Accessibility links

Rəhim Qazıyevin prezident İlham Əliyevə yeni açıq məktubu


Sabiq müdafiə naziri Rəhim Qazıyev
Sabiq müdafiə naziri Rəhim Qazıyev
Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev prezident İlham Əliyevə ünvanladığı açıq məktubu Amerikanın Səsinə (www.amerikaninsesi.org) göndərib.

Keçmiş nazir dövlət başçısına göndərdiyi birinci açıq məktubdan sonra saxlanılıb. Hazırda Bakının Səbayel rayon Polis İdarəsində bir il öncə “Səs TV”-də debat zamanı həmsöhbəti Təhmasib Novruzova qarşı fiziki təzyiqə görə dindirilir.

Prezidentə tənqidi fikirləri əks olunan açıq məktub ünvanladıqdan sonra cənab Novruzov keçmiş nazirlə bağlı polisə müraciət edib.


Rəhim Qazıyevin açıq məktubunu cüzi ixtisarlarla diqqətinizə çatdırırıq:


Vətəndaş Prezident!

Mən 16.03.2013 tarixində şəxsi imzamla, həm poçt, həm də KİV vasitəsilə Sizə açıq məktub ünvanlamışdım. Hesab edirdim ki, ölkəmizdə baş verən, Sizin özünüzün də keçirdiyiniz müşavirələrdə etiraf etdiyiniz çoxsaylı problemlərdən çox az bir qismini qeyd etdiyim həmin məktubuma şəxsən Siz özünüz, ya da Sizin göstərişinizlə ətrafınızdakı səlahiyyət sahiblərindən kimsə cavab yazacaq. Buna həm də, yaşımın bu çağlarında mənə, heç olmasa, “Əzizim Adelina” deyə müraciət elədiyiniz Xankəndi sakini olan 12 yaşlı erməni qızı qədər diqqət ayıra biləcəyinizə görə ümid edirdim.

Lakin heç vaxt, hətta düşünə də bilməzdim ki, ölkə prezidentinə şəxsi imzamla yazdığım məktuba görə, qeyri-insani şəkildə mən, 70 yaşlı vətəndaş olmağıma rəğmən, pələng cüssəli, üzləri maskalı quldurlar tərəfindən, başıma torba keçirilərək, oğurlanıb, aparılacağam. Və aparıldığım, bu gün də rəsmi adı mənə bəlli olmayan xüsusi xidmət orqanlarında, yazdığım həmin məktub üçün, yaxşı iş görmədiyim “mədəni” şəkildə mənə xatırladılacaq və üstəlik də, ailəmin, doğmalarımın, övladlarımın, nəvələrimin olması eyhamla mənə andırılacaq!!!(???)

Vətəndaş Prezident!

Bütün bunlar da yetmirmiş kimi, məktubuma Sizdən cavab gözlədiyim günlərdə, YAP-ın rəhbərliyində təmsil olunan şəxslər, parlament deputatları kimi təqdim edilən S.Novruzovlar, E.Hüseynovlar və Bayram Səfərovlar tərəfindən ağır təhqirlərə məruz qalacağımı, hətta ağır cinayət çağırışlarından çəkinmədən, ictimaiyyətin evimi yandırmağa, məni daş-qallaq etməyə təhrik ediləcəyini, vətəndaşlıqdan məhrum edilməyimə qədər çıxışlarla üzləşəcəyimi heç ağlıma da gətirmirdim.

Sizə şəxsi sədaqətlərini nümayiş etdirmək üçün növbəyə duran, zəhmətkeş məktubları yazaraq yaxalarını yırtan bu əmilərin, xalaların, mənə ünvanlanmış əxlaqdan, mənəviyyatdan uzaq sərsəmləmələrində, cızma-qaralarında, heç olmasa, görüntü xatirinə də olsa belə, ünvanınıza yazdığım 16.03.2013 tarixli məktubumdan bir cümləyə deyil, bircə sözə belə istinad yoxdur.

Vətəndaş Prezident!

Bütün bu deyilənləri nəzərə alaraq, növbəti məktubu Sizə yazmağa məcburam.
Əmin olun ki, bu sətirləri Sizə yazdığım zamanda belə, qətiyyən inana bilmirəm ki, məktubuma görə başıma gətirilən qeyri-insani , qeyri-qanuni və konstitusion vətəndaş haqlarıma açıq qəsd və cinayətkarcasına təcavüz xarakterli əməllərin arxasında Siz durursunuz, həmin əməllərin mənə qarşı törədilməsinə dair komanda Sizdən gəlib.

Əmin olun ki, bu sətirləri Sizə yazdığım zamanda belə, qətiyyən inana bilmirəm ki, məktubuma görə başıma gətirilən qeyri-insani , qeyri-qanuni və konstitusion vətəndaş haqlarıma açıq qəsd və cinayətkarcasına təcavüz xarakterli əməllərin arxasında Siz durursunuz, həmin əməllərin mənə qarşı törədilməsinə dair komanda Sizdən gəlib. Çox səmimiyyətlə qeyd edirəm ki, yazdığım məktuba görə başıma gətirilən bu qeyri-insani əməllərin Sizin göstərişinizlə həyata keçirildiyinə qətiyyən özümü inandıra bilmirəm.

Bununla belə, olanlar olub və artıq səhnəyə çıxarılan rəzalətlərlə dolu bir tamaşa günü bu gün də davam etməkdədir. Bu tamaşanın gedişindən hələlik iki mümkün versiya və ya variantın ola biləcəyi ortaya çıxır.

Birincisi, həmin hadisələr Sizin ətrafınıza yığılan və bu seçki ilində Sizə zərbə vurmaq istəyən hər hansı qrupun qəsdən törətdiyi əməllərdir.

İkincisi, hər halda, bunu da düşünməyə haqqım var ki, bütün bu hadisələr Sizin göstərişinizlə olub və davam edir. Ən azı ona görə ki, mənim başıma açılan bu oyunlardan, ünvanıma səsləndirilən və yazılan açıq hədə-qorxulardan, özündə cinayət məcəlləsinin konkret maddələrini ehtiva edən “evimi yandırmaq”, “daş-qallaq etmək”, “it kimi güllələmək”, “it kimi sürümək” və sair kimi cinayətkar, tərbiyəsiz və həyasız çağırışlardan sonra Prokurorluq və digər hüquq-mühafizə orqanlarından heç bir adekvat reaksiya olmadı.

Vətəndaş İlham Əliyev!

Yuxarıda qeyd etdiyim hər iki halda, vətəndaşa - konkret olaraq mənə, Sizə məktub yazdığım üçün, törədilən bu qeyri-qanuni əməllərin, hücumların tam məsuliyyətini ölkə prezidenti olaraq, müqəddəs Qurani Kərimə əl basmaqla and içən Siz daşıyırsınız.

Siz Qurana and içərək konstitusiyanın və ölkə vətəndaşlarının konstitusion hüquqlarının, təhlükəsizliyinin qarantı olacağınıza and içmisiniz.

Bu məktubu Sizə yazmaqda məqsədim odur ki, birincisi, mənim başıma gətirilən qeyri-qanuni əməllərdə bilavasitə günahkar olan məmurların, qanunun aliliyi rəhbər tutularaq cəzalandırılmasını təmin etməklə, içdiyiniz anda sadiqliyinizi cəmiyyət qarşısında sübuta yetirəsiniz. Bu, həm də Sizin bu olaylarla nə qədər ilgili olub-olmadığınızın sübutu olacaq.

İkincisi, “evimin yandırılması, daş-qalaq edilməyim və sair” kimi çağırışlar etməklə, məni ağır və çox ağır, hətta dövləti cinayətlər törətməkdə ittiham etməklə, gizlədilməsi mümkün olmayan konkret cinayət əməli törətmiş şəxsləri, həmin cinayət xarakterli çağırışları, “KİV haqqında” qnunu kobudcasına pozaraq, çap edən mətbu və informasiya orqanlarının sahiblərinin qanun əsasında məsuliyyətə alınmaları üçün müvafiq göstərişlər verəsiniz.
Bəs, Sizin tez-tez qürurla təkrar etdiyiniz analoqu olmayan demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən respublikamızda, ölkə Prezidentinə yazdığım məktub üçün mən niyə hədələnirəm, təhqir olunuram, heç zaman törətmədiyim, törətməyi düşünmək belə istəmədiyim ağır və çox ağır cinayətlərdə ittiham olunuram?
Vətəndaş Prezident!

Mən Sizə məktub yazıb altından şəxsi imzamı ataraq, ünvanınıza göndərmişəm. Bu əməlimlə ölkədə qüvvədə olan qanunların heç birini pozmamışam. Bəs, Sizin tez-tez qürurla təkrar etdiyiniz analoqu olmayan demokratik, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən respublikamızda, ölkə Prezidentinə yazdığım məktub üçün mən niyə hədələnirəm, təhqir olunuram, heç zaman törətmədiyim, törətməyi düşünmək belə istəmədiyim ağır və çox ağır cinayətlərdə ittiham olunuram?

Vətəndaş prezident!

Son günlərdə yaşanan yeni rəzalət isə, bütün hallarda, olub-bitənlərin birbaşa tərəfinizdən tərtiblənərək həyata keçirildiyinə daha çox ehtimal verməyə sövq edir. Təhmasib Novruzovun baş rolda oynadığı bu biabırçı tamaşanın rəzalət dolu ssenarisini yazanlar və belə bir rəzilliyə o qədər insanları cəlb edə bilmək üçün, şəxsən sizdən təlimat alınması gərəkdir. Yoxsa kim bu boyda rəzalətə imza ata və bu tamaşanı açıq səhnəyə çıxara bilərdi ki?

Bunun əksini düşünmək və dilə gətirmək isə, Sizin bir prezident olaraq var olub-olmamanızı şübhə altına alır ki, o zaman vay bu millətin halına. Amma Siz varsınız və dəfələrlə də ölkədə nələrin baş verdiyindən birər-birər xəbərdar olduğunuzu da bəyan edibsiniz. Onda, mən də məcburam ki, Sizə yazdığım məktubdan sonra ətrafımda baş verənlərdən də xəbərdar olduğunuzu və hətta prosesə şəxsən rəhbərlik etdiyinizi düşünüm.

Əks təqdirdə rəzalətin bu qədərinə, qanunsuzluğun bir beləsinə, təməl insan haqlarına və Sizin qarantı olduğunuz konstitusion hüquqlara bu boyda təcavüzə kimsə cəsarət etməməli idi, edə bilməzdi.

Vətəndaş prezident!

Bu yerdə zəmanəsinin böyük fikir adamı olan Bəhlul Danəndədən tarixə miras qalmış bir rəvayət yadıma düşdü və onu Sizə də xatırlatmağı özümə borc bildim.

Günlərin bir günündə, Bəhlul Danəndə səhər evdən çıxır və yolda rastlaşdığı, dükanda-bazarda qarşılaşdığı hər kəsə “Xəlifə neçə gündür ki ölüb, amma saraydakılar bunu xalqdan gizlədirlər” – deyir. Bir neçə saatdan sonra bütün şəhər əhli təlaş və həyəcan içərisində sarayın qarşısında toplaşaraq Xəlifədən xəbər tutmaq istəyirlər. Bu arada söhbət Xəlifə Harun Ər Rəşidə də çatır. Məsələdən hali olan kimi, əmr edib qardaşını saraya gətizdirən Harun Ər Rəşid, Bəhlul Dəhəndədən:

“Mənim sağ olduğumu bilə-bilə, qardaşının ölüm xəbərini yaymaqda məqsədin nədir” – deyə soruşur.

Heç halını pozmayan Bəhlul deyir: “Vallah mən kimsəyə qardaşım Harun Ər Rəşidin öldüyündən danışmamışam, Xəlifənin öldüyünü demişəm”.

Qəzəbini zorla boğan Harun, təzədən döşünə döyüb: “Bax, indi gördün ki, Xəlifə sağ-salamatdır, çıx camaata, məni gördüyünü söylə və de ki, bu xəbəri yaymaqla zarafat eləmisən”.

Bu dəfə də halını pozmayan Bəhlul qardaşına bir sual verir: “Əgər Xəlifə ölməyibsə və sağlıq durumu da yerindədirsə, o zaman məmləkət niyə bu gündədir?”.

Yalnız bundan sonra qardaşının nə demək istədiyini anlayan Harun Ər Rəşid, növbəti dəfə Bəhlul Danəndənin məntiqi qarşısında geri çəkilərək, camaatın qabağına çıxıb daha adil Xəlifə olacağına söz verir.

Vətəndaş İlham Əliyev!

Mənim 70 yaşım var. Çox enişli-yoxuşlu, lakin kimsənin malına əl uzatmadan, vicdanımla alver etmədən, layiqli bir ömür yaşamışam və Uca Allahdan ölüm hökmü gələnə kimi də belə yaşamaqda davam edəcəyəm.

Doğmalarımı, ailəmi, övladlarımı, nəvələrimi hədələməklə məni qorxudub, getdiyim bu haqq yoldan döndərmək qeyri-mümkündür.

Vətəndaş prezident İlham Əliyev!

Bu məktubuma şəxsən Sizdən cavab alacağıma və heç deyilsə, Sizin “Əzizim Adelina” qədər, diqqətinizi cəlb edə biləcəyimə inanmaq istərdim.

Səmimiyyətlə R. Qazıyev

11.04.2013

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG