Accessibility links

Bloq: Mandela irsi


Bu günlərdə dünya ictimaiyyəti Cənubi Afrika milli azadlıq hərəkatının lideri Nelson Mandelanın xatirəsini yad edir. Tarixi şəxsiyyətlər panteonunda Corc Vaşinqton, Simon Bolivar, Mahatma Qandi kimilərin yanında yer almış Mandela həqiqətən də siyasi nəhəngdir. Onun apardığı siyasi mübarizə, sərgilədiyi qətiyyət, göstərdiyi fədakarlıq, humanizm və barışıq ruhu öz xalqı üçün, bəşəriyyət üçün müsbət dəyişiklik etməyə can atan hər bir adama praktiki örnəkdir. Liderlər ona görə tarixə düşmürlər ki, nəyisə edə bilərdilər, ona görə düşürlər ki, nəyisə ediblər. Bu baxımdan Mandelanın rəhbəri olduğu Cənubi Afrika Respublikasının siyasi təkamülü liderin xarakteri və bacarığı hada çox şey deyir.

Əgər bugünkü Türkiyənin İrandan niyə bu qədər fərqləndiyini bilmək istəyirsinizsə, 20-ci əsrin əvvəllərində Atatürklə Pəhləvinin apardıqları siyasət fərqlərinə baxın.
27 il həbsdə yatdıqdan sonra irqçi apartedi rejimi Mandelanı azadlığa buraxmağa məcbur oldu. Həbsdə olduğu illərdə dəfələrlə Mandelaya yolundan üz döndərmək, prinsiplərində güzəştə getmək, rejimin cızdığı oyun qaydalarına riayət etmək təklif olundu. Amma Mandela başqalarının yox, öz yolunu getdi. 21-ci əsr standartları ilə götürdükdə aparteid rejiminin çöküşü çoxlarına təbii proses kimi görünə bilər. Amma siyasətdə təbii heç nə baş vermir. Nəsə ona görə baş verir ki, kimsə o dəyişiklik uğrunda mübarizə aparır. Nelson Mandela həmin mübarizlərdən idi. Amma Mandelanı tarixə salan onun təkcə mübarizliyi yox həm də millətinin gələcəyinə idraklı baxışı idi. O, başa düşürdü ki, millətin onun fərdinə olan ümidləri Cənubi Afrika qaradərililərinin gələcəyə olan ümidlərini əks etdirir. O, asanlıqla bu ümidlərdən şəxsi mənafeləri naminə sui-istifadə edə bilərdi. Qonşu Zimbabvedə Robert Muqabenin etdiyi kimi ömrünün sonuna qədər hakimiyyətdə qalmağı qət edərdi. Amma Mandela Muqabe olmadı. Və ona görə də Cənubi Afrika bu gün Zimbabve deyil.

Computer HopeTarixdə elə həlledici məqamlar olur ki, siyasi proseslərə başçılıq edən şəxs özündə bütöv bir xalqın ümidlərini ifadə edir. Həmin şəxsin atdığı addımlar millətin gələcək trayektoriyasında mühüm rol oynayır. Yaxın Şərq tarixində bu istiqamət fəqlərini Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürklə İran Şahı Rza Pəhləvi arasındakı təzadla da səciyyələndirmək olar. Əgər bugünkü Türkiyənin İrandan niyə bu qədər fərqləndiyini bilmək istəyirsinizsə, Atatürklə Pəhləvinin apardıqları siyasət fərqlərinə baxın. Birincisi millətinin xarici düşmənlərdən xilaskarı, müstəqillik müharibəsinin qalib sərkərdəsi, Qərb təmayüllü islahatçı, parlament ideyası ilə hesablaşan respublikaçı idi. İkincisi isə yalnız öz hakimiyyətini, ailə şöhrətini düşünən, vətənini xaricilərin ayağaltısına çevirən, və bu məqsədlər uğrunda həmvətənlərini əzməyə hazır olan bir şah. Əlbəttə, Atatürk tam liberal demokrat deyildi və ömrünün sonunadək hakimiyyətdə qaldı. Amma İran şahından fərqli olaraq o öz hakimiyyətini Türkiyə xalqına, qurduğu Respublikaçı dövlət mexanizminə miras qoyub getdi. Atatürkün yaratdığı Türkiyə qabaqcıl demokratik dövlətə çevrildi, NATO-ya daxil oldu, siyasi, iqtisadi və mədəni baxımdan müsəlman aləminin parlaq nümunəsi kimi ad qazandı. Pəhləvinin şahlıq etdiyi İranda isə adamları hələ də inşaat kranlarından asırlar.

Axı mən indiəyədək öz davranışımda nə kimi əsas vermişəm ki, siz məmləkət üçün belə bir fəlakətli təkliflə üstümə gələsiniz?
Corc Vaşinqton, ona kral olmaq təklifi gətirən zabitlərə xitabən
Dövləti quran adamın qoyub getdiyi irsin trayektoriyasının mühümlüyü Corc Vaşinqtonun timsalında bəlkə daha bariz görünür. 1783-cü ildə İngiltərə ilə müharibə uğurla başa çatdıqdan sonra Corc Vaşinqtonun qarşısında seçim dayanırdı. Monarxiyalar əsrində yaşayan adam kimi o, özünü Birləşmiş Ştatların kralı elan edə bilərdi. Amma Vaşinqton “prezident” titulunu seçdi – həmin prezident titulu ki, indi dünyanın əksər ölkələrində, mahiyyətinə uyğun oldu-olmadı, idarəçiliyin standartı kimi qəbul edilib. Nelson Mandela kimi Vaşinqton da hakimiyyətini ömrünün axırınadək uzatmadı. İnqilab Müharibəsindən az sonra xaosun yaşandığı Amerikada ona kral olmağı təklif edən zabitlərə acıqlananan Vaşinqton “axı mən indiəyədək öz davranışımda nə kimi əsas vermişəm ki, siz məmləkət üçün belə bir fəlakətli təkliflə üstümə gələsiniz?” deyə xitab etmişdi. 1797-ci ildə prezidentliyi tərk edən Corc Vaşinqton gələcək ABŞ rəhbərləri üçün presedent yaratdı. Ta Franklin Rusveltədək, heç bir ABŞ prezidenti iki dəfədən çox prezidentliyə namizədliyni verməyə cürət etmədi. Prezident vəfat etdikdən az sonra isə Konqres konstitusiyaya düzəliş edərək prezidenliyə iki dönəmli məhdudiyyəti rəsmiləşdirdi.

Bu gün Nelson Mandelanın xalqı üçün nə etdiyini soruşanlar Cənubi Afrikanın demokratik mahiyyətinə baxıb cavab tapa bilərlər. Mandela kimi şəxsiyyətlərin irsi özləri ilə ölmür. Ölümlərindən sonra qol-budaq açır, çiçəklənir.
XS
SM
MD
LG