Accessibility links

Cəmil Həsənli: Millət İlham Əliyevə səs verməyib


Cəmil Həsənli AzadlıqRadiosunda danışır

Cəmil Həsənli AzadlıqRadiosunda danışır

Azadlıq Radiosunda danışan prezidentliyə namizəd Cəmil Həsənli özünü səsvermənin qalibi elan edərək səslərin 60-70 faizini qazandığını bəyan edib. O, deyir ki, Azərbaycan hökuməti növbəti dəfə seçkiləri saxtalaşdıraraq İlham Əliyevə qələbə qazandırıb. "İlham Əliyevin rəqəmləri şişirdilib. Bu millət heç vaxt İlham Əliyevə səs verməyib," deyə Milli Şuranın namizədi baş verənləri "hakimiyyətin mənimsənilməsi" kimi qiymətləndirib.

O, seçki qərargahına çox sayda saxtakarlıq faktlarının daxil olduğunu bildirib. Namizəd deyir ki, əksər seçki məntəqələrində məsul şəxslər protokolları müşahidəçilərə göstərməkdən boyun qaçırıblar. Cənab Həsənli hakim partiyanın karusellərdən, seçki qutularına bülletenlərin doldurulmasından və başqa qanunsuz vasitələrlə saxtakarlıqlara yol verdiyini deyib.

Cəmil Həsənli hələ seçki kampaniyası dönəmində hakimiyyətin cəmiyyətdə ciddi dəstəyi olmayan insanları prezidentliyə namizəd kimi qeydiyyata aldığını önə çəkərək saxtalaşdırmanın qabaqcadan planlaşdırıldığını deyib. "Necə olur ki, namizəd olmaq üçün 40,000 imza toplamış Hafiz Hacıyev səsvermədə yalnız 12-13 min səs toplaya bilir?" deyə Cəmil Həsənli sual edib.

Milli Şuranın namizədi bəyan edib ki, o, bu seçkilərin nəticələrini tanımır və hakimiyyətin qeyri-qanuni yolla mənimsənilməsinə qarşı mübarizəni davam etidrəcək.

Show comments

XS
SM
MD
LG