Accessibility links

Bloq: Zəmanəmizin Mari Antuanetti


Əsma əl-Əsəd və əri Bəşar
Əsma əl-Əsəd və əri Bəşar

Rəvayətə görə Fransada inqilabi etiraz dalğasının kulminasiya nöqtəsində kral XVI Lüdoviqin xanımı Mari Antuanettə adamların küçələrdə çörək tələb etdiklərini deyəndə kraliça cavab vermişdi: “Çörək yoxdur, tort yesinlər!” Yəqin ki, belə bir hadisə tarixdə baş verməyib. Hər halda inanmaq çətindir ki, müstəbidin həyat yoldaşı aclıq və səfalət içərisində əziyyət çəkən xalqın taleyi, ümumiyyətlə reallıq haqda bu dərəcədə bixəbər idi. Amma Suriya diktatoru Bəşar əl-Əsədin xanımı Əsma əl-Əsədin Instagram-da yerləşdirdiyi fotolara baxanda Mari Antuanett haqda bu cür rəvayətin uydurulmasının səbəbləri aydın olmağa başlayır. Yüz mindən çox adamın həyatına son qoymuş qanlı vətəndaş müharibəsinin ortasında Əsmanın dünyaya yaydığı qlamur şəkillər tiranların xalqdan nə dərəcədə uzaqlaşdığına şəhadət verir.

Əsma əl-Əsədin Instagramda yerləşdirdiyi aşağıdakı şəkil The New Republic məcmuəsinin yazarı Noreen Malounu kifayət qədər hiddətləndirib. “Əgər dünənədək məndən soruşsaydılar ki, Madonna və Uşaq tablosunun şər variantı varmı, deyərdim yox!” Noreen yazır. Şəkildə diktatorun gülümsər xanımı onu əhatəyə almış uşaqlardan birinə əl uzadaraq ona toxunur. O, barmaqlarını qızın qolu üstə gəzdirir, qız gözlərini sakitcə aşağı dikib və çənəsi qapalıdır. Ətrafdakı uşaqlardan heç biri gülümsəmir. Görkəmləri elə təsir bağışlayır ki, sanki indi onlara işgəncə verəcəklər və Suriya kimi bir ölkədə onlar belə güman etməkdə çox elə yanılmazıdlar.”


Aydındır ki, rejim bu cür fotolarla nəyə nail olmaq istəyir. Əsəd ailəsi ictimaiyyətə göstərməyə çalışır ki, onlar humanist adamlardır və bu cür qanlı olayların içərisində onlar nəinki təmkinlərini itirmir və hətta humanitar fəaliyyətlərlə məşğul olurlar. Əsəd ailəsinin Instagram hesabında Suriyada öldürülən uşaqlar, qadınlar haqda heç nə yoxdur. Yayılan şəkillərdə Əsma qoca qadınları qucaqlayır, ehtiyacı olanlar üçün qaba sup tökür və başqa növ xeryriyyəçi işlərlə məşğul olur. Əri isə şıq geyimdə əsgərlərlə görüşür, tapşırıqlar verir, yaralılara baş çəkir. Verilən mesaj budur: Əsma nə dərəcə ideal qadın nümunəsidirsə, əri də eləcə ideal kişi liderdir.

Tiraniya vərdişdir; əvvəl-axır o, xəstəliyə çevrilir. Qan və hakimiyyət adamı məst edir və onu adamlıqdan çıxarır. Ürək və beyin ən anormal şeylərə aludə olur. Beləliklə insan və vətəndaş tiranda əbədi yox olur və insan ləyaqətinə qayıtmaq, peşmançılıq və tövbə qeyri-mümkün olur.
Fyodor Dostoyevski

“Əsədlər Instagramdan isitifadə edən ilk diktatura rejimi deyil. Ayətullah Xameneyi də öz şəkillərini yaymağa yaman meyl göstərir. Heç Əsədlər öz həyatlarını reallıqda olduğundan xeyli yaxşı göstərməkdə günahkar olan ilk adamlar da deyil. Hər bir Instagram istifadəçisi belə edir.” Elə məsələnin dəhşətli tərəfi də buradadır. İlk baxışdan başqa normal adamlar kimi görünən Əsəd ailəsində normal heç nə yoxdur. On illərlə böyük bir xalqı vahimə, ölümlə idarə edən bu klan “başqaları” ola bilməz. Liberalizmin beşiyi olan Britaniyada boya-başa çatmış, JP Morgan kimi sivil dünyaya məxsus şirkətdə işləmiş Əsma əl-Əsəd nə vaxtsa “başqaları” kimi ola bilərdi. Amma 2000-ci ildə diktatorun varisi Bəşara evlənməklə bu şans itirildi. Bir vaxtlar Vogue jurnalının “səhra gülü” adlandırdığı bu qadın indi Suriya xalqının böyük əksəriyyəti üçün zəhərli tikan simvoluna çevrilib. Yəqin belə hadisələri müşahidə etmiş Fyodor Dostoyevski yazırdı: “Tiraniya vərdişdir; əvvəl-axır o, xəstəliyə çevrilir. Qan və hakimiyyət adamı məst edir və onu adamlıqdan çıxarır. Ürək və beyin ən anormal şeylərə aludə olur. Beləliklə insan və vətəndaş tiranda əbədi yox olur və insan ləyaqətinə qayıtmaq, peşmançılıq və tövbə qeyri-mümkün olur.”

Şəkillərdə nəzərə çarpan başqa detal də var. Əsmanın yaydığı bir neçə fotoda o, Jawbone UP modelli bilərzik taxıb. 129 dollar qiyməti olan bu bilərzik həm də hərəkəti, yatmağı və yeməklərin sayını ölçən kompüter applikasiyasıdır. Pəhriz saxlayan adamlar bu bilərzikdən istifadə edərək kaloriləri sayır və bununla da çəki artımının qarşısnı alırlar. Təsəvvür edin ki, əhalisinin böyük kəsimi qaçqın düşərgələrində ac-yalavac qalan ölkə liderinin xanımı pəhriz saxlayır və bunu ictimaiyyətə göstərməkdən utanmır. Lap yoxsullara tort yeməyi tövsiyə edən Mari Antuanett kimi.

XS
SM
MD
LG