Accessibility links

Britaniyanın “The Guardian” qəzetində ABŞ hökumətinin Verizon şirkətindən istifadə edən milyonlarla amerikalının telefon söhbətlərinə qulaq asması barədə yazı dərc edildikdən sonra Obama administrasiyası təzyiqlərlə üzləşməyə başlayıb. “The Guardian” qəzetinin yazdığına görə, bu addım Xarici Kəşfiyyat İzləmə Məhkəməsinin terrorizmlə mübarizə planının tərkib hissəsi olaraq atılıb.

“The Guardian” yazır ki, hökumət Verizon şirkətindən həm ev, həm də mobil telefondan istifadə edən on milyonlarla abunəçinın telefon göstəricilərini istəyib. Həmin sənəddə zəng edən və zəng edilən nömrələr, zəngin edildiyi tarix, vaxt, söhbətin uzunluğu, zəngin edildiyi yer və ünvan göstərilir. Hökumətin xüsusi izləmə məhkəməsinin qərarı söhbətlərin məzmununu əhatə etməyib.

Biz bununla terrorizm tapmayacağıq, və sonda bu bizim Konstitutsiyanın Dördüncü Düzəlişində nəzərdə tutulan hüquqlarımıza zərbə vuracaq və bütün amerikalıların özəl həyatına müdaxilə xarakteri alacaq.
Telefon danışıqlarının yazılması ilə bağlı məsələ Senatın Ədliyyə Komitəsinin dinləmələrində əsas müzakirə mövzusuna çevrilib. İllinoys ştatından Respublikaçı senator Mark Körk baş prokuror Erik Holderi sorğu-suala çəkib.

Holder və komitənin bəzi senator üzvləri bu məsələnin milli təhlükəsizliyə hədə ola biləcəyindən ehtiyat edərək, dinləmələrin bağlı qapılar arxasında keçirilməli olduğunu deyirlər.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Rocers belə təcrübələrin keçmişdə də həyata keçirildiyini və effektiv olduğunu deyib.

Lakin Milli Kəşfiyyat Agentliyinin Verizon şirkəti ilə belə əlaqələri vətəndaş azadlıqları fəallarını hiddətləndirib.

Brennan Ədalət Mərkəzindən Elizabet Qoyteyn milyonlarla amerikalının telefon söhbətlərini izləməyin vəzifədən sui-istifadə olduğunu deyir. “Verizon telefon şirkətinin bütün Amerika boyu müştərilərinin telefon söhbətlərinə qulaq asmaqla terrorizmin qarşısını almaq olmaz. Terror təhlükəsinə reaksiya əndazəni aşıb.”

Bütün bunlara baxmayaraq, Obama administrasiyasının yüksək səviyyəli rəsmiləri 2001-ci ildə Birləmiş Ştatlarda həyata keçirilən terror hücumlarından sonra Konqresin qəbul etdiyi qanunu müdafiə edir. Patriot Aktı adlanan bu qanun 2001-ci ildə Prezident Corc Buş tərəfindən qanuna imzalanıb.
XS
SM
MD
LG