Accessibility links

Adam Balmoral: Türkiyədəki sülh danışıqları bölgə üçün yol xəritəsinə çevrilə bilər [Audio]


Adam Balmoral
Adam Balmoral
Təbrizli jurnalist, radio proqramçısı və Kanada Mühafizəkar Partiyasında Orta Şərq üzrə lobbiçilik qrupunda çalışan Adam Balmoral Amerikanın Səsinə müsahibədə Türkiyədə son vaxtlar gedən sülh danışıqlarını və bunun İran Azərbaycanına mümkün təsirlərini müzakirə edib. Onun sözlərinə görə Türkiyədə hökümət və kürd qrupları arasında başlanan sülh danışıqları və kürd xalqına öz haqlarını əldə etmək üçün qanuni və demokratik yolların açılması üzərində diskussiyalar sadəcə Türkiyə deyil bütün bölgənin gündəmindədir.

Adam Balmoral Türkiyə-Kürd danışıqlarının İrana təsirindən danışır
please wait

No media source currently available

0:00 0:13:16 0:00

Silahlı Bask Vətəni və Azadlıq (ETA) İrlandiya Respublika Ordusu (IRA) qrupları və İspaniya və Britaniya dövlətləri arasındakı barış müzakirələrinə işarə edən Adam Balmoral silahlı toqquşmaların danışıqlarla əvəzlənməsini müsbət hadisə kimi qiymətləndirib. “Danışıq və müzakirə yolu ilə ölkə içində silahlı çəkişmələrə son vermək Avropa ölkələri və Kanadada təcrübə edilmişdir, ancaq bu gün Türkiyədə gedən müzakirələr, Orta Şərq tarixində bir ilkdir,” deyə o, bildirib.

Cənab Balmoralın sözlərinə görə, ölkənin parçalanmasından qorxmadan, etnik azlıqların problemlərini həll etmək üçün müzakirə yolunu seçib və demokratik planlar əsasında hərəkət etmək əsasən güclü dövlətlərə məxsusdur: “Umumiyyətlə dünyada mühafizəkar hökümətlər bu növ problemlərə daha praktik yanaşırlar,” deyə qeyd edən Kanada Mühafizəkar Partiyasının üzvü, Türkiyədə başqa partiyalarla koalisiyaya girmədən tək başına iqtidar olan mühafizəkar Ədalət və Qalxınma Partiyasının (AKP) bu proseslərdəki rolunu olduqca yüksək dəyərləndirib.
Danışıq və müzakirə yolu ilə ölkə içində silahlı çəkişmələrə son vermək Avropa ölkələri və Kanadada təcrübə edilmişdir, ancaq bu gün Türkiyədə gedən müzakirələr, Orta Şərq tarixində bir ilkdir

Təbrizli jurnalist Türkiyə höküməti və kürd qrupları arasında gedən barış müzakirələrinin bölgədəki hökümətlərdən çox, azlıq cəmiyyətlərində təsir buraxacağını deyir. Onun sözlərinə görə, bu olaylar yaşadıqları ölkələrdə ayrı-seçkiliyə məruz qalan etnik azlıqları öz istəklərini irəli sürmək istiqamətində cəsarətləndirəcəkdir. Cənab Balmoral həmçinin Türkiyədəki müzakirələrin müvəffəqiyyətlə davam etdiyi təqdirdə, bölgənin gələcəyi üçün bir yol xəritəsi təşkil edəcəyini vurğulayıb.

Ekspertin fikrincə İran İslam Respublikası tez-tez diqqəti İranda yaşayan xalqların problemlərindən yayındırmaq üçün Türkiyə kürdlərinin vəziyyətindən sui-istifadə edir. “Bundan sonra İranın əlində belə bir bəhanə olmayacaq,” deyə o, qeyd edib.
Kürdüstan Fəhlə Partiyası (PKK) bu yaxınlarda öz silahlı dəstələrini Türkiyə torpaqlarından çıxaracağı və zorakılıqlara son qoyduğunu bildirib. Bəzi təhlilçilər güman edirlər ki, PKK-nin Türkiyə ilə atəşkəs durumuna girməsi, onun İran və Suriya qolları, o cümlədən PKK-nin əsas silahlı qanadlarından biri kimi bilinən və İranın Qərbi Azərbaycan vilayətində aktiv olan PJAK-ın güclənməsinə səbəb ola bilər. Cənab Balmoral isə uzun müddətdə bunun baş verməyəcəyinə inanır: “PJAK kimi qruplar qısa müddətdə silahlı hərəkətlərini çoxalda bilərlər, ancaq uzun müddətdə ana təşkilatın silahlı fəaliyyət baxımdan zəifləməsi onun başqa ölkələrdəki qanadlarının da zəiflənməsi ilə nəticələnəcək.”
XS
SM
MD
LG