Accessibility links

Azərbaycan şəhərlərində çoxları tərəfindən sevilən və “Tıraxtor” kimi tanınan Təbrizin “Traktorsazi” komandası ilk dəfə olaraq Asiya Çempionlar Liqası oyunlarında yarışacaq. Fevralın 26-da təbrizli futbolçular Birləşmiş Ərəb Əmirliklərinin Əl-Cəzirə komandası ilə qarşılaşacaq.

Hər il İran milli futbol çempionatının üç qalib komandası Asiya Çempionlar Liqasında oynamağa vəsiqə qazanır. Bu ilki Asiya oyunlarında Tıraxtorla bərabər İsfahanın “Sepahan” və Tehranın “Esteqlal” klubları iştirak edirlər. Liqada birinciliyi qazanan komanda FİFA Klublararası Dünya Kuboku oyunlarına daxil olacaq.

Tıraxtur azarkeşlərinin saytları və facebook səhifələri “Tıraxtor və Tıraxtorçular Asya oyunlarına hazırlaşır,” deyə elanlar verir. Saytlar yazır ki, Təbriz komandasının fanatları bu matçlarda Azərbaycan Türklərinin milli tələblərini beynəlxalq cəmiyyətlərə çatdırmaq üçün hazırlıq işləri görülür.

İllərdir ki, Tıraxtor İran Azərbaycanında təkcəcə idmansevərlərin deyil, milli fəalların da diqqət mərkəzində olub. Azərbaycan şəhərlərində baş qaldıran etiraz aksiyalarında İran İslam Respublikasının sərt güc tətbiqi və kütləvi həbslərlə üzləşən milli fəallar son illərdə futbol stadionlarını mübarizə meydanına çeviriblər.

Azərbaycan Türkləri mütəmadi qaydada Tıraxtorun matçlarında milli şuarlar səsləndirir, dil hüquqlarını tələb edir, irqçiliyi pisləyir, ekoloji böhranı və qadın haqları, hətta Xocalı qətliamı kimi bir çox məsələlərə diqqət cəlb edirlər. Urmiyə Gölü ilə əlaqəli ilk kütləvi etirazlar əsasən bu klubun tərəfdarlarının təşəbbüsü ilə həyata keçirildi.

İnsan haqları qrupları öz hesabatlarında bu günə qədər yüzlərlə həvəskarın təhlükəsizlik orqanları tərəfindən tutulduğunu xəbər veriblər. Komandanın milli mücadilənin simvoluna çevrilməsi bəzilərinin nəzərində Traktorsaziyə “Güneyin Barselonası” ləğəbini qazandırıb. Belə ki, Barselona İspaniyada azlıqda olan Katalanların sevimli komandası sayılır.

İranda rəsmi xəbər agentliklərinin yazdığına görə, Tıraxtor 2008-ci ildən bəri, stadionlara ən çox tərəfdar cəlb edən klub olub. Sadəcə İranın Azərbaycan vilayətləri deyil, Traktorsazi umumiyyətlə Türklərin yaşadığı bölgələr, o cümlədən Qaşqay Türkləri arasında da çox sevilən bir komandadır.

Klubun Portuqaliyadan olan baş məşqçisi Antonio Joze Oliveyra 34 illik oyunçuluq və məşqçilik həyatında Tıraxtor qədər sevilən bir klub görmədiyini deyir.

XS
SM
MD
LG