Accessibility links

Əlirza Ərdəbilli: Türklər İranın elitasından uzaqlaşdırılır [Audio]


Əlirza Ərdəbilli

Əlirza Ərdəbilli

Əlirza Ərdəbillinin fikrincə Azərbaycan türkləri və umumiyyətlə İranda yaşayan türklərin ölkənin yüksək siyasi elita təbəqəsindən uzaqlaşdırılması yeni bir proses deyil. Azərbaycanlı jurnalist, yazar və siyasi fəal Amerikanın Səsi ilə müsahibədə ölkənin hakim elitası və umumiyyətlə yüksək siyasi təbəqəsində Azərbaycan türklərinin sayının tədricən azalmasının səbəblərini şərh edib.


Əlirza Ərdəbillinin sözlərinə görə, türklər və xüsusilə Azərbaycan vilayətlərində yaşayan türklərin ölkənin siyasi elita təbəqəsindən çıxarılma prosesi Pəhləvi rejiminin iqtidara gəldiyi dönəmdən başlayıb.

Rza Şah Pəhləvi

Rza Şah Pəhləvi

“Məşrutiyyət dönəmi və umumiyyətlə Pəhləvilərdən öncə İran aristokratiyası əsasən türklərdən ibarət idi. Təhsil üçün Qərb ölkələrinə gedənlərin arasında hardasa qeyri-türk yox idi,” deyə güneyli jurnalist indiki durumun kəskin şəkildə fərqli olduğunu söyləyir: “Bir zamanlar ali təhsil baxımından birincı sırada olan Azərbaycan indi bu xüsusda İranın ən geri qalmış bölgələrindən sayılır.”

Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsünün fikrincə Azərbaycan türklərinin yüksək siyasi elita sinifindən uzaqlaşdırılması İran hakimiyyətlərinin əsas siyasəti olub. O, bu haqda uzun illər İranın xarici siyasətinin önəmli adamı və indiki prezident namizədi Əli Əkbər Vilayətinin sözlərinə işarə edib: “Əli Əkbər Vilayəti demişdi ki, Azərbaycanda sərmayə yatırmayaq, çünkü gec ya tez İrandan ayrılacaq.”
İsveçdə mühacirətdə yaşayan cənab Ərdəbillinin dediklərinə görə, İran azərbaycanlılarından əlavə, Azərbaycan Respublikasının da sırf varlığı İran hakimiyyətini narahat edir.

Sadəcə yüksək siyasi elita deyil, hərbi qurumlarda da belədir. Halbuki, İran-İraq müharibəsinin aparıcı generallarının böyük hissəsi Azərbaycandan idi.
“Sadəcə yüksək siyasi elita deyil, hərbi qurumlarda da belədir. Halbuki, İran-İraq müharibəsinin aparıcı generallarının böyük hissəsi Azərbaycandan idi,” deyə, Əlirza Ərdəbilli əlavə edib.

Jurnalist həmçinin bu uzaqlaşmağın sadəcə hakimiyyət tərəfindən deyil Azərbaycan türkləri tərəfindən də həyata keçirildiyini bildirib: “Bu uzaqlaşma ikitərəflidir. Misal üçün, Azərbaycan əyalətləri Kürdüstan əyalətindən sonra İran seçkilərində ən az faizlə iştirak edən bölgə olub.”

Cənab Ərdəbilli Azərbaycan türkləri digər qeyri-farslar ilə müqayisədə daha çox İrana inteqrasiya olunduğu haqda xarici medianın yazdıqlarını düzgün saymır. “Məzhəblərin eyni olması və türklərin nüfuzunün yuxarı olması və İranın hər yerinə dağılması belə bir təsəvvürün ortaya çıxmasına səbəb ola bilər,” deyə o, qeyd edib.
XS
SM
MD
LG