Accessibility links

FİFA prezidenti U-17 dünya çempionatına hazırlığı yüksək qiymətləndirib


FİFA prezidenti Jozef Blatter

FİFA prezidenti Jozef Blatter

Azərbaycanda sentyabrın 22-də 17 yaşına qədər qızlar arasında futbol üzrə dünya çempionatı başlayır

FİFA prezidenti Yozef Blatter (Joseph S.Blatter) Azərbaycanda sentyabrın
22-də start götürən 17 yaşına qədər qızlar arasında futbol üzrə dünya çempionatının təşkilini müsbət qiymətləndirib.

“Bu çempionat FİFA-nın digər belə yarışları kimi yüksək səviyyədə təşkil edilib”, deyə Blatter cümə günü Four Seasons otelində keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, Azərbaycan FİFA-nın bütün tələblərini yerinə yetirib.

Blatter hazırlanmış infrastrukturdan məmnunluğunu ifadə edib. Oyunların kiçik stadionlarda keçirilməsi onun xüsusi rəğbətinə səbəb olub.

“Oyunları ağzına kimi dolmuş kiçik stadionlarda keçirmək böyük arenalarda tribunaların yarısının boş qalmasından daha yaxşıdır. Yaponiyada iyirmi yaşlılar arasında dünya çempionatında bu cür yarışlar üçün böyük stadionlardan istifadənin məqsədəuyğun olmadığından bir daha əmin olduq”, deyə Blatter qeyd edib.

O, Azərbaycan prezidenti İlham Əliyevin çempionatın təşkilinə şəxsi dəstəyini məmnuniyyətlə qeyd edib. Blatter adı çəkilən U 17 dünya çempionatını qadın futbolunun inkişafı nöqteyi-nəzərdən mühüm tarixi hadisə adlandıraraq, yarışın yeni coğrafi regionda keçirilməsinə diqqət çəkib.

Dünya çempionatının açılışı da unikallığı ilə fərqlənəcək. Tədbirin şou-proqramını Cirque du Soleil hazırlayıb. Bundan başqa, tamaşaçılar qarşısında dünya ulduzu Cennifer Lopez də çıxış edəcək, deyə Blatter qeyd edib.

Azərbaycanın Gürcüstanla birlikdə Avro-2020-ni keçirmək şanslarını qiymətləndirən Blatter deyib ki, Azərbaycan böyük yarışların keçirilməsi təşəbbüsü ilə ilk dəfə çıxış etmir. Bu mənada, hazırki çempionat infrastrukturu və beynəlxalq turnirlər keçirmək qabiliyyətini nümayiş etdirmək üçün yaxşı imkandır. “Bu, bir növ məşqdir”, deyə Blatter bildirib.
Azərbaycan yığmasının şansları ilə bağlı şərh vermək xahişinə Blatter “cəmi bir neçə yoldaşlıq oyunu” gördüyünə istinad edərək, komandanın şansları ilə bağlı şərh verməyib. Bununla belə, o qeyd edib ki, yarış bütün yığmalar üçün asan olmayacaq.

Öz növbəsində, AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolçularının özlərini ən yüksək səviyyədə göstərəcəyinə ümid etdiyini bildirib.

FİFA nümayəndəsi Tatyana Xayenni favoritlər haqqında suala cavabda qeyd edib ki, futbol proqnozlaşdırıla bilmədiyi üçün gözəldir.

Qeyd edək ki, çempionatda 4 qrupda 16 komanda iştirak edir:

a) Azərbaycan, Kolumbiya, Nigeriya və Kanada;
b) Fransa, ABŞ, Şimali Koreya və Qambiya;
c) Meksika, Yeni Zelandiya, Braziliya və Yaponiya;
d) Uruqvay, ÇXR, Qana və Almaniya.

Qruplarda ilk iki yeri tutan komandalar dörddə bir final oyunlarında mübarizəni davam etdirəcəklər. Bu mərhələnin qalibləri yarımfinal oyunlarında görüşəcək və finalçılar bəlli olacaq. Yarışlar oktyabrın 13-də başa çatacaq.

Oyunlar 6 stadionda keçiriləcək (5-i Bakıda, 1-i Lənkəranda).
Sentyabrın 22-də ilk oyunlar keçiriləcək: Nigeriya-Kanada, Azərbaycan-Kolumbiya.
Qeyd edək ki, bu, 17 yaşına qədər qızlar arasında üçüncü dünya çempionatıdır.
XS
SM
MD
LG