Accessibility links

Bloq: Sovet irsi


“Keçmişin səhvlərini öyrənməyənlər onları təkrarlamağa məhkumdurlar,” deyə ispan filosof Corc Santayana müşahidə etmişdi. Bu ifadəni mən Qış Olimpiya Oyunlarının açılış mərasiminə baxarkən xatırladım. Diqqətimi Rusiya tarixinə ekskursiya çərçivəsində Sovet dövrünün təsviri cəlb etdi. Mərasim zalına oraq-çəkicin gətirilməsi ilə müşayiət olunan tamaşada Stalin dövrü intensiv sənayeləşdirmə kimi təqdim olunurdu. Mənzərəni seyr edən məlumatsız adam heç bilməzdi ki, tarixin bu periodunda milyonlarla adam güllələnmiş, acından öldürülmüş, Sibirə sürgün edilmiş, ailələr dağıdılmış, bütöv millətlər pərən-pərən salınmışdır. Əlbəttə ki, görüntülərlə tarixi reallıq arasındakı təzad Stalin dəhşətləri haqda müəyyən təsəvvürləri olan bir çox amerikalının diqqətindən də qaçmadı.


“Vladimir Putinin kommunist sisteminə rəğbətlə yanaşdığını bilmək üçün Olimpiya Oyunlarına baxmağa ehtiyac yox idi,” John Fund yazır. “2009-cu ildə Rusiya dövlət televiziyasının nümayiş etdirdyi “Divar” adlı sənədli filmdə sabiq Sovet casusu Vladimir Putinin DTK-nın Drezdendəki qərargahına hücum çəkən şərqi alman dissidentlərinə necə sinə gərdyi fəxrlə nümayiş etdirilir. ‘Putin kütləni geri çevirməyə nail oldu,’ deyə sənədli film DTK agentinin gördüyü işi qürur doğuracaq nailiyyət kimi tamaşaçılara nəql edir.” Bu, həmin Putindir ki, iki dünya müharibəsini bir tərəfə qoyaraq, Sovet İttifaqının dağılmasını XX əsrin ən böyük geo-siyasi fəlakəti adlandırıb, totalitar kommunist dövlətinin himnini Rusiyanın milli himni qismində bərpa edib, Lenin və Stalin haqda tarix kitablarında mənfi rəyləri sildirib. Bu baxımdan Vladimir Putin üçün Soçi Oyunları həm də tarixə öz baxışını təkcə daxili yox həm də xarici auditoriyalara qəbul etdirmək üçün bir fürsətdir. Sovet İttifaqının cinayət dolu keçmişini palaz altına süpürməklə indiki Rusiya rəhbərliyi göstərmək istəyir ki, Sovet İttifaqı şərin yox, xeyirin carçısı olub.

Kolıma düşərgəsində siyasi məhbuslar işləyərkən.
Kolıma düşərgəsində siyasi məhbuslar işləyərkən.
“Amerikada biz daim quldarlığın irsi ilə çarpışırıq. Bu, bizim müsbət tərəfimizdir. Amma niyə heç kəs Sovet İttifaqının sözün əsl mənasında qul əməyi üzərində qurulduğunun fərqində deyil?” Jonah Goldberg sual edir. Vladimir Lenin və Leon Trotski 1918-ci ildən başlayaraq yüz minlərlə adamı ölüm düşərgələrinə doldurmağa başladılar. Amma milyonlarla insanı qula çevirən Stalinlə müqayisədə onların qəddarlıqları kiçik məsələ idi. “Söhbət burada metaforik quldarlıqdan getmir, işgəncə, zorlama və aclıqla sistemləşdirilmiş həqiqi quldarlıqdan gedir,” deyə köşə yazarı Anna Apllembaumun Qulaq kitabına istinad edir: Qar üstünə yıxılmış həbs düşərgəsinin məhbusuna heç kim qalxmağa kömək etmir. Paltarlarını əynindən çıxarırlar. Binəvanın həyatda sonuncu sözləri belə olur: “Yaman soyuqdur.” Yaxud da soyuq və aclıqdan anasının qucağında keçinən 15 aylıq Eleanoranın taleyi. Bu cür hekayələr minlərlə, on minlərlədir. “Olimpiya Oyunlarında modernizasiyanın və elmi sosializmin rəmzi kimi təqdim edilən rejim sındırılmış həyatların və unudulmuş meyitlərin üzərində qurulub,” deyə Goldberg ətraf dünyanı Stalinizmin qəddar irsinə biganə qalmamağa çağırır.

Yüz minlərlə adam Sibirə sürgün olunaraq adsız məzarlarda dəfn olundu.
Yüz minlərlə adam Sibirə sürgün olunaraq adsız məzarlarda dəfn olundu.
Goldberg burada başqa maraqlı fenomen də müşahidə edir. Politoloq Hanna Arendt Nasist Almaniyasında konsenstrasiya düşərgələrinə köçürülməyə nəzarət edən Adolf Ayxmanın normal həyat tərzini təsvir etmək üçün “şərin banallığı” adlı termin icad etmişdi. Sabiq nasistin məhkəməsini izləyən Arendt son dərəcə qəddar cinayətlər törətmiş adamı darixdırıcı, ailə adamı olan adi bürokrat kimi təsvir etmişdi. Arendtin çatdırmaq istədiyi o idi ki, Holokostun mənəvi dəhşətləri o həddə çatmışdı ki, artıq cinayət norma kimi qəbul olunmuşdu. Yəhudiləri qıranlar gözünü qan tutmuş qəzəbli kütlə yox, bununla gündəlik iş kimi məşğul olan dövlət qulluqçuları, bürokratlar idi. Şər sözün əsl mənasında banallaşmış, adiləşmişdi. Vladimir Putinin normal tarixi proses kimi qələmə verməyə cəhd etiyi Sovet irsi əslində banallaşdırılmağa çalışılan şərdir.

Bəşəriyyətə qarşı cinayətlərinin miqyasına və qəddarlığına görə Sovet İttifaqı Nasist Almaniyasından heç də geri qalmır.

Fakt budur ki, bəşəriyyətə qarşı cinayətlərinin miqyasına və qəddarlığına görə sovetlər nasistlərdən heç də geri qalmır. Əslində Nasist Almaniyasının həyata keçirdiyi bir çox praktikalar, o cümlədən konsentrasiya düşərgləri Sovetlərdən əxz olunmuşdu. Adamların 20 dəqiqəlik məhkəmədən sonra güllələnməsi, Sibirin ölüm düşərgələrinə ailəvi sürgün, etiraflar alınması üçün verilən ifrat işgəncələr, kollektivizasiya kampaniyasının doğurduğu kütləvi aclıq, ardı-arası kəsilməyən repressiyalar Sovet İttifaqının ilk qırx ilini səciyyələndirib. Amma Almaniyadan fərqli olaraq Sovet İttifaqında indinin özünə qədər bir nəfər də adam törədilmiş cinayətlərə görə cavabdeh tutulmayıb. Post-müharibə Almaniyasında qalib müttəfiqlər Nüremberqdə məhkəmə quraraq Hitlerə xidmət etmiş zabitlərin çoxunu törətdikləri cinayətlərə görə cəzalandırdılar. Sonradan amerikalıların nəzarət etdiyi Qərbi Almaniyada (AFR) genişmiqyasll denatsifikasiya aparıldı, həbs olunanlar illərlə yatdı, həbs olunmayan sabiq nasistlərə isə dövlət xidmətində qulluq etmək ömürlük qadağan olundu. Post-Sovet məkanında isə heç kəs cəzalandırılmadı. Sabiq kommunistlər bir gecənin içində demokrata, sonra isə millətçiyə çevrildilər. Totalitar sistemin özəyində dayanan xüsusi xidmət orqanlarının əməkdaşları şərəfləndirildi, elitar mövqelərini qoruyub saxladılar. Putin kimi onların bir çoxu yaxud övladları indi keçmiş SSRİ ərazisində rəhbər vəzifələr tuturlar, dövləti idarə edirlər.

Adını daşıdığım Əsgər babam İosif Stalin kollektivizasiyaya start verənədək Xızı bölgəsinin Tıxlı kəndində özəl təssərrüfatla məşğul olurdu. Üzüm bağları, onlarla baş mal-qarası var idi. 1930-cu illərin əvvəllərində kolxozlaşdırma başlananda bir çox başqa fermerlər kimi “kulak” kabusu onun da başının üstünü aldı. Özünü dolandıra bilən kim vardısa, NKVD onu “kulak” elan edib ya güllələyir ya da sürgün edirdi. Bu sonucdan qurtulmaq üçün Əsgər baba bütün mülkiyyətini atıb, Bakıya üz tutdu. Əvvəlcə Sovetski məhəlləsində özəl evdə, daha sonra isə Yasamalda mənzil binasında məskunlaşan köhnə fermer birinci mərtəbənin qarşısındakı kiçik torpaq sahəsini yamyaşıl, güllü-çiçəkli bağçaya çevirmişdi. Bəlkə də bu, torpağı, malı-mülkü əlindən alınmış bir adamın Sovetlərin ucdantutma tikdirdiyi “xruşovka” adlanan boz, eybəcər massivdə insanlarla qarışqa kimi rəftar edən sistemə müqaviməti idi. O, qarışqa deyildi. Əllərinin əməyi ilə əkib becərən, qurub yaradan, şərəfi və etibarı ilə tanınan ocaq başçısı idi. Reallıq budur ki, babam kimi milyonlarla insana qarşı törədilən cinayətlərə görə nə Stalinin ölümündən,nə də SSRİ dağıldıqdan sonra heç kəs cavab vermədi, heç kəs cəzalandırlmadı. “Sistem beləydi” kimi mənasız, məntiqsiz bəhanə ilə keçmişin cinayətləri ört-basdır olundu. Sanki mənim babamın torpağını əlindən alanlar, yüz minlərlə başqalarını erkən ölümə göndərənlər hamısı Marsdan gəlmişdilər.

Ərəb folklorunda tifaqı dağılan ərəb bədəvisi haqda ibrətamiz hekayə var. Günlərin bir günü ahıl bədəvinin toyuğunu oğurlayırlar. Patriarx oğullarını yanına çağırır və deyir: “Övladlarım, bizi böyük təhlükə gözləyir. Kimsə mənim toyuğumu oğurlayıb.” “Ata, toyuq sənin nəyinə gərəkdir?” deyə oğullar atalarını sakitləşdirməyə çalışır. “Sizə qalmayıb. Mənim toyuğumu tapın!” ata cavab verir. Oğullar atanın dediklərinə məhəl qoymur. Üstündən bir ay keçir. Kişinin dəvəsi oğurlanır. “Nə edək?” deyə oğullar atanın üstünə gəlir. “Toyuğumu tapın,” deyə kişi israr edir. Oğullar yenə də məhəl qoymur. Bir neçə həftə sonra kişinin qızını zorlayırlar. Ata oğulları bir yerə yığıb deyir: “Bütün bunlar hamısı toyuğa görə baş verdi. Onlar görəndə ki, bizim toyuğumuzu apara bilərlər, hər şeyi itirdik.” Bu gün Rusiyada və sabiq Sovet respublikalarında baş alıb gedən haqsızlıqların səbəbini bilmək istəyənlər ilk öncə itən toyuğu tapmalıdırlar. Toyuq oğrularının meydan suladığı məkanda bunu etmək isə hələ ki, çətindir.

P.S. 1960-cı ildə – Nasist Almaniyasının süqutundan 15 il sonra – Mossad agentləri Argentina paytaxtı Buenos Ayresin civarında Adolf Ayxmanı yaxalayıb İsrailə gətirdilər. Argentina hökuməti bir qayda olaraq ekstradisiya müraciətlərini rədd etdiyi üçün İsrail dövləti bu əməliyyatı icazəsiz keçirmişdi. İsrail dövlətinin qurucusu David Ben-Qurion millətinin qatillərindən heç olmasa birini də ədalət məhkəməsi qarşısına çıxarmağı özünə borc bilirdi. Ayxmanı tutmaq üçün xüsusi xidmət idarəsinin ən bacarıqlı əməkdaşları səfərbər edilmişdi. 1961-ci ildə geniş və şəffaf məhkəmə prosesinin ardınca minlərlə yəhudinin ölümünə bais olduğu sübuta yetirilən Ayxman edam edildi. Növbəti gün səhər saat 4-də İsrail hərbi dəniz qüvvələrinin əsgərləri kremasiya edilmiş Ayxmanın külünü beynəlxalq sularda Aralıq Dənizinə tökdülər.

XS
SM
MD
LG