Accessibility links

David Satter: Putin xalq inqilabından qorxur [Video]


Vaşinqtonda qərargahlanan Hudson İnstitutunun eksperti David Satter Amerikanın Səsinə müsahibədə Rusiyanın Krıma hərbi müdaxiləsini şərh edib. Onun fikrincə Krımı zəbt etməklə Vladimir Putin öz siyasi reytinqlərini qaldırmağa və Ukraynada baş verdiyi kimi hakimiyyətdə olan kriminal oliqarxiyaya qarşı xalq inqilabının qarşısını almağa can atır.

Əsgər Möhsümoğlu: Siz uzun müddət Rusiya üzrə ekspert olmusunuz. Vladimir Putin hökumətinin idarəçiliyi altında baş verən hüquq pozuntuları, aqressiv xarici siyasət haqda tənqidi yazılar yazmısınız. Rusiyanın Krıma hərbi müdaxiləsi iszi təəccübləndirdimi?

David Satter: Deyə bilmərəm ki, Ukraynada baş verənlər məni bir elə çox heyrətləndirdi. Belə ki, Ukraynada hakimiyyətdə olmuş kriminal oliqarxiya Rusiyanı hazırda idarə edən kriminal oliqarxiyaya çox oxşardır. Rusiya rəsmiləri qonşu ölkədə xalq inqilabı, anti-kriminal inqilab görmək istəmirlər, çünki bu olay rus xalqının özü üçün bir örnək ola bilər.

Əsgər Möhsümoğlu: Prezident Vladimir Putin Krımı ilhaq etməklə nəyə nail olmaq istəyir? Bu addımın siyasi yaxud iqtisadi dividentləri hansılardır?

David Satter: Qısa dönəmdə Putin rus ictimaiyyətinin dəstəyini qazanmağa çalışır. Ona görə də o, Krımı zəbt etməkdə maraqlıdır. Hər halda Rusiya ərazi baxımdan korluq çəkmir. Amma bu növ hərəkətlər rus ictimaiyyəti arasında populyardır. Məsələn, 2008-ci ildə Rusiya Gürcüstanı zəbt edəndə, o vaxtkı prezident Dmitri Medevedevin reytinqləri xeyli yüksəlmişdi. Bu, rejimi gücləndirməyin yollarından biridir.

Əsgər Möhsümoğlu: Bu, son bir neçə ildə sabiq Sovet məkanında ikinci belə hərbi müdaxilədir. Sizcə sabiq Sovet respublikalarında narahatlığa ciddi əsas varmı?

David Satter: Müəyyən mənada Baltlikyanı respublikalar NATO-ya daxil olmaqla bu problemi həll ediblər. Amma oxşar imtiyaza malik olmayan ölkələr üçün bu, problemdir. Məsələn, Qazaxıstanın şimalında ruslar məskunlaşıb. Sabah Rusiyanın şimali Qazaxıstana girib orada referendum keçirib həmin ərazini ilhaq etməyəcəyinə kim zəmanət verə bilər? Bu presedent sabiq Sovet respublikaları, o cümlədən Rusiyanın özü üçün çox təhlükəlidir. Əgər Rusiya belə davrana bilərsə, onda niyə Çin Uzaq Şərqdə çinli azlığı qorumaq üçün Rusiyaya hərbi müdaxilə etməsin?

Əsgər Möhsümoğlu: Biz ikinci Soyuq Müharibənin astanasındayıqmı? Baş verənlər ABŞ-Rusiya münasibətlərinə necə təsir göstərəcək?

David Satter: Əlbəttə ki, münasibətlər yalnız pisləşə bilər. Ortada Əfqanıstanın işğalı kimi bir presedent var. Həmin vaxt baş vermiş hərbi müdaxilədə insanlar ölmüşdü. Bu, münasibətləri xeyli soyutdu. Həmin müdaxilənin ardınca ABŞ sərt sanksiyalar qəbul etdi. Rusiyaya taxıl satışı dayandırıldı. Amerika idmançıları 1980-ci il Olimpiya Oyunlarına qatılmadılar. Hesab edirəm ki, Ukrayna suverenliyinə təcavüz, Ukrayna torpaqlarından bir parça qoparmaq cəhdi münasibətlərə hökmən mənfi təsir göstərəcək.

Əsgər Möhsümoğlu: Bir az da tarixdən danışaq. Sizcə Rusiya prezidenti Vladimir Putinin davranışı müasir Rusiya tarixində rəhbərlərin davranışlarına nə dərəcədə uyğun gəlir.

David Satter: Onun davranışı öz sələflərinin davranışı ilə üst-üstə düşür. Onlar həmişə başqa ölkələri xilas etmək üçün onları zəbt edirlər. Ruslar bunu Macarsıtanda, Çexoslovakiyada etdilər. Onlar Əfqanıstanı xarici qüvvələrdən qorumaq üçün zəbt etmişdilər, halbuki xarici qüvvə elə onların özləri idi. Onları Ossetiyanı Gürcüstandan xilas etdilər. İndi də Krımı ukraynalılardan. Halbuki ruasların təxəyyülündən başqa heç yerdə Krımda rusların hüquqlarının pozulmasına dair dəlil yoxdur. Rusiya daim sərhədlərini genişləndirmək üçün bu bəhanədən istifadə edib.
XS
SM
MD
LG