Accessibility links

Antoni Bouyer: “Gənclər demokratiyanın mühərrikidir.” [Video]


Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) Avropa və Asiya üzrə baş tədqiqatçısı Antoni Bouyer Amerikanın Səsinə müsahibədə Cənubi Qafqazda, ələlxüsus Azərbaycanda seçki atmosferini şərh edib. Cənab Bouyerin sözlərinə görə qarşıdan gələn seçkilərdə şəffaflığı və vətəndaş fəallığının təmin edilməsi olduqca mühümdür.

Sual: Bu il Azərbaycanda seçki ilidir. Siz bu il hansısa dəyişikliklər və ya sürpriz gözləyirsinizmi?

Cavab: Mən nəticələri proqnozlaşdırmağı sevmirəm. Zənnimcə Azərbaycanda hazırkı situasiyaya baxmaq lazımdır. Keçmişdə Azərbaycanda seçkilər problemli olub. Ən mühüm amil seçkilərdə şəffaflığı və insanların prosesdə iştirakını təmin etməkdir. Həm seçicilərin, həm də müxalifət namizədlərinin seçkilərə qatılması vacibdir.

Sual: Son illərdə biz Gürcüstanda və hətta Ermənistanda seçki prosesinin qismən təkmilləşməsinin şahidi olmuşuq. Sizcə bu gəlişmələrin Azərbaycana təsiri ola bilərmi?

Cavab: Həqiqətən də bu il Cənubi Qafqazda biz müəyyən dəyişikliklər görmüşük. Siz Gürcüstandakı seçkiləri qeyd etdiniz. Bu seçkilər böyük dəyişikliklərlə müşayiət olundu və tərəflər səsvermənin nəticəsinə hörmətlə yanaşdılar. Ermənistandakı seçkilər keçmişə nisbətən daha yaxşı qəbul olundu. Bəzi aspektlərdə qüsurlar qaldı. Amma Ermənistan Milli Konqresinin parlamentə buraxılması təmin olundu. Ümumən baxdıqda biz geniş regionda liderlərin uzun müddət vəzifələrində qaldıqlarını görürük. Bu il Cənubi Qafqaz üçün seçkilər baxımdan zəngin il olacaq. Mən bu ölkələrdə liderliklərin ciddi şəkildə dəyişəcəyini güman etmirəm. Fikrimcə biz indiki vəziyyətlə 5-10 il bundan qabaqkı durumu müqayisə etməliyik.

Sual: Yaxın qonşuları Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda durum necədir?

Cavab: Fərqli olanı sosial-siyasi atmosferdir. Gürcüstanda sosial medianın meydana çıxması ilə vəziyyət əsaslı şəkildə dəyişib. Sosial media əhalinin bütün qatlarına sirayət edib. Bu tendensiya demokratiyanın mühərriki olan gənclər arasında daha çox nəzərə çarpır. Demokratiya məhz burada kök salır və təcrübənin uğurlu olması üçün bu alınmalıdır. Yaxud biz Rusiyada bloqosferdə canlanma müşahidə edirik. Lakin hələlik sosial mediada baş verən dəyişiklikləri real siyasi dəyişikliklərə çevirmək çətin olub. Gürcüstanda müxalifət partiyası bundan müvəffəqiyyətlə yararlanaraq qələbə çala bildi. Amma mən əmin deyiləm ki, hələlik Azərbaycan, Ermənistan və Rusiya kimi ölkələrdə belə bir mümkünat var.

Sual: ABŞ Azərbaycan kimi ölkələrdə demokratiyanın təşviqi üçün nə kimi addımlar ata bilər?

Cavab: Vacib amil strateji təmasdır. Bu həm sivil cəmiyyət təşkilatları, həmçinin hökumət orqanları ilə həyata keçirilməlidir. Yeni qanunların qəbul olunduğu Rusiyada bunu etmək çətinləşib. Amma bizə rəngarəng qüvvələrlə işləmək lazımdır. Məsələn IFES ötən noyabrda Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovu ABŞ-da seçkiləri izləməyə dəvət etdi. O, ötən il ABŞ-da seçkiləri müşahidə etdi – medianın seçkiləri necə əhatə etməsini gördü. Bu təmaslar mühümdür. Əlbəttə bu, hər şeyi həll etməyəcək, ancaq Cənubi Qafqaz ölkələri ilə demokratiya təcrübəsini paylaşmağın yalnız müsbət effekti ola bilər.
XS
SM
MD
LG