Accessibility links

Video

İsa Qəmbər: Gerçək addım - parlamentin buraxılması


Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsinə video müsahibəsində ölkədəki son durumdan, gələcək perspektivlərdən danışıb. Sual: Ölkədəki son durumu necə qiymətləndirirsiniz? Cavab: Hakimiyyət köklü dəyişikliklər etmək şansını demək olar ki, əldən buraxıb. Biz zaman-zaman Müsavat Partiyası, demokratik düşərgə olaraq təklif edirdik ki, parlament buraxılsın və ciddi islahatlara başlansın, “Seçki Məcəlləsi” təkmilləşdirilsin, azadlıqlar genişləndirilsin, ölkədə normal seçkilər keçirilsin. Hökumət artıq bu şansı əldən verib. Göründüyü kimi ölkədə xalqın narazılığı gündən-günə artır və bu müxtəlif formalarda təzahür edir. Hesab edirəm ki, hakimiyyət təcili surətdə azadlıqların artırılması, insanlara qarşı repressiyalara, təhqiramiz münasibətə son qoyulması istiqamətində konkret işlər görməsə, bu proses seçkilərə qədər də hakimiyyət üçün də aydın bir sonluqla bitə bilər. Sual: Fikrinizcə hakimiyyət vəziyyətdən çıxış üçün nə etməlidir? Müxalifətlə dialoq təklifləri niyə həyata keçirilmir? Quba, Binə, İsmayıllı hadisələri, sonra nə olacaq? Cavab: Bu hakimiyyətə veriləcək bir sualdır. Hakimiyyət bu suallara öz əməlləri ilə cavab verib: Dialoqa yox, qarşıdurmaya maraqlıdırlar. Mənim Lənkərana səfərlərimin qarşısı alındı. İsmayıllıya yarım saatlığa getdiklərinə görə Tofiq Yaqublu və İlqar Məmmədov həbs edilib. Nigar Yaqublunun indiyədək həbsdə saxlanması, Quba, Binə, İsmayıllı hadisələri, dini azadlıqlarla bağlı həbsdə olanlar, digər həbslər. Siyasi məhbuslar kütləvi şəkildə azad olunmalıdır və hakimiyyət öz məmurlarına qarşı cəza tədbirlərinə keçməlidir. İnsanları qəzəbləndirən, insanların gözündə bu hakimiyyətin simvoluna çevrilənlər qanun qarşısında cəzalarına çatmalıdır. Əslinə qalsa mənim dediklərim kosmetik addımlardır. Bu, məmurların cəzalandırılmasını mən kosmetik hesab edirəm. Gerçək addım isə parlamentin buraxılması olmalı idi və hakimiyyət ciddi islahatlara başlamalı idi. Düşünürəm ki, hakimiyyət bu şansı əldən verdi. Sual: Seçkiqabağı situasiyanı, vəziyyəti necə qiymətləndirirsiniz? Prezidentliyə namizədliyə iddialı, Müsavat Partiyasının başqanı İsa Qəmbəri hələ də regionlara buraxmırlar, müxtəlif maneələr yaradırlar. Növbəti aylarda, günlərdə digər regionlara da səfəriniz planlaşdırılırmı? Cavab: Səfərlər planlaşdırılır və biz səfərlərimizə gedəcəyik. Biz bunu çox önəmli hesab edirik. Həm xalqla görüşmək, onların fikirlərini eşitmək, öz təkliflərimizi onlara çatdırmaq baxımından bu önəmlidir. Həm də göründüyü kimi hakimiyyətin ölkədə nə cür vəziyyət yaratdığını, hakimiyyətin siyasətçilərin, ictimai xadimlərin bölgələrə getməsinə imkan vermədiyini, əslində biz hakimiyyətin müxalifətlə xalqın bütünləşməsindən qorxduğunu aydın bir şəkildə ortaya çıxardıq. Bu da görünməli idi. Bu olmayanda hakimiyyət iddia edir ki, ölkədə heç bir problem yoxdur, bütün azadlıqlar mövcuddur. Ancaq, biz konkret addımlarımızla bu azadlıqların mövcud olmadığını və hakimiyyətin xalqdan da, müxalifətdən də, xüsusən müxalifətlə xalqın bütünləşməsində nə dərəcədə qorxduğunu ortaya qoymuş olduq, sübut etmiş olduq. Bizim səfərlərimiz davam edəcək. Sual: Kortəbii xalq hərəkatlarına gələcəkdə müxalifət rəhbərlik edə bilərmi? Yəni bu kortəbii hərəkatlarla siyasi müxalifət birləşə bilərmi? Cavab: Demokratik qüvvələr, müxalifət və Müsavat olaraq mübarizənin yalnız dinc üsullarını qəbul edirik. Hakimiyyətin yanlış siyasəti nəticəsində isə insanlar kortəbii şəkildə üsyanlara qalxırlar. Təbii ki, biz istəyərdik ki, bu proseslər daha mütəşəkkil şəkildə davam etsin. Ancaq bunun belə olmasının günahkarı hakimiyyətdir. Biz xalqla təmaslara üstünlük veririk, çalışırıq bu təmaslar olsun. Elə Tofiq Yaqublunun da, digər ictimai-siyasi xadimlərin də bölgələrə səfəri bununla bağlı idi. Hesab edirəm ki, hakimiyyət bunun qarşısını ala bilməyəcək. Hökumətin bütün repressiyalarına baxmayaraq bölgələrə səfərlərimiz və insanlarımızla birgə hərəkət eləmək istiqamətində addımlarımız davam edəcək.

XS
SM
MD
LG