Accessibility links

Livan paytaxtı Beyrutda minlərlə adam qətlə yetirilmiş kəşfiyyat zabitinin dəfn mərasiminə toplaşıblar. Vissam əl-Həsənin qətlində Suriyanı ittiham edən izdiham Livan baş naziri Nacib Mikatinin istefasına çağırıb.

Silahlı əsgərlər və polis qüvvələri dəfn mərasiminin keçirildiyi Şəhidlər Meydanında patrul çəkiblər.

Çoxları əllərində sünnilərə məxsus müxalifətçi Gələcək Partiyasının göy bayraqlarını yelləyiblər. Başqaları isə Livanın palıd ağacını təsvir edən milli bayrağını dalğalandırıblar. Bəziləri islamçıların qara bayraqları və Suriya üsyançılarının bayraqlarını qaldırıblar.

47 yaşlı briqada generalı Vissam əl-Həsən cümə günü Beyrutun Ərəfiyyə məhəlləsində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub. Sabiq baş nazir Saad Həririyə yaxınlığa ilə tanınan sünni general avqustda Suriya prezidenti Bəşar əl-Əsədin tərəfdarı olan nazir tərəfindən hazırlanan terror əməliyyatını ifşa etmişdi.

Saad Həriri minlərlə tərəfdarını dəfn mərasiminə çağırmış və başqa müxalifət lideri Valid Cumblata qoşularaq terror aktına görə Suriya prezidenti Bəşar əl-Əsədi günahlandırmışdır.
XS
SM
MD
LG