Accessibility links

Barak Obama: 2014-ə güclü iqtisadiyyatla gedirik


Obama
Obama
ABŞ prezidenti Barak Obama deyir ki, 2014-cü il “əməl ili” olmalıdır. Onun sözlərinə görə Amerika əmək bazarını təkmilləşdirməli və immiqrasiya sistemini düzəltməlidir.

İlin yekununa həsr olunmuş mətbuat konfransında cənab Obama ABŞ iqtisadiyyatındakı son irəliləyişlərdən danışıb, və əlavə edib ki, işsizliyin səviyyəsini endirmək üçün daha çox iş görmək lazımdır.

O, həmçinin bəyan edib ki, hökumətin vətəndaşları sığortalamaq üçün yaratdığı sistem təkmilləşməyə başlayıb və Konqresdə büdcə ilə bağlı əldə olunan razılıq göstərir ki, siyasi proseslər dalana dirənməyib.

Siyasi müşahidəçilər 2013-cü ilin cənab Obama üçün Ağ Evdə olduğu beş il ərzində ən pis il olduğunu deyirlər. Onun ictimaiyyət arasındakı reytinqləri kəskin enib. CNN-in apardığı son rəy sorğuları prezident Obamaya verilən dəstəyin 56 faizdən 41-ə düşdüyünü göstərir.

Prezident Obamaya ünvanlanan ən kəskin tənqid onun əsas nailiyyəti hesab edilən və Obamacare adı ilə tanınan səhiyyə islahatlarının təqdimatındakı problemlərə yönəlib. Hökumətin təsis etdiyi sayt yarandığı gündən ciddi problem və xətalarla üzləşib. Bundan əlavə, Barak Obamanın verdiyi vədə zidd olaraq səhiyyə islahatları işə düşəndən bəri milyonlarla amerikalı öz mövcud sığortalarını itiriblər.

Sabiq kəşfiyyat işçisi Eduard Snoudenin Milli Təhlükəsizlik Agentliyi tərəfindən həyata keçirilən proqramları beynəlxalq aləmə sızdırması ABŞ administrasiyası üçün rüsvayçılıq mənbəyinə çevrilib. Bu günlərdə federal hakim agentliyin fəaliyyətlərinin Konstitutsiyaya zidd olduğu qənaətinə gəlib. Söhbət milyonlarla amerikalının telefon zəngləri haqda məlumat bazası toplanmasından gedir.

Xarici siyasətə gəlincə, Prezident Obama İrana qarşı yeni sanksiyalar tətbiq etməyin yersiz olduğunu söyləyib. Onun sözlərinə görə əgər beynəlxalq ictimaiiyyət danışıqlara ciddi baxırsa, onda elə bir atmosfer yaratmalıdır ki, İranın nüvə proqramı dinc və müsbət qaydada həllini tapsın.

Prezident Ağ Evdə müxbirlərlə Milad bayramını doğma yurdu Havay ştatında keçirməyə yollanmazdan əvvəl görüşüb. Ölkənin birinci ailəsi Yeni İlədək Havayda qalacaq.
XS
SM
MD
LG