Accessibility links

Prezidentliyə namizədlər yekun debatda xarici siyasəti müzakirə etdilər


Prezidentliyə namizədlər Barak Obama və Mitt Romni üçüncü və final debatda xarici siyasət barədə baxışlarını ictimaiyyət qarşısında təqdim etdilər.

Prezident Obama son dörd ildə əldə etdiyi nailiyyətləri, başlıca olaraq Əl-Qaida lideri Osama bin Ladenin öldürülməsini və Amerikanın strateji maraqlarının qorunmasını önə çəkdi. Demokrat prezident İrana qarşı sanksiyaların effektiv olduğunu vurğuladı və Yaxın Şərqdə cərəyan edın inqilabi proseslərdə Amerikanın oynadığı rolu müdafiə etdi.

Respublikaçı namizəd Mitt Romni prezidentin xarici siyasətini tənqid edərək onun strategiyasının Əl-Qaida təhlükəsini aradan qaldırmadığını bildirdi.

“Əl-Qaida qaçmağa üz qoymayıb. Onlar gizlənmirlər. Bu qrup indi 10-12 ölkədə aktivdir,” deyə cənab Romni terror şəbəkəsinin tam məğlub edilmədiyini önə çəkdi.

Mən şadam ki, sən indi Əl-Qaidanı təhlükə kimi görürsən, çünki bir neçə ay öncə sənin gözündə Amerikanın üzləşdiyi ən böyük geosiyasi təhlükə Əl-Qaida deyil, Rusiya idi

Öz tərəfindən cənab Obama Respublikaçı namizədi dünya səhnəsində qeyri-sabit lider kimi təsvir etməyə çalışdı. O, cənab Romninin strategiyasının qarışıq olduğunu söylədi.

“Mən şadam ki, sən indi Əl-Qaidanı təhlükə kimi görürsən, çünki bir neçə ay öncə sənin gözündə Amerikanın üzləşdiyi ən böyük geosiyasi təhlükə Əl-Qaida deyil, Rusiya idi.”

“Mənə hücum etmək plan deyil,” deyə cənab Romni cavab qaytardı. Respublikaçı namizəd prezident Obamanı Rusiya kimi ölkələrə sadəlövh yanaşmada ittiham etdi.

İrana gəldikdə prezident Obama öz administrasiyasının tətbiq etdiyi sanksiyaların İslam Respublikasını diz çökdürdüyünü qeyd etdi. O, İranın heç vaxt indiki kimi zəif durumda olmadığını bildirdi və amerikalıları əmin etdi ki, onun prezidentliyi dönəmində İran atom bombası əldə etməyəcək.

Respublikaçı namizəd İranın nüvə proqramının qarşısının alınması üçün konkret işlər görülmədiyini və Barak Obamanın Yaxın Şərqlə bağlı apologist siyasət yürütdüyünü söylədi.

“Sən prezident olduqdan sonra Yaxın Şərqə etdiyin ilk səfərdə Amerikanın bəzi məqamlarda başqa ölkələrə diktə etdiyini demişdin. Amerika başqa millətlərə diktə etməyib. Amerika başqa millətləri diktatorlardan azad edib,” deyə Mitt Romni bildirdi.
Sən prezident olduqdan sonra Yaxın Şərqə etdiyin ilk səfərdə Amerikanın bəzi məqamlarda başqa ölkələrə diktə etdiyini demişdin. Amerika başqa millətlərə diktə etməyib. Amerika başqa millətləri diktatorlardan azad edib



Debat əsasən xarici siyasət mövzusuna həsr olunsa da ara-sıra namizədlər ABŞ, iqtisadiyyatı haqda danışır və prezident seçildikləri təqdirdə Amerika iqtisadiyyatını dirçəltməklə ölkəni beynəlxalq səhnədə gücləndirəcəklərini önə çəkdilər.

Prezident Obama əsas diqqətin ölkənin daxili durumuna yetirilməli olduğunu və Amerikanı daxildən gücləndirməyin vacibliyindən danışdı.

Mitt Romni güclü iqtisadiyyat olmadan güclü xarici siyasət yürütməyin qeyri-mümkün olduğunu deyərək prezident olduğu təqdirdə ABŞ-ın iqtisadi qüdrətini bərpa edəcəyini söylədi.
XS
SM
MD
LG