Accessibility links

Bloq: Bir Millət, İki Dövlət


Koreya yarımadasının peykdən gecə görüntüsü
Koreya yarımadasının peykdən gecə görüntüsü

“Insanın ədalət istəyi demokratiyanı mümkün edir; amma insanın ədalətsizliyə nəfsi demokratiyanı vacib edir,” amerikalı teoloq Reinhold Niebuhr İşığın Övladları və Zülmətin Övladları kitabında yazırdı. Ötən il Çex Respublikasının sabiq prezidenti Vatslav Havel və Şimali Koreya diktatoru Kim Conq İlin ölümləri mənə kollecdə oxuduğum bu kitabı xatırlatdı.

Bəlkə də bu iki liderin arasındakı fərqləri, onların amallarını və əməllərini Xeyirlə Şər arasındakı təzad kimi səciyyələndirmək olar. Birincisi xalqına azadlıq, firavanlıq bəxş etdi, o birisi isə minlərlə adamı acından qırdı, milyonları qula çevirdi.

Niebuhr işığın övladlarını “ilan kimi ağıllı, göyərçin kimi xeyirxah” olmağa səsləyirdi.

1944-cü ildə yazdığı əsərdə Niebuhr demokratiya ilə totalitarizm arasındakı mübarizənin faciəvi özəlliyinə diqqət çəkirdi. İncilin mülkədar və onun fəndgir mühasibi haqda hekayəsini (Luke 16:1-9) əsas götürən Niebuhr Şər qüvvələrin Xeyirdən adətən daha hiyləgər və bu səbəbdən daha effektiv olduğunu vurğulayırdı.

Totalitar zülməti əks etidrən Nasizm və Kommunizm ideologiyalarının meydan suladığı bir məqamda Niebuhr demokratiya tərəfdarlarını “işığın övladları” adlandırırdı. Bunlar cəmiyyətin şərdən büsbütün xilas edilməsinə və toplumun sağlam idrakla idarə olunacağına bəzən sadəlövhcəsinə inanan adamlardır.

Niebuhr hesab edirdi ki, işığın övladları müvəffəq olmaq üçün amansızlığı, riyakarlığı, kəmfürsətliliyi, korrupsionerliyi və anti-demokratik mahiyyəti ilə tanınan “zülmət övladlarının” bəzi güclü və fəndgir xüsusiyyətlərini əxz etməlidirlər.

Mütəfəkkir demokratları cəmiyyətin daxili dinamikası haqda həqiqətləri dərk etməyə çağırır, insanın əsasən öz maraqlarından çıxış edən varlıq olduğunu nəzərə alaraq hakimiyyətin hüdudlarına dair realistik baxış formalaşdırmağı təşviq edirdi. Niebuhr işığın övladlarını “ilan kimi ağıllı, göyərçin kimi xeyirxah” olmağa səsləyirdi.

Reinhold Niebuhr, amerikalı teoloq. 1892-1971.
Reinhold Niebuhr, amerikalı teoloq. 1892-1971.

Reinhold Niebuhrun zülmət və işıq haqda siyasi fəlsəfəsini nümayiş etdirmək üçün Koreya yarımadasının gecə vaxtı kosmosdan çəkilmiş peyk fotosundan daha mükəmməl nümunə tapmaq çətin olardı. Bir milləti ikiyə bölən demarkasiya xətti zülmətlə işıq arasındakı təzadı az qala tam mənada əks etdirir.

Şimalda İosif Stalin və Mao Zedonqun birgə əməyinin nəticəsi – səfalət və zülm məngənəsində qaranlığa qərq olmuş kommunist diktaturası – cənubda isə kapitalizm və demokratiyanın çil-çırağban etdiyi, dünyanın aparıcı iqtisadi qüdrətlərindən sayılan Cənubi Koreya Respublikası. Necə deyərlər, “bir millət, iki dövlət.”

XS
SM
MD
LG