Accessibility links

Güneyli məhbuslar ağır sağlıq problemləri ilə qarşılaşırlar


H.M. Nadarlı, Yürüş Mehrəlibəyli və Şəhram Radmehr (Savalan)

H.M. Nadarlı, Yürüş Mehrəlibəyli və Şəhram Radmehr (Savalan)

Son vaxtlar İran zindanlarında həbsdə olan milli fəalların muxtəlif xəstəliklərə tutulub, ağır sağlıq problemləri ilə qarşılaşması ilə bağlı davamlı şəkildə məlumat yayılır. Azərbaycan veb səhifələrinə istinadən, xüsusilə aclıq aksiyası keçirmiş, ya da keçirməkdə olan azərbaycanlı məhbuslar gərəkli müalicə və tibbi yardımla təmin olunmurlar.

İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi Tehranda yaşayan türk fəal Həmid Mənafi Nadarlının vəziyyətinin bu yaxınlarda bir neçə dəfə ağırlaşdığı və ağır sinə ağrısı üzündən təqribən iki həftə Tehranın Evin həbsxanasının klinikasında yatırıldığı ilə bağlı məlumat yayıb. Milli fəal son günlərdə mədə qanaxması səbəbi ilə təkrar klinikaya aparılıb.

HRA-nın yazdığına görə, ötən fevral ayında Tehranda keçirilmiş Ana Dili Günü tədbirləri ilə əlaqədar nəzarət altına alınmış Mənafi Nadarlı təqribən iki həftədir aclıq aksiyasına başlayıb. Məhbusun aclığa başladıqdan sonra təkadamlıq kameraya göndərildiyi bildirilir.

Ciddi sağlıq problemləri yaşayan digər güneyli məhbus, Təbriz zindanında saxlanılan Yeni GAMOH təşkilatının üzvü Şəhram (Savalan) Radmehrdir. Radmehr ailəsi tərəfindən Amerikanın Səsinə verilən məlumata görə, mədə, baş və dizlərində mövcüd ağrılardan əziyyət çəkən milli fəalın dizləri şişib, o otura bilmir və yeriyəndə axsayır.

İnsan haqları qrupları həmçinin aprelin 15-dən aclıq aksiyasına başlamış, bu gün mayın 21-də aclığını dayandıran Yürüş Mehrəlibəylinin sağlığının təhlükəli durumda olduğunu bildirirlər.

Azərbaycan veb səhifələrinə istinadən, keçmişdə məruz qaldıqları işgəncələr, saxlanıldıqları həbsxanaların qeyri-münasib şəraiti və ya keçirdikləri aclıq aksiyaları səbəbi ilə muxtəlif sağlıq problemləri yaşayan məhbuslar Səid Mətinpur, Lətif Həsəni, İbrahim Savalan, İsmayıl Bərzgəri və Əsədüllah Əsədinin də zindan xaricində müalicə edilməyə ehtiyacları vardır.

Yeni GAMOH təşkilatının digər üzvü prostat xəstəliyindən əziyyət çəkən Behbud Quluzadənin vəziyyətinin ağırlaşmasından sonra ötən həftələr onun müalicə məqsədli məzuniyyətə çıxmasına icazə verilib.
XS
SM
MD
LG