Accessibility links

Bloq: Yüz il öncə

  • Əsgər Möhsümoğlu

Avtomatlaşdırılmış pulemyot müharibənin mahiyyətini dəyişdi.

Avtomatlaşdırılmış pulemyot müharibənin mahiyyətini dəyişdi.

Nəticələrinin miqyasına və təsirinə görə Birinci Dünya Müharibəsini müasir bəşər tarixinin ən mühüm olayı saymaq olar. İlk dəfə olaraq dünyann bütün aparıcı qüdrətlərini özündə əks etdirən qanlı savaşlar seriyası dörd il çəkdi. Bu müddət ərzində imperiyalar dağıldı, yeni dövlətlər meydana çıxdı, siyasi quruluşlar dəyişdi və növbəti, daha qanlı müharibənin toxumları səpildi. Bu, həm də avtomatlaşdırılmış ölümsaçan silahların müharibəsi idi. Yay fəslinin son ayında şövqlə müharibəyə yollanan milyonlarla alman, fransız, ingilis və rus anlamırdı ki, bu müharibə əvvəlkilərdən necə fərqli və necə ölümcül olacaq. Birinci Dünya Müharibəsi qəhrəmanlıq yox, qırğın salnaməsi idi. 2014-cü ilə qədəm qoyurkən həmin olayların cahanşümul əhəmiyyətini nəzərdən keçirən Riçard Evans zəmanəmizin durumu ilə maraqlı parallel çəkir.


Evans hesab edir ki, 1900-cü illərin əvvəllərində Britaniya dünyann hegemon qüvvəsi, Almaniya isə onun meydana çıxan yeni rəqibi idi. Britaniya-Almaniya münasibətlərini 21-ci əsrdə ABŞ-Çin münsaibətlərinə bənzədən tarixçi hesab edir ki, iki dövlətin siyasi-ideoloji quruluşları arasında da kəskin fərqlər mövcuddur. “O vaxt Britaniya kimi Amerika da öz demokratik sistemi ilə hökumətin vətəndaşlara cavabdeh olduğu siyasi sistemi tərənnüm edirdi. Çin isə o vaxtkı Almaniya kimi tənqidçiləri həbsə atan polis rejimidir,” Evans yazır. Millətçiliyin gücləndiyi Çin o vaxtkı Almaniya kimi qonşuları ilə ərazi mübahisələrinə girişib, addımbaşı harasa iddia qoyur. Oxşar dərəcədə Çin sürətli iqtisadi artıma yenicə qədəm qoymuş, və iqtisadi uğurlarını siyasi dividentlərə çevirməyə can atan Almaniyanı xatırladır.

Müharibəyə yollanan əsgərlər cəbhədə onları nə gözlədiyindən bixəbər idilər.

Müharibəyə yollanan əsgərlər cəbhədə onları nə gözlədiyindən bixəbər idilər.

Birinci Dünya Müharibəsində katalizator rolu oynamış Balkan regionunu Evans hazırkı Yaxın Şərqlə müqayisə edir. Suriyada cərəyan edən qanlı vətəndaş müharibəsini və sünni-şiə ədavətinin qızışmasını misal gətirən tarixçi o vaxt Balkanda da təriqətlərarası münasibətlərin eyni dərəcədə kəskin olduğunu və regionun barıt çəlləyinə çevrildiyini yazır. Bəziləri bu ölkələrin böyük dünya siyasətində o qədər də əhəmiyyət kəsb etdməyini düşünə bilər. Amma nəzərə almaq lazımrdır ki, dünyanın xəritəsini dəyişən Birinci Dünya Mühairbəsi o vaxt çox az adamın tanıdığı adi bir serb millətçisinin gülləsi ilə başlamışdı. Sarayevo şəhərində Qavrilo Prinsipin Avstriya vəliəhdi qraf Frans Ferdinandı vurması ilə Avstriya Serbiyaya müharibə elan etdi. Arxasınca Almaniya və Osmanlı İmperiyası serblərin himayədarı rolunda çıxış edən Rusiya ilə savaşa qatıldılar. Sonra isə Fransa, Britaniya və nəhayət Amerika Birləşmiş Ştatları.

Hazırda Yaxın Şərqdə mübarizə aparan tərəflər heç regional qüdrət də sayıla bilməz. Amma nəzərə almaq lazımdır ki, böyük qüdrətlərin onların üzərindəki təsir mexanizmləri olduqca zəifdir. Təsəvvür edin ki, artıq bir neçə ildir Suriyada qan su yerinə axır, yüz mindən çox adam həlak olub, amma ABŞ, Rusiya və Çin kimi fövqəldövlətlər qan-qadanı dayandırmaqda acizdirlər.

Təkcə Verdun şəhəri uğrunda gedən döyüşlərdə bir milyona yaxın adam tələf oldu.

Təkcə Verdun şəhəri uğrunda gedən döyüşlərdə bir milyona yaxın adam tələf oldu.

Bəs fərq nədədir? Evans hesab edir ki, böyük qüdrətlər keçmişdən bəzi dərsləri əxz ediblər. Heç bir iri dövlət regional münaqişələrə qarışmağa, yaxud ondan siyasi qazanc əldə etməyə meyl göstərmir. Böyük qüdrətlərin müharibəyə iştahı azalıb. 1815-ci illə 1914-cü il arasında hərbi təlafatların sayı əvvəlki əsrlər müqayisədə yeddi dəfə az idi. Bu da avropalılar arasında növbəti müharibədə təlafatların daha az olacağı haqda büstübün yanlış təsəvvürə yol açmışdı. Əvvəlki müharibələrin sürətli və aydın qalibiyyətlə bitməsi çoxlarında təhlükəli arxayınlıq yaratmışdı. Heç kim güman etmirdi ki, pulemyot erasında cəmi bir neçə kvadrat kilometr ərazi üstündə döyüşdə yüz minlərlə adam qırıla bilər. Müharibəyə yollanan gənclər üçün bu həm də bir şərəf məsələsi idi. “Döyüşə gedib, kişi kimi vuruşub, qayıdacağıq” çoxlarının hesablaması idi.

Bilmirəm ki, üçüncü dünya mübarhibəsini hansı silahlarla vuruşacağıq, ancaq əminəm ki, dördüncü dünya müharibəsi çubuqlar və daşlarla vuruşulacaq.

“Bu cür düşüncə bir əsr sonra anlaşılmaz görünür. Nüvə əsrinin siyasi liderləri çox gözəl başa düşürlər ki, dünya düzəni nə dərəcədə zərifdir. Primitiv əzələ nümayişi indi məsxərəyə tuş gəlir. Nasizmin dəhşətləri, elitalar arasında bir vaxtlar hörmətli yerə sahib sosial Darvinizm düşüncəsi 1939-45-ci illərdə büsbütün iflasa uğradı,” deyə Evans 21-ci əsrdə millətlərin müharibəyə çox elə meyl göstərməməsinin səbəblərini izah edir. Bundan əlavə münaqişənin başlıca amillərindən olan kolonializm artıq dəbdən düşüb. Heç bir ölkə hətta avtoritar Çin də güman etmir ki, hansısa hərbi qələbə ona Veytnam yaxud Filippin üzərində hökmranlıq etməyə şərait yaradacaq.

Tarixçilər I Dünya Müharibəsində həlak olanların ümumi sayının 16 milyondan çox olduğunu təxmin edirlər.

Tarixçilər I Dünya Müharibəsində həlak olanların ümumi sayının 16 milyondan çox olduğunu təxmin edirlər.

Fərqlər əlbəttə ki, çoxdur. Ayrı dönəm, fərqli düşçüncələr. Bununla belə, yaddan çxıarmaq olmaz ki, bu dövrlərin paylaşdığı mühüm ortaq amil var – bəşər övladı. Əsrlər boyu özünün elmi-fəlsəfi nailiyyətləri, eyni zamanda hədsiz qəddarlığı ilə insan yaradıcı qüvvəyə malik olduğu qədər dağıdıcı qüvvəyə malik olduğunu dəfələrlə göstərib. Sağlam məntiq deyir ki, Yer kürəsini bir neçə dəfə dağıtmaq gücünə malik olan atom qüdrətləri bir-biri ilə müharibəyə getməyə cürət etməzlər. Amma həmin məntiq dünyanı viran qoyan Birinci və İkinci Dünya Müharibələrində imdada yetişmədi. “Bilmirəm ki, üçüncü dünya mübarhibəsini hansı silahlarla vuruşacağıq, ancaq əminəm ki, dördüncü dünya müharibəsi çubuqlar və daşlarla vuruşulacaq,” deyə alim Albert Eynşteyn növbəti dünya miqyaslı münaqişənin bəşər sivilizasiyasına son qoyacağına eyham vurmuşdu. Olsun ki, qızğın ritorikaya əl atan, odla oynadıqlarının fərqində olmayan siyasi liderlər keçmişin qara səhifələrini varaqlayıb, özləri və xalqları üçün ibrət dərsi götürsünlər.

XS
SM
MD
LG