Accessibility links

Azərbaycanlı sosioloq və Güney Azerbaycan Sosio-Kültürəl Araşdırmaları (GÜNASKAM) veb səhifəsinin redaktoru Davud Turan Amerikanın Səsinə müsahibədə Türkiyə və Misirdə baş verən siyasi olayların bu ölkələrin Yaxın Şərq siyasətindəki rollarına təsiri, İranın Türkiyədəki kütləvi etirazlar və Misirdəki siyasi dəyişiklikdən yararlanma ehtimalını şərh edib. O, hesab edir ki, İslam Respublikası üçün qonşu ölkələrdəki qarışqılıqdan sevinmək tez olardı. Belə ki, Həsən Ruhaninin sistemə yeni nəfəs gətirəcəyi barədə ümidlərə baxmayaraq, İranın mövcud durumu ürəkaçan deyil.


Türkiyə və Misirdəki olayların bölgənin siyasi xəritəsi üzərində önəmli təsir buraxacağını söyləyən Davud Turan xüsusilə Türkiyənin hakim partiyasının Suriya siyasətində ciddi problemlərlə üzləşdiyini qeyd edib. Onun dediklərinə görə, bu olaylardan öncə mötədil İslam mərkəzli yeni bir siyasi düzən bölgədə meydana gəlmişdi və tədricən güclənirdi, ancaq Türkiyədə AKP iqtidarına qarşı baş qaldıran kütləvi etirazlar və Misirdə Müsəlman Qardaşlarının iqtidardan devrilməsi bu prosesin qarşısında ciddi maneələr törədib.

İranın yeni prezidenti Həsən Ruhani

İranın yeni prezidenti Həsən Ruhani

Amma Xoylu sosiloq bölgədə mötədil İslam mərkəzli siyasi cərəyanın zəiflənməsi üzündən radikal İslamın güclənəcəyi ehtimalını qəbul etmir: “Radikal islamçılığın bölgədə güclü siyasi bazası yoxdur və mən mötədil İslamdan da ötəyə demokratik hərəkətlərin güclənəcəyini düşünürəm.”

Cənab Turanın fikrincə, İran İslam Respublikası öz siyasi nüfuzunu artırmaq üçün bölgədəki hadisələrdən müəyyən dərəcədə yararlana bilsə də, xarici siyasətdə Türkiyə və Azərbaycan Respublikası üzərində hər hansı bir üstünlük əldə edə bilməyəcək.

“İranın yeni prezidenti Həsən Ruhani prezident Əhmədinejaddan çökmüş bir ölkəni təhvil alıb və gələcək dörd ildə bu ölkənin qarşı-qarşıya olduğu bir çox problemi həll etməlidir. O, ölkəni nüvə böhranından çıxartmaq, eləcə də İranın iqtisadiyyatı və xarici siyasətinin durumunu normal bir səviyyəyə gətirmək üçün çalışmalıdır,” deyə, Amerikada mühacirət həyatı yaşayan güneyli sosioloq söyləyib.
XS
SM
MD
LG