Accessibility links

Hərbi itkilər 28 nəfərdir


“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

“Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hərbi itkilərin növbəti siyahısını açıqlayıb

"Bu ilin əvvəlindən Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkiləri 28 nəfər təşkil edib. Daha 36 nəfər isə yaralanıb və ya bədən xəsarəti alıb". Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən Amerikanın Səsinə bildirilib.

Mərkəzin direktoru Cəsur Sümərinli qeyd edib ki, müvafiq dövrdə dünyasını dəyişənlərin 6-ı döyüş, 3-ü mina partlaşıyı, 19-u isə qeyri-döyüş itkisidir. 3 nəfər avtoqəzadan,1 nəfər naməlum səbəbdən, 3 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 3 nəfər xəstəlikdən dünyasını dəyişib. 9 nəfər intihar edib (asma, güllələmə, intihar).

Dünyasını dəyişənlərin 25-i Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (35 nəfər) C.Sümərinli bildirib ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 3-ü intihara cəhddən, 4-ü cəbhədə 8- i mina partlayışından, 6-ı isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib.

32 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 2 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

“Doktrina” Mərkəzi əsgər ölümlərinin sayının azaldılması ilə bağlı təkliflər irəli sürüb. Mərkəz hesab edir ki, Silahlı Qüvvələrdə kompleks tədbirlər görülmədən bu qeyri-döyüş itkilərini dayandırmaq mümkün olmayacaq. Əsgər ölümlərinin qarşısını almaq üçün aşağıdakı ciddi tədbirlər görülməlidir:

1) Əsgər ölümlərinin dəqiq statistikası, ölən və yaralıların adları, səbəblər dəqiq olaraq cəmiyyətə açıqlanmalıdır. Əsgər ölümlərində cinayəti olan şəxslərlə bağlı məlumatlar cəmiyyətə açıq olmalıdır. Bu istiqamətdə Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin daxili təhqiqat idarəsi şəffaf işləməlidir. Bugünkü cəzasızlıq mühiti orduda daha çox itkilərin ortaya çıxmasına səbəb olur. Ona görə də cinayətdə rolu olanlar layiq olduqları cəzaları almalıdırlar ki, digərlərinə də dərs olsun, cəmiyyətə daim informasiya verilməlidir;

2) Hərbi hissələrdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali-hərbi rəhbərliyə məlumat verməsi imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treyninqlərə cəlb edilməsi vacibdir. Bu istiqamətdə istər NATO ölkələrinin təcrübəsindən xüsusi olaraq istifadə etmək olar. Büdcə vəsaitlərinə qənaət etmək üçün online təlimlərin, kursların keçirilməsi praktikasına başlamaq lazımdır;

3) Hərbi hissələrdə əsgərlərin mənəvi-psixoloji durumunun araşdırılmasına məsul şəxslərin peşəkarlığı artırılmalıdır, tərbiyəvi işlər üzrə zabitlərin bu istiqamətdə daim nəzarətdə saxlanılması, onların bilik və bacarıqlarının, o cümlədən onların həm də psixoloq kimi inkişaf etdirilməsi istiqamətində silsilə addımlar atılmalıdır;

4) Hərbi kadrların hazırlanması üzrə xüsusi dövlət strategiyası qəbul edilməlidir. Keyfiyyətcə yeni kadrların hazırlığına başlanılmalıdır və bu istiqamətdə Ali Hərbi Məktəblərin maddi-texniki imkanları, ən vacibi müəllim heyəti keyfiyyətcə yenilənməlidir. NATO üzvü olan ölkələri (xüsusilə də Türkiyə və ABŞ) təmsil edən pedaqoqların milli hərbi təlim-tədris sisteminə cəlb edilməsi vacibdir.

5) Hərbi qulluqçuların sosial rifahı gücləndirilməlidir ki, onlar kobud desək “bir-birlərinin əlinə baxmasınlar”. Xüsusilə də zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır. Bu gün arxa cəbhədə leytenant rütbəli zabitlər təxminən 450 manat məvacib alırlar. Hesab edirik ki, bu məvacib minimum 1000 manatdan başlamalıdır;

6) Azərbaycanda Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmalıdır. Çağırış sistemi tədricən müqaviləli sistemlə əvəzlənməlidir. Eyni zamanda xeyli hərbi vəzifələrə mülki şəxslərin təyin olunması prosesi genişləndirilməlidir;

7) Ümumilikdə, ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyasını qəbul etməlidir ki, hərbi qulluqçular onları gözləyən gələcəyin nədən ibarət olduğunu aydın görə bilsinlər. Hazırkı məqamda hərbi qulluqçular arasında bu peşəyə qarşı inamsızlıq hissi hakimdir. Bu inamsızlığı aradan qaldırmaq lazımdır. Bəlli olmalıdır ki, dövlətin hərbi strategiyası nədir, hansı istiqamətlər prioritetdir və s

“Düşünürük ki, bu kimi tədbirlərin həyata keçirilməsi bir müddətdən sonra Azərbaycan Silahlı Qüvvələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına gətirib çıxaracaq və bu zaman qeyri-döyüş itkilərinin sayı azalacaq. Əks halda itkilərin sayı daha da artacaq”, - C.Sümərinli bildirib.
XS
SM
MD
LG