Accessibility links

Avstraliya kəşf edilənədək Köhnə Dünyanın adamları hesab edirdilər ki, bütün qu quşları ağ rəngdə olur. Əlbəttə, bu fakt özü-özlüyündə qeyri-adi heç nə demir. Amma filosof Nasim Talibin nəzərində həyatın mənasını anlamaq üçün qara qu quşu tapıntısının təhlili kifayət edir. Belə ki, bu tapıntı insanların həyat haqda təsəvvürlərinin fundamental şəkildə məhdud olmasını nümayiş etdririr və dünyanın sırf təsadüflər, gözlənilməz hadisələr üzərində qurulmasına təkzibedilməz bir sübutdur. Maraqlıdır ki, bu nəzəriyyəni irəli sürən adam vaxtikən birjalarda səhmlərin gələcək dəyərlərini proqnozlaşdırmaqla milyonlarla dollar qazanıb. Bəlkə də elə gündəlik həyatını yüksək riskli proqnozlarla yaşamaqdır ki, Nasim Talib kimi istedadlı (və varlı) bir mütəfəkkiri bu mövzuda belə ətraflı düşünməyə vadar edib. Yaxşı bəs filosof Nasim nə deyir?

Filosof Nasim Talib

Filosof Nasim Talib

Təsəvvür edin ki, siz 1913-cü ildə yaşayırsınız. Bundan sonra baş verə biləcək hadisələri proqnozlaşdırmaq üçün sizin əlinizdə hansı bilik var? 1913-cü ilədək baş vermiş hadisələr toplumu sizə qarşıda dayanan gələcək haqda nə məlumat verir? Nasim Talib suala sualla cavab verir: Kimin ağlına gələrdi ki, bir il sonra dünya miqyasında müharibə başlayacaq, nəhəng imperiyalar məğlubiyyət və inqilab girdabında məhv olacaqlar? Kimin ağlına gələrdi ki, bu müharibə qurtarandan 21 il sonra növbəti, əvvəlkindən qat-qat qanlı bir cahan müharibəsi başlayacaq ki, milyonlarla insanın həyatına son qoyacaq? Yaxud elə götürək yaxın keçmişi – yaşadığımız keçmişi. Kim güman edərdi ki, dünyanı lərzəyə salan, atom qüdrətli Sovet İttifaqı bir neçə ilin içərisində çilik-çilik olacaq? Ərəb Baharını, 40 ilin diktatoru Müəmmər Qəzzafinin bu cür sonluğa çatacağını kim proqnozlaşdırmışdı? Cavab bəllidir. Heç kim.

Kim güman edərdi ki, dünyanı lərzəyə salan, atom qüdrətli Sovet İttifaqı bir neçə ilin içərisində çilik-çilik olacaq? Ərəb Baharını, 40 ilin diktatoru Müəmmər Qəzzafinin bu cür sonluğa çatacağını kim proqnozlaşdırmışdı?

Filosof Nasim Talib hesab edir ki, dünya düzəni gözlənilməyən hadisələr üzərində qurulub ki, bunların əslində heç bir məntiqi izahatı yoxdur. Tektonik hadisələr baş verir, dünya büsbütün dəyişir. Amma insanlara daim elə gəlir ki, onların keçmiş haqda bilgisi və indiki durumu gələcək haqda nəsə deyə bilər. Adamlar təbiətən proqnoz verməyə meylli olur. Bunun asan izahı var. Sabaha heç bir gözlənti, ümid olmadan yaşamaq qeyri-mümkündür. İnsanları heyvanlardan fərqləndirən başlıca xüsusiyyət onların hər gün sıfırdan başlamaması, min illər boyu toplanmış bilik və kəşflərin üzərində irəli getməsidir.

Amma Nasim Talib hesab edir ki, bu, sadəcə illüziyadır. Məsələn, filosof bizə kəsilmək üçün bəslənən hind toyuğunu misal göstərir. Min gün yaxşıca yedizdirilən hind toyuğu tamamilə güman edə bilər ki, indiyədək onu necə yedizidirb-bəsləyiblərsə, bundan sonra həyat bu məcrada davam edəcək. Amma 1001-ci gün tam gözlənilməz hadisə baş verir – toyuq üçün. Onu kəsirlər.

​Əlbəttə insanlar hind toyuğu deyil. Onlar kəsilmək üçün bəslənmirlər. Amma insanların öz taleləri üzərində nə qədər nəzarəti var? Gözəl sentyabr günündə Nyu York şəhərində Dünya Ticarət Mərkəzində işləməyə gedən minlərlə adamdan hansının ağlına gələrdi ki, iki saatın içərisində həyatları cəhənnəmə dönəcək, onlardan bəziləri özlərini 82-ci mərtəbədən yerə atmağa məcbur olacaqlar? Yaxud 1940-cı ildə sakit həyat sürən milyonlarla sovet gəncinin ağlına gələrdimi ki, bir il sonra ölüm saçan pulemyotlarla istehkamlanmış alman mövqelərinə doğru yüyürəcəklər? Həyatı yarımçıq kəsilən bu milyonların taleləri nə dərəcədə proqnoza uyğun gəlirdi? Nasim Talibin doğma vətəni Livanda min illər boyu dinc, əmin-amanlıq şəraitində yaşamış toplumlar bir-birlərinə qənim kəsildilər, bir-birlərini amansız şəkildə qırdılar. Yazdıqlarından hiss olunur ki, vətəndaş müharibəsində şahidi olduğu zorakılıqlar Nasim Talibin bəşəriyyətə baxışında əbədi izlər qoyub.

Mənə bəzən qəribə gəlir ki, insanlar pis yeməkdən, soyuq çaydan, kobud davranışdan qəzəblənib əhvallarını korlayırlar. Biz tez unuduruq ki, bizim həyatda varlığımız özü fantastik və nadir bir bəxtin nəticəsidir.

Amma filosof bədbinliyə qapılmaq üçün əsas görmür. Əksinə. “Mənə bəzən qəribə gəlir ki, insanlar pis yeməkdən, soyuq çaydan, kobud davranışdan qəzəblənib əhvallarını korlayırlar. Biz tez unuduruq ki, bizim həyatda varlığımız özü fantastik və nadir bir bəxtin nəticəsidir. Yer kürəsindən milyard dəfə böyük bir planeti və onun yanında bir toz dənəcəyini təsəvvürünüzə gətirin. Həmin o toz dənəcəyi sizin mövcudluğunuza, nəhəng planet isə mövcudluğunuzun əleyhinə olan ehtimalların göstəricisidir. Ona görə də hər şeyi ürəyinizə salmayın. Bəy verən atın dişinə baxmazlar – xatırlayın ki, siz qara qu quşusunuz.”

XS
SM
MD
LG