Accessibility links

Güneydə siyasi həbslər və edamlar barədə son yeniliklər


Həbs olunmuş siyasi-mədəni fəallar

Həbs olunmuş siyasi-mədəni fəallar

“Tanınmış fəallar Əziz Purvəli və Həsən Ərk həbs müddətlərini bitirdikdən sonra Təbriz zindanından azad olublar, ancaq Urmiyə gölü müdafiəçilərinin bir neçəsi, o cümlədən Vəhid Şıxbəyli, Mehdi Həmidi Şəfiq və Abdullah Səduqi hələ də həbsdə saxlanılırlar,” deyə İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyinin (ADAPP) sözçüsü Vahid Qarabağlı Amerikanın Səsinə bildirir.


Daxil olan son məlumatlara görə Təbriz mərkəzi zindanının məsulları tərəfindən Mehdi Həmidi Şəfiqə basqılar tətbiq edilir. Cənab Qarabağlı Xoy şəhərində milli fəal Salar İraqinin təhlükəsizlik qurumuna çağrılıb sorğu-suala çəkilməsi, fəallar Yədulla Dəşti və Əli Hidayətinin Mahabad (Soyuqbulaq) İnqilab Məhkəməsi tərəfindən 6 və 5 ay həbsə məhkum edilmələri, habelə anasının yas məclisi ilə bağlı türkcə elan hazırladığı üçün rejimə qarşı təbliğat aparmaqda ittiham edilən Əli Xeyrcunun Ərdəbil məhkəməsinə çağrılması haqda məlumat verir.

Vahid Qarabağlı

Vahid Qarabağlı

Vahid Qarabağlı Kərəcin Rəcayi-şəhr zindanında 11 illik həbs cəzası çəkməkdə olan Təbrizli əmək fəalı Şahrux Zamaninin yeni ittihamla üzləşdiyini deyir. Şahrux Zamani bu dəfə İranın ali ruhani liderini alçaltmaqda günahlandırılır.

“Azərbaycan fəalları kültürəl, siyasi və iqtisadi ayrıseçkiliyə qarşı apardıqları mübarizə və ana dili ilə bağlı fəaliyyətləri üçün İran İslam Respublikasının basqılarına məruz qalırlar,” deyə qeyd edən Vahid Qarabağlı mədəni mərasimlərə, o cümlədən ötən həftələrdə Savalan dağı yamaclarında keçirilən tədbirə qatılmaq istəyən fəalların həbslərinə toxunur.

Ötən aylarda TəbrizƏrdəbil şəhərində icra edilən edam hökmləri, eləcə də Ərdəbildə 40 nəfərin yaxın zamanlarda edam ediləcəyi xəbərinə işarə edən hüquq müdafiəçisi edamların sayının kəskin artmasını şokedici kimi qiymətləndirib. Onun dediklərinə görə, narkotik qaçaqçılığı ilə bağlı mühakimələrdə umumiyyətlə cəmiyyətin kasib və zəif təbəqələrinün üzvləri ölüm cəzası ilə üzləşirlər və edamların əksəriyyəti qeyri-fars bölgələrdə baş verir.

Məhbusların müvəqqəti olaraq azadlığa buraxılmaları yüksək məbləğdə zəmanət qarşılığında mümkün olur.
İranda insan haqları pozuntuları ilə bağlı xəbər yayan HRA agentliyinin yaydığı məlumata istinadən, sentyabrın 9-da Urmiyə zindanında biri qadın olmaqla narkotik qaçaqçılığı ilə ittiham edilən altı nəfər asılaraq edam edilib.

ADAPP sözçüsünün dediklərinə görə, nəzarət altına alınan fəallar müvəqqəti olaraq sərbəst buraxıldıqdan sonra da təzyiqlərə məruz qalır.

“Məhbusların müvəqqəti olaraq azadlığa buraxılmaları zəmanət qarşılığında mümkün olur. Bunun üçün fəallar məhkəməyə maddi dəyəri yüksək olan sənədlər verməlidirlər. Maddi durumları yaxşı olmadığı üçün, onlar ailə və ya qohumlarından yardım almalı olurlar,” deyə Vahid Qarabağlı bildirir.
XS
SM
MD
LG