Accessibility links

MHİ hökuməti “Qanun” Nəşriyyat Evinə qarşı təzyiqləri dayandırmağa çağırır


Şahbaz Xuduoğlu

Şahbaz Xuduoğlu

Qurum hakimiyyətin hərəkətlərini bütün mətbəələri nəzarət altına almaq, onları öz siyasi senzurasına tabe etdirmək siyasətinin tərkib hissəsi sayır

Media Hüququ İnstitutu (MDİ) “Qanun” Nəşrlər Evinə qarşı hökumətin planlı və inzibati resurslardan, qanunlardan istədiyi kimi istifadə etməklə basqılarının artmasından, nəşriyyatın fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşməsindən ciddi narahatdır. Bu barədə MDİ-nin bəyanataında deyilir.

“Qanun” Azərbaycanın ilk müstəqil nəşriyyatları və mətbəələrindəndir. “Qanun” kitab nəşri sahəsində mühüm işlər görür, dünya ədəbiyyatında tanınmış əsərlərin azərbaycancaya tərcümə edilib yayılmasına böyük töhvələr verir. Nəşriyyat ölkədə mövcud olan qeyri-rəsmi siyasi senzuranın çərçivəsində qalmaqdan imtina edib, siyasi hakimiyyətin bəyənib-bəyənməməsindən asılı olmayaraq ifadə azadlığına və oxucuya xidmət etmək prinsiplərinə sadiq qalıb. Bu səbəbdən də növbəti dəfə ciddi basqıların hədəfinə çevrilib”, sənəddə qeyd edilir.

Belə ki, 2013-cü ilin noyabrında Vergilər Nazirliyi heç bir sənəd, qərar təqdim etmədən “Qanun”a gələrək onun bütün sənədlərini, kompüterlərini zorla özləri ilə aparıblar. Bunun ardınca Vergilər Nazirliyinin Audit Departamenti Nəşrlər Evinin 150 min manat cərimələnməsi barədə qərar çıxarıb. “Qanun”un həmin qərardan verdiyi, eləcə də müəssisənin sənədlərinin geri qaytarılması barədə müraciətləri məhkəmələr tərəfindən heç bir əsaslandırma olmadan rədd edilib. Nəşriyyat barəsində cinayət işi başlanılıb, onun bütün işçiləri, habelə “Qanun”la əməkdaşlıq etmiş bütün yazarlar və tərcüməçilər cinayət işinin istintaqına çəlb olunaraq istintaq qurumlarında sorğu-sual edilibilər. “Çalışanların davamlı olaraq sorğu suala çəkilməsi, iş kompüterlərinin götürülməsi, müəssisənin üzərinə fantastik məbləğdə cərimə yükünün qoyulması “Qanun”u iflic edib. Nəşrlər Evi fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir”, bəyanatda deyilir.

Media Hüququ İnstitutu “Qanun”a qarşı bu hücumu hakimiyyətin ölkədə bütün mətbəələri nəzarət altına almaq, onları öz siyasi senzurasına tabe etdirmək, həm kitab və qəzet nəşrini, həm də sair nəşrləri öz siyasi senzurası altına almaq siyasətinin tərkib hissəsi sayır.

MHİ hesab edir ki, “Qanun”a qarşı bu basqılar Azərbaycanda ifadə azadlığına ağır zərər vuracaqdır.

MHİ hökuməti “Qanun”a qarşı vergi yoxlamaları adı altında qanunsuz basqıları təcili dayandırmağa, ölkənin inkişafına ciddi zərər vura biləcək siyasi senzura tətbiqinə bərabər olan belə siyasət yürütməkdən çəkinməyə çağırır. MHİ hökuməti müstəqil nəşriyyat və mətbəələrin yaranması və inkişafına, ölkədə fərqli düşüncələrin və bədii təxəyyülün sağlam rəqabətinə rəvac verə biləcək hökumət siyasəti hazırlamağa və həyata keçirməyə çağırır.

Öz növbəsində rəsmi Bakı ölkədə fikir və mətbuat azadlığının tam təmin edildiyini bildirir. Dövlət məmurları ölkənin Avropa hüquq məkanında olduğunu və heç kimin fikrini azad ifadə etdiyinə görə məsuliyyətə cəlb edilmədiyini bayan edir.
XS
SM
MD
LG