Accessibility links

Bloq: Uşaqlığın İrsi


Uşaqlıqda döyülmüsənmi? Ailə üzvünü itirmisənmi? Valideynlərin boşanıbmı? Ailədən kimsə həbs edilibmi? Əqli baxımdan anormal elan olunmusanmı? Bu kimi suallara verilən cavablar adamın yaşa dolduqca üzləşəcəyi taleyi müəyyən edə bilər. “Uşaqlıqda alınan psixoloji travma ilə yaşa doldquca baş verənlər arasında sıx əlaqə var,” deyə New York Times qəzetinin yazarı David Brooks psixoloji araşdırmanın nəticələrinə nəzər salır.


1990-cı illərdə psixoloqlar Vincent Felitti və Robert Anda 17000 əsasən ağdərili amerikalı 10 kateqoriya üzrə uşaqlıq travması kimi dəyərləndirilən suallara cavab verməyi xahiş etdilər. Verilən 10 sualdan dördünü müsbət cavablandıran adamın aloholikə çevrilmək ehtimalı sualların hamısına mənfi cavab vermiş adamlardan yeddi dəfə çoxdur. Bu növ adamların 15 yaşına çatmazdan əvvəl cinsi əlaqəyə girmək şansı altı dəfə çoxdur. Belə adamlar habelə iki dəfə artıq xərçəng xəstəliyinə, və dörd dəfə artıq emfizemaya tutulmağa şanslıdırlar. Altıdan artıq suala müsbət cavab verən adamlar isə 30 dəfə çox (!) intihara meylli olurlar.

Paul Tough Uşaqlar Necə Müvəffəq Oldular kitabında uşaqlarda baş verənləri belə təsvir edir. Uşaqlıq stresinin uzun müddət sürən neyro-effektləri var. Bunlar isə özünə-nəzarəti, diqqəti cəmləşdirməyi, özünü məmnun etmək hissini gecikdirməyi və xoşbəxt həyata yol açan bir çox xüsusiyyətlərə yiyələnməyi çətinləşdirir. David Brooks-un sözlərinə görə uzun müddət siyasi liderlər təhsil siyasətində material-büroktraik faktorlara önəm veriblər – məktəbin keyfiyyəti, qidalanma, sinif həcmi kimi cəhətlərə diqqət yetiriblər. Amma reallıq göstərir ki, uşaqların psixoloji durumu onların nailiyyətlərində kifayət qədər əhəmiyyətli rol oynayır. Psixoloqlar müəyyən ediblər ki, yüksək həvəs, özünə-nəzarət və prinsipiallıq sırf intellektual bacarıq qədər mühümdür.

Uşaqlıq dönəmində baş verənlərin insan həyatında fundamental rol oynadığını düşünən təkcə psixoloqlar deyil. Bir çox tarixçilər qəddar diktatorların davranışlarını izah etməyə çalışarkən onların keçmişlərinə nəzər salmağı vacib hesab edirlər. Travmatik uşaqlıq illəri əksər diktatorların malik olduğu başlıca xüsusiyyətdir. Adolf Hitlerin atası Alois Hitler 1838-ci ildə Maria Anna Şiklburgerin qeyri-legitim övladı olmuşdu. Bütün həyatı boyu ənənəvi alman cəmiyyətində üzərində belə bir “ləkə” gəzdirən Alois ailə üzvləri ilə, ələlxüsus gənc Adolfla münasibətlərdə içərisində gəzdirdiyi qəzəbi tez-tez büruzə verirdi. 11 yaşında sevimli qardaşı Edmundu itirməsi isə Hitlerin erkən həyatında ən travmatik hadisə olmuşdu. Uşaq yaşında doğma qardaşını itirən başqa diktator Səddam Hüseyndir. Səddamın 13 yaşlı qardaşı xərçəng xəstəliyindən vəfat etmişdi. Hələ doğulmamışdan öncə atasını itirən Səddam həyatının ilk üç ilini əmisi ilə keçirməli olur. Ondan sonra Tikritə qayıdan Səddam ögey atası İbrahim əl-Həsən tərəfindən az qala gündə döyülürdü. İş o həddə çatır ki, Səddam evdəki zülmün əlindən 10 yaşında Bağdada qaçmağa məcbur olur. Sovet diktatoru İosif Stalin də evdə tez-tez döyülərdi. Onu isə oğey yox, doğma anası Ketevan Geladze döyərdi. Sonradan Stalin anasından soruşanda “Ana, məni niyə belə sərt döyürdün?” Ketevan cavab vermişdi: “Bax, ona görə də sən belə yaxşı çıxdın.”

XS
SM
MD
LG