Accessibility links

Amerika haqda yanlış təsəvvürlərdən ən tez-tez rast gəlinəni bu ölkənin homogen xarakterə malik olmasıdır. Bu təsəvvür təkcə Birləşmiş Ştatlarda olmamış adamlarda geniş yayılmayıb. Məsələn, yalnız Nyu York şəhərində vaxt keçirən müsafir bəzən dərk etmir ki, onun Nyu Yorkda gördükləri, yaşadığı təcrübə bütün Amerikaya şamil oluna bilməz. Floridanın tropik çimərlikləri, Minnesotanın sərt qışları, Kaliforniyanın üzüm tarlaları, Virciniyanın ceyran dolu meşələri, Koloradonun sıldırım dağları, Texasın ucu-bucağı görünməyən düzəngahlarını görməmiş, Amerika haqda qəti mühakimə yürütmək mümkün deyil. Yanlış təsəvvür coğrafi bilgidəki natamamlıqlarla məhdudlaşmır. Bəzən Amerika siyasətini şərh edənlər Birləşmiş Ştatlarda geniş siyasi spektrumun mövcudluğunu nəzərdən qaçırırlar. Amerikada libertar da var, kommunist də; dindar da var, sekulyar da; mühafizəkar da var, liberal da. Və onların hər hansı bir məsələ üzərində mövqeləri bir-birlərindən xeyli dərəcədə fərqlənir. Bu fərqlər özlərini təkcə cəmiyyətdə, mediada deyil, üç qanada bölünmüş ABŞ hökumətində də bariz şəkildə göstərir. Amerika müxtəlifliklər ölkəsidir.

Yadımdadır ki, orta-sinif britaniyalılar refleksiv şəkildə “Amerikadan xoşumuz gəlmir” deyəndə, atam soruşardı: “Doğurdan? Hansı hissəsindən?”

2011-ci ildə İngiltərədən Amerikaya mühacirət etmiş Charles C.W. Cooke “Amerikanın 50 Ölkəsi” adlı essesində bu müxtəliflikləri Amerikanın rəngarəng tarixi keçmişi ilə izah edir. Öz mülahizəsinin təqdimatına o, Pensacola şəhərinin tarixindən başlayır. 1559-cu ildən bəri Pensacola beş bayraq altında mövcudluğunu saxlayıb, deyə o, məlumat verir: İspaniya, Fransa, Britaniya, Konfederasiya və Birləşmiş Ştatlar. Daha sonra Cooke Texası misal gətirir. Məşhur əyləncə parkı olan “Altı Bayraq” (Six Flags) öz adını Texasın siyasi təcrübəsindən götürüb. Müxtəlif dövlətlərin tərkibində olmuş bu ərazi nə vaxtsa hətta müstəqil respublika kimi də fəaliyyət göstərib. Əlbəttə ki, kolonial dövlətlərin hər biri bu ərazilərdə öz mədəni irslərini qoyub gediblər. Bu irsin əlamətləri şəhər adlarında, kilsələrdə, yeməklərdə, hətta məzarlıqlarda aydın sezilir. Mənim yadımdan çıxmaz ki, Cənubi Karolina ştatının cazibədar Charleston şəhərində ilk katolik kilsəsinin tarixi abidə kimi əhəmiyyəti bələdçi tərəfindən necə vurğulanırdı. Fransada hakim katoliklərin əlindən baş götürüb qaçdıqdan sonra Karolinada məskunlaşmış hugenotlar uzun müddət bir nəfər də katolikin şəhərə gəlməsinə icazə vermirdilər.

“Mən həmişə Amerikanın 50 ölkədən ibarət olması ideyasından riqqətə gəlmişəm,” deyə ingilis-mənşəli Cooke fikrini izah edir. “Birləşmiş Ştatların tənqidçiləri həmişə yaramaz vərdişə sadiq qalaraq “Amerika” yaxud “amerikalılar” deyəndə elə təsəvvür yaradırlar ki, guya söhbət klonlarla doldurulmuş monolit yerdən gedir. Yadımdadır ki, orta-sinif britaniyalılar refleksiv şəkildə “Amerikadan xoşumuz gəlmir” deyəndə, atam soruşardı: “Doğurdan? Hansı hissəsindən?” Charles Cooke Amerikanın coğrafi rəngarəngliyini dərk etməyin vacibliyini önə çəkir: “Zənnimcə “Amerika” haqda ümumiləşdirilmiş fikir ifadə etmək “Avropa” haqda ümumi fikir söyləmək kimi sərsəm bir şeydir. Sən İtaliyaya səfərindən razı qalmadığın üçün heç deyə bilərsənmi ki, Fransa xoşuna gəlmədi?”

Əlbəttə ki, bu məqamda Amerikanın irqi-etnik rəngarəngliyini unutmaq olmaz. Dünyanın əksər başqa millətlərindən fərqli olaraq Amerika mühacirlər ölkəsidir. Bu, isə o deməkdir ki, burada hər millətin, hər irqin nümayəndəsi təmsil olunur və özünü tam hüquqlu amerikalı hesab edir. Amerikanın qeyri-etnik xarakteri onun siyasi qruluşuna və iqtisadi düzəninə də büsbütün hopub. “Bu ölkənin konstitusiyası latın dilindəki koloniyanın yunan adlı paytaxtında ingilislər tərəfindən yazılıb. Ölkədə şəhər-qəsəbə adları başqdan ayağa etnik mozaikadır: Kaliforniya əsasən ispancadır. Nyu York ştatının şimalı qədim Yunan və Roma adları ilə doludur. Konnektikut ştatının adı hindulardan götürülsə də əksər şəhərlərinin adları birbaşa İngiltərədən götürülüb – eləcə də Virciniya. Luizianada təbii ki, çox toponimlər fransız dilindədir. Pennsilvaniya isə büsbütün holland və alman əsillilərdir.”

Son statistika Amerikada şərqi asiyalıların ən sürətlə artan irqi qrup olduğunu göstərir. Afro-amerikalılar və ispandillilərin ümumi həcmi az qala ABŞ əhalisinin 20 faizini ötməkdədir. Bəziləri bu rəngarəngliyi Amerikanın milli vəhdətinə təhlükə kimi dəyərləndirə bilər. Amma güman etmək olar ki, müxtəlif qrupların müxtəlif maraqları təbii balans yaratmaqla ölkədə liberal-demokratik siyasi quruluşun qoruyub saxlanmasına töhfə verir. Və belə görünür ki, Amerikanın qurucu babaları da dövləti yaradanda vətənlərinin bu unikal xüsusiyyətindən agah idilər. Amerikanın milli gerbində bir əlində oxlar, o biri əlində olan zeytun ağacının budağını tutmuş qartal əks olunur. Bununla qartal sülh arzulayanlarla sülh saxlamağa, düşmən münasibət bəsləyənlərlə isə vuruşmağa hazır olduğuna işarə edir. Eyni dərəcə mühüm şüar qartalın başı üzərində qədim latın dilində yazılıb: “E Pluribus Unum” – Çoxdan Tək.

XS
SM
MD
LG