduğunu dedi.
Emin Milli isə Azərbaycanın adi avtoritar rejim olmadığını düşünür. Azərbaycanda 2010-cu ildə həbsdə olarkən məhbəsdəki səsvermə şəraitini izah edən gənc bloqer bildirdi ki, bülletenlər məhbuslara qapalı şəkildə verilirdi və onların hətta kimə səs verdiklərini görmək imkanları olmurdu. "Mən hökumətimi təbrik etmək istəyirəm. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri hazırda Azərbaycan vətəndaşı olur, Azərbaycanda biznes sahibi olur və hakim partiyanın üzvü olur. Ona görə, Azərbaycanda hər hansı rəsmi ilə mübahisə etmək çox çətin olur" - deyə Emin Milli vurğuladı.
Xatırladaq ki, Emin Milli 2009-cu ildə Bakıda həbs edilərək 2.5 il müddətinə azadlıqdan məhrum edilib. Bir il yarım həbsdə qalan fənc fəal 2010-ci ildə əfv fərmanı ilə sərbəst buraxılıb. Bir çox beynəlxalq təşkilatlar bloqerin həbsini onun internetdəki aktiv ictimai fəaliyyəti ilə əlaqələndirib.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG