Accessibility links

“Birləşmiş Ştatlar Misirdəki dəyişkən situasiyanı izləyir və biz inanırıq ki, Misirin gələcəyini sonda yalnız Misir xalqı müəyyən edə bilər,” deyə ABŞ prezidenti Barak Obama bildirib. “Eyni zamanda biz Misir Silahlı Qüvvələrinin prezident Mursini hakimiyyətdən kənarlaşdırmasından və Konstitutsiyaya riayəti müvəqqəti dayandırmasından dərin narahatıq. Mən Misir hərbçilərini mümkün qədər tez hamının iştirak etdiyi və şəffaf proses vasitəsilə bütün hakimiyyəti cəld və məsuliyyətlə demokratik qaydada seçilmiş prezidentə qaytarmağa çağırıram.”

Prezident Obama ABŞ-ın zorakılığa zidd olduğunu, universal insan haqları və insanların arzularına uyğun islahatlara dəstək verdiyini vurğulayıb. “ABŞ hansısa siyasi şəxsi yaxud partiyanı dəstəkləmir, amma biz demokratik prosesə və qanun aliliyinə hörmət edirik.” Ağ Ev Misir inqilabı başlanandan bəri bütün siyasi qüvvələri fikir ayrılıqlarını çözmək üçün birgə işləməyə çağırdığını qeyd edib.

“ABŞ inanmaqda davam edir ki, Misirdə sabitliyin ən yaxşı bünövrəsi bütün tərəflərin – dünyəvi və dindar, mülki və hərbi qüvvələrin demokratik siyasi düzəndə iştirakıdır.” Preziden Obama əsas məqsədin Misirdə bütün insanların, o cümlədən azlığın hüquqlarına hörmət etməyin və hakimiyyətin paylaşılmasının olduğunu bildirib. Demokratiya bu səlahiyyət bölgüsündən asılıdır, deyə bəyanatda vurğulanır.
XS
SM
MD
LG