Accessibility links

Amerikanın iqtisadi qüdrəti haqda aydın təsəvvür əldə etmək istəyən adamlar üçün internetdə dolaşan unikal xəritə maarifləndiricidir. Amerikanın hər ştatını ümumdaxili məhsulu (ÜDM) mütənasib olan bütöv bir ölkə ilə ifadə edən xəritə təkcə ABŞ haqda deyil, dünyanı həqiqi mənzərəsi haqda çox şey deyir. Məsələn, məlum olur ki, Amerika ilə həmsərhəd olan Kanada və Meksikanın iqtisadiyyatları ABŞ-ın cəmi iki ştatının iqtisadiyyatına bərabər həcmdədirlər. Kanadanın ümumdaxili məhsulu Texas boyda, Meksikanınkı isə İllinoys ştatı boydadır. Daha maraqlısı daim ABŞ-la siyasi rəqabət aparmağa can atan Rusiyadır. Təbii sərvətlərlə zəngin ərazisi iki dəfə Amerikadan iri olan Rusiyanın iqtisadiyyatı Birləşmiş Ştatlarınkından azı yeddi dəfə kiçikdir.

ABŞ-ın ümumdaxili məhsulu növbəti yerləri tutan dörd iqtisadiyyatın ÜDM-nə bərabərdir

ABŞ-ın ümumdaxili məhsulu növbəti yerləri tutan dörd iqtisadiyyatın ÜDM-nə bərabərdir

Xəritə 2007-ci ilin rəqəmlərini əks etdirsə də, 2013-cü ildə nisbət əsasən oxşar qalır. 16 trilyon dollar həcmində ümumdaxili məhsula malik olan ABŞ-ın iqitsadi imkanları ondan sonra gələn növbəti ən qüdrətli dörd iqtisadiyyatın (Yaponiya, Almaniya, Çin və Böyük Britaniya) cəminə bərabərdir. İqtisadçılar ÜDM deyəndə ölkə hüdudları daxilində həmin ölkənin vətəndaşlarının və xaricilərin nail olduqları istehsalatın və xidmətlərin ümumi dəyərini nəzərdə tuturlar. Bu baxımdan iqtisadiyyatın həcmini ölçmək üçün əsas barometr kimi çox vaxt ÜDM-in həcmi əsas götürülür. Xəritədən göründüyü kimi ölkənin əhalisinin sayı yaxud ərazisinin böyüklüyü heç də oniun iqtisadi qüdrətini ifadə etmir. Məsələn, cəmi 7 milyonluq əhaliyə malik İsrailin ÜDM-i 190 milyonluq Pakistanın ÜDM-inə bərabərdir. Beş milyonluq əhaliyə malik Norveç yarım trilyon dollarlıq ÜDM-i ilə əhalisi 80 milyonu ötmüş İranla eyni pillədə dayanır, doqquz milyon əhalisi olan Azərbaycandan yeddi dəfə varlıdır.

Məhz bu səbəbdən iqtisadiçılar təkcə ölkənin ÜDM-inə yox, həm də onun əhalisinə və adambaşı ÜDM-ə xüsusi diqqət yetirirlər. Ölkənin iqtisadi qüdrətini onun ümumdaxili məhsulunun həcmi ifadə edirsə, hər vətəndaşına düşən gəliri və beləliklə də onun rifah halını adambaşı ÜDM ifadə edir. Ona görə də həyat standartları baxımdan eyni iqtisadi qüdrətə malik İsrail Pakistandan, Norveç isə İrandan xeyli irəlidə gedir. Bu baxımdan dövlətlərin iqtisadi qüdrətini ifadə edən rəqəmlərdə bir qanunauyğunluq müşahidə olunur. Demokratik siyasi quruluşa malik olan ölkələrdə iqtisadi rifah halı avtoritar yaxud totalitar rejimlərdə mövcud olan durumdan xeyli yaxşı olur. Nəzərə alanda ki, İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə nəhəng neft resursları bu dövlətlərin həqiqi iqtisadi geriliklərini kompensasiya edir, onda aydın olur ki, iqtisadi düzəndə avtoritar rejimlərin demokratiyalarla rəqabət aparması imkansızdır. Eləcə də elm, texnologiya, təhsil və hərbi müstəvidə.

Demokratiya hüquq aliliyi, mülkiyyət hüquqlarının qorunması, müstəqil məhkəmə, cavabdeh hökumət, azad bazar, azad ticarət deməkdir. Bu nemətlərin olmadığı yerdə güclü iqtisadiyyat qurmaq qeyri-mümkündür.
Demokratiya hüquq aliliyi, mülkiyyət hüquqlarının qorunması, müstəqil məhkəmə, cavabdeh hökumət, azad bazar, azad ticarət deməkdir. Bu nemətlərin olmadığı yerdə güclü iqtisadiyyat qurmaq qeyri-mümkündür. Qanunların möhkəm qaydada qorunmadığı, səlahiyyətli şəxslərin arbitrar iradəsinə tabe edildiyi yerdə pul yatırmaq təhlükəlidir. Belə məkanlarda uzunmüddətli planlaşdırmalar aparmaq da çətin olur. Üstəlik, avtoritar cəmiyyətlərdə insanların təşəbbüskarlıq əmsalı azad cəmiyyətlərdəkindən xeyli az olur. Ürkək adamlar əlini ağdan qaraya vurmağa, riskə getməyə qorxurlar, çəkinirlər. Onların sırasından Henry Ford (Ford Avtoşirkəti), John D. Rockefeller (Standard Oil), Bill Gates (Microsoft), Steve Jobs (Apple), Mark Zuckerberger (Facebook), Sergey Brin (Google) kimi adamlar çıxmır. İri biznes həmişə bilik və bacarıqla yanaşı, risk, ideyalar, özünəinam, güclü ruh və azadlıq tələb edir. Bir qayda olaraq avtoritarizmə meylli ölkələrdə dövlət başçıları ölkələrinin bazarlarını qoruduqlarını əldə bayraq edərək beynəlxalq ticarət şəbəkəsinə qoşulmamaqlarına bəraət qazandırırlar. Həqiqətdə isə onlar beynəlxalq ticarətin fundamental şərtlərini qəbul etməkdən boyun qaçırırlar – o şərtlər ki, təkcə bazarları yox, həm də ram edilmiş cəmiyyətin buxovlarını açır.

Show comments

XS
SM
MD
LG