Accessibility links

Bloq: Böyük Millət, Cılız Nəzəriyyələr


Qərb dünyasında türklərə rəğbət, ən azı hörmət bəslənilir. Birinci Dünya Müharibəsinin döyüş meydanlarında “Johnny Turk” ləğəbi ilə dillərə düşən türk əsgərinin sərgilədiyi şücaət tarixi yaddaşlarda həkk olunub. Amma türklərin parlaq irsi təkcə bir epizodla ölçülmür. 1453-cü ildə Konstantinoplun fəthindən tutmuş 1919-23-cü illərdə vuruşulan Qurtuluş Savaşınadək türklər dəfələrlə sübut ediblər ki, tarixin ən çətin məqamlarında onlar zamanın çağırışına cavab verir, üzləşdikləri imtahandan uğurla çıxırlar. Yazıqlar olsun ki, bəzən Türkiyədəki ictimai debatı izləyəndə, ortada dolaşan nəzəriyyələrlə tanış olduqda, adamda belə bir təəssürat yaranır ki, türklərin qüdrətinə hamı bələddir – bir onların özlərindən savayı.

Bəzən Türkiyədəki ictimai debatı izləyəndə, ortada dolaşan nəzəriyyələrlə tanış olduqda, adamda belə bir təəssürat yaranır ki, türklərin qüdrətinə hamı bələddir – bir onların özlərindən savayı.

Əgər Kurtlar Vadisi Pusu teleserialının son epizodları hansısa siyasi cərəyanı əks etdirirsə, onda burada səsləndirilən düşüncələrdən heyrətlənməmək olmur. “Kürəsəl dövlət” amacında olan bir qrup adam guya ki, Türkiyəni qlobal qüdrətə çevirmək üçün gah Amerikaya, gah İsrailə, gah da daxildəki Qərbpərəst düşmənlərə qarşı qızğın mübarizə aparırlar. İxtiyarlar Şurası adlanan, amma heç kim tərəfindən seçilməmiş və heç kimə cavabdeh olmayan bir qrup adam daim mənfur düşmənin planlarını pozmaqla məşğuldur. Maraqlıdır ki, Türkiyəyə düşmən hesab edilən dövlətlərin sırasında türk dövlətinin tarixi rəqibi olmuş Rusiya haqda bir kəlmə də deyilmir. Üstəlik bu şuranın icraçısı Polat Alemdarın rəhbərlik etdiyi Komu Güvənliyi Təşkilatı (KGT) – eynən KQB-ni xatırladır – həm adında, həm amalında, həm də əməlində. Xülasə, bunlar nə kommunizmi sevirlər, nə də kapitalizmi. Onların yolu “üçüncü yoldur.” Düzdür bu yol tamaşaçıya heç vaxt aydın şəkildə izah edilmir. Heç buna ehtiyac da yoxdur. Üsütüaçıq şəkildə eyham olunur ki, sadəcə hər şeyi ixtiyarların öhdəsinə buraxsaq, bunlar Türkiyəni “kürəsəl dövlətə” çevirəcəklər.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan

Deyilənə görə baş nazir Rəcəb Təyyib Ərdoğan Kurtlar Vadisinin həvəskarıdır və hətta mümkündür ki, burada səsləndirilən fikirlər onun dünyagörüşünü əks etdirsin. Əgər bu belədirsə, Ərdoğan hökumətinə müxalif olan qüvvələr də konspirasiya nəzəriyyələrindən çox uzaq durmurlar. Mən ilk dəfə əleyhdarlarından Ərdoğanın “Amerikanın” yaxud “Avropanın” adamı olduğunu eşidəndə xeyli təəccüblənmişdim. Çoxları bu hesablamanı belə əsaslandırır ki, Ərdoğan Türkiyəni İslama doğru yönəltməklə, ordu generallarını həbs etdirməklə əslində Qərbin maraqlarına xidmət edir. Onlar bu xüsusda Ərdoğanın müstəqil xarici siyasət yürütmədiyini və Qərblə sıx təmaslarını önə çəkirlər.

Üzləşdikləri çətin situasiyalarda şeytan barmağı axtarmaq bir çox üçüncü dünya ölkələrinə xas xüsusiyyətdir. Ancaq Türkiyə kimi yetkin bir cəmiyyətdə anti-Qərbçiliyin bütöv siyasi spektrumu əhatə etməsi təəccüb doğurur.

Əlbəttə, anti-Qərbçilik, ələlxüsus anti-Amerikançılıq, yeni bir şey deyil. Üzləşdikləri çətin situasiyalarda şeytan barmağı axtarmaq bir çox üçüncü dünya ölkələrinə xas xüsusiyyətdir. Konspirasiya nəzəriyyələrini əksər hallarda, İranda, Suriyada, Şimali Koreyada olduğu kimi, diktatorial rejimlər alovlandırır, çünki bundan ən çox yararlanan da onlardır. Ancaq Türkiyə kimi yetkin bir cəmiyyətdə anti-Qərbçiliyin bütöv siyasi spektrumu əhatə etməsi təəccüb doğurur. Sultan Mehmet Fatihin, Mustafa Kamal Atatürkün, Bülent Ecevitin xələfləri görən həqiqətən də inanırlarmı ki, Türkiyənin taleyini türklərdən başqa kimsə müəyyən etmək iqtidarındadır?

Bu günlər Türkiyə şəhərlərində küçələrə axışan adamlar bu sualın cavabını tapmağa çalışırlar. Onların arasında ideoloji birlik yoxdur. Bəziləri sekulyaristdir, bəziləri solçu. Bəziləri millətçidir, bəziləri beynəlmiləlçi. Bəziləri türkdür, bəziləri kürd. Tələb baş nazir Rəcəb Təyyib Ərdoğanın istefasıdır – o adamın ki, əgər keçirilmiş səsvermənin nəticələrinə inansaq, çoxluğun dəstəyini qazanıb. Türkiyədə baş verənləri diktaturaya qarşı mübarizənin rəmzinə çevrilmiş Ərəb Baharı ilə müqayisə etmək problematikdir. Eyni zamanda mühüm siyasi prosesin baş verdiyini inkar etmək də olmaz. Nəsə qaynayır. Bu qaynananların Türkiyə üçün sonda nə dərəcədə xeyirli olacağını indidən proqnozlaşdırmaq çətindir. Amma təkcə son onilliklərin konspirasiya nəzəriyyələrini süpürüb apara, türklərin özünə inamını geriyə qaytara bilsə, Gezi Park etirazları mühüm nailiyyət qazanmış olar.

XS
SM
MD
LG