Accessibility links

Prezident seçkilərinə cəmi bir gün qalmış namizədlər səsvermədə həlledici əhəmiyyət kəsb edəcək ştatlarda seçicilərlə görüşləri davam etdirirlər.

Viskonsin ştatında seçki nümayişində çıxış edən prezident Obama Respublikaçı namizəd Mitt Romnini keçmişin pis ideyalarını yenidən gündəmə gətirməkdə ittiham edərək Amerika xalqının güclü orta sinif olmadan müvəffəq ola bilməyəcəyini deyib.

“Bizim döyüşümüz davam edir, çünki biz bilirik ki, Amerika həmişə uğurlu olub. Hər kəsə imkan veriləndə, hər kəs öz üzərinə düşəni edəndə, hər kəs eyni oyun qaydalarına riayət edəndə, biz həmişə firavan olmuşuq. Bizim inandığımız budur! Siz buna görə 2008-ci ildə məni seçdiniz və buna görə də mən ikinci dönəm prezidentlik uğrunda yarışıram,” deyə Demokrat prezident Barak Obama bildirib.

Sübh çağı Florida ştatının cənubunda Respublikaçı prezidentliyə namizəd Mitt Romni tərəfdarlarına söyləyib ki, Demokrat prezident verdiyi vədlərə əməl etməyib.

“Bu prezident çoxlu dəyişiklik vəd etmişdi. Amma dəyişiklik nitqlə ölçülmür. Bu, nailiyyətlərlə ölçülməlidir. Dörd il bundan öncə namizəd Obama o qədər şey vəd etmişdi ki. Amma o, o qədər az şeyə nail oldu ki,” deyə cənab Romni bildirib.

Siyasi təhlilçilər bildirirlər ki, ölkənin 50 ştatından yalnız bir neçəsi seçkilərin taleyini həll edəcək. Belə ki, əksər ştatlar böyük səs fərqi ilə ya Mitt Romniyə yaxud da Barak Obamaya səs verəcəklər.

ABŞ-da seçkilər ümummilli səsvermə yolu ilə deyil, elektoral kollegiya yolu ilə müəyyənləşir ki, bu, da ştatların səsvermədə fərdi əhəmiyyətini artırır. Ştatların elektoral kollegiya səsləri onların əhalilərinə uyğun müəyyən olunur.

Prezident Obama bu gün mərkəzi ştatlar olan və həlledici döyüş meydanları sayılan Viskonsin, Ohayo və Ayovada olacaq. Cənab Romni də Ohayoya, oradan Virciniya və daha sonra seçki kampaniyasının başlanğıc nöqtəsi olan Nyu Hempşirə gedəcək.

Erkən səsvermədən yararlanan milyonlarla seçici artıq səs verib. Amma elektoratın mütləq əksəriyyəti çərşənbə axşamı məktəblər, kilsələr və başqa icma mərkəzlərinə axışaraq orada quraşdırılmış səsvermə məntəqələrində siyasi iradələrini ifadə edəcəklər.

Prezident seçkiləri ilə bərabər ABŞ Nümayəndələr Palatasının bütün 435, və 100 üzvlük Senatın 33 yeri uğrunda yarışlar gedir. Təhlilçilər Respublikaçıların Nümayəndələr Palatasındakı çoxluğu əldə saxlayacaqlarını, Demokratların isə Senatdakı cüzi üstünlüyü qoruyacaqlarını proqnozlaşdırırlar.

XS
SM
MD
LG