Accessibility links

ABŞ rəsmiləri supertufanın vurduğu ziyanın miqyasını müəyyənləşdirirlər


Fövqəladə hallar üzrə rəsmilər ABŞ-ın şərq sahilləri boyunca Sendi qasırğasının vurduğu ziyanı dəyərləndirirlər. Artıq qasırğanın ABŞ-da 28 adamın ölümünə bais olduğu deyilir.

Prezident Barak Obama Nyu-York və Nyu-Cersi ştatlarını “fəlakət zonaları” elan edib. Burada tufan okean səthi ilə bərabər olan ərazilərdə daşqınlar yaradıb, binaları zədələyib və çox yerlərdə işıqların kəsilməsinə səbəb olub.

Çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Nyu-York meri Maykl Blumberq şəhərin tunellərinin bağlandığını elan edib və 750 min adamın hazırda işıqsız qaldığını deyib.

Nyu-York Səhm Birjası ikinci gün ardıcıl olaraq bağlı qalıb. 1988-ci ildən bəri ilk dəfədir ki, iki gün ardıcıl olaraq səhm birjası bağlı qalır.

Nyu-Cersidə bir çox şəhərləri su basıb. Azı 800 adam evakuasiya olunub.

Ştatın qubernatoru Kris Kristi məşhur kurort zonasının ciddi dağıntılara məruz qaldığını deyib. Adətən Barak Obamanı tənqidinə görə tanınan Respublikaçı qubernator prezident Obamanı göstərdiyi səylərə görə alqışlayıb. O, federal fövqəladə hallar rəsmilərinin “əla” işlədiklərini bildirib.

Şərq sahilləri boyunca başqa şəhərlər, o cümlədən Vaşinqton da iflic olub. Burada kütləvi nəqliyyat sistemi dayanmış, aeroportlar bağlanmış və milyonlarla adam işə getməmişdir.
XS
SM
MD
LG