Accessibility links

Rusiyanın Ukraynaya və ümumilikdə Qərbə qarşı propaqanda müharibəsində “faşist” ifadəsi tez-tez işlədilir. Ukraynada xalq inqilabının qələbəsini faşist xuntasının çevrilişi kimi qələmə verən Vladimir Putin hökuməti israr edir ki, korrupsiyaya uğramış, öz xalqına güllə atılmasına əmr vermiş Viktor Yanukoviçi devirən qüvvələr vətənpərvər ukraynalılar yox, bir qrup faşistdir. Maraqlısı budur ki, faşizmə qarşı müharibə elan etmiş Rusiya məhz faşistlərin 1930-cu illərdə işlətdikləri taktikalardan istifadə edərək qonşu dövlətin torpaqlarını zəbt edir.

Computer HopeFaşizm ifadəsinin kökü latınca "bağlamaq", birləşdirmək" anlamını verən faşes sözündən qaynaqlanır. Hərfi mənası çubuqlarla baltaya bağlanmış dəyənək olan faşes qədim Romada hakimiyyətin simvolu sayılırdı. Dövlət məmurları öz üzərlərində gəzdirdikləri faşeslərdən istifadə edərək cinayətkarları cəzalandırardılar. XX əsrin əvvəllərində İtaliyada sağ təmayülü təşkilatlar və qurumlar bu simvolu özlərinə ad seçməklə qədim Romanın əzəmətini canlandırmağa çalışırdılar. Faşes siyasi mənada radikal siyasi fəallar üçün birlikdən yaranan güc demək idi.

Kremlin təşkil etdiyi nümayişin başlıca şüarı "Biz Birlikdə" idi.

Kremlin təşkil etdiyi nümayişin başlıca şüarı "Biz Birlikdə" idi.

Krımın ilhaq olunmasından dərhal sonra Moskvada “Mı Vmeste” şüarı altında nümayiş keçirən Vadimir Putinin rəqiblərini “faşist” adlandırması ironiyanın təntənəsi kimi də dəyərləndirilə bilər. Amma faşizm ifadəsindən istifadənin Rusiyanın sovet keçmişində dərin kökləri var. “Bu, köhnə oyundur,” National Review jurnalının siyasi şərhçisi Jonah Goldberg yazır. “İosif Stalin bütün siyasi rəqiblərini faşist adlandırardı. Belə “faşistlərin” sırasına onun Leon Trotski kimi sabiq bolşevik silahdaşları, Qırmızı Ordunun nəhəng zabit heyəti və saysız hesabsız ukraynalılar da daxil edilmişdi.” Stalinin faşizm nəzəriyyəsi onun hakimiyyətinə qarşı müxalif mövqe sərgiləyən istənilən qüvvəni, o cümlədən sosialistləri, sosial demokratları əhatə edirdi. Goldbergin yazdığına görə həyasızlıq o həddə çatmışdı ki, Moskva hətta Franklin Ruzvelti və Amerika Sosialist Partiyasının rəhbəri Norman Toması da faşist adlandırırdı.

Sovet kəşfiyyat maşını 1980-ci illərdə QİÇS-in Amerika tərəfindən icad edilməsinə dair şayiələr yayırdı.

Sovet kəşfiyyat maşını 1980-ci illərdə QİÇS-in Amerika tərəfindən icad edilməsinə dair şayiələr yayırdı.

Əlbəttə, düşməni məhv etmək üçün onu ictimai nəzərdən salmaq, ona qara yaxmaq təkcə rus-sovet imperializminin sevimli taktikası deyil. Amma Kreml bu sahədə öz dəst-xətti ilə seçilir. Dezinformasiya ifadəsini lüğətə gətirən dövlət az qala yarandığı gündən qara piarda yüksək peşəkarlıq sərgiləyib. Təməl prinsipi "maskirovka" olan Sovet kəşfiyyat idarəsinin böyük bir bölməsi bütün fəaliyyətini beynəlxalq miqyasda yalan yaymağa, rejim əleyhdarlarına qara yaxmağa, ictimai fikri azdırmağa yönəltmişdi. Goldberg yazır ki, rusların propaqanda uğurları hətta Amerikadan da yan ötməmişdi. Belə ki, indinin özünədək bəziləri Con F. Kennedinin öldürülməsində Mərkəzi Kəşfiyyat Agentliyini günahlandırır. Məşhur solçu rejissor Oliver Stone bu barədə film də çəkib. “1980-ci illərdə sovetlər böyük məbləğdə pul xərcləyərək şayiə yaymışdılar ki, QİÇS xəstələyini bioloji müharibə strategiyasının tərkib hissəsi olaraq ABŞ yaradıb.” Goldbergin yazdığına görə bu iftiranı 1987-ci ilin ilk altı ayında üçüncü dünya ölkələrinin 40 qəzeti çap etmişdi.

Soyuq Müharibə dönəmində demokratik Qərbi anti-bəşəri qüvvə kimi təqdim etməyə çalışan Sovet DTK-sının şinelindən çıxmış Vladimir Putinin köhnə oyun qaydalarından istifadə etməsi təəccüblü deyil. Təəccüblü olanı odur ki, müasir informasiya erasında Putin milyonlarla rusu və sabiq Sovet məkanında yaşayan insanları inandırıb ki, Ukraynanın torpaqlarını zəbt etməklə, orada qardaş qırğınına bais olmaqla Rusiya sülhü qoruyur.
Putinin idarəçiliyi faşizmin iqtisadi doktrinası sayılan korporatizmə əsaslanır. O, kilsəni, biznesi, sənayeni və medianı millətçi bayraq altında mərkəzləşdirilmiş hökumətə tabe edən diktatorial liderdir.
Rusiyada mövcud olan dezinformasiya mühiti bir gündə yaranmayıb. Hakimiyyətə gəldiyi gündən müstəqil medianı addım-addım dağıdan Vladimir Putin elə bir vəziyyət yaradıb ki, alternativ düşüncə, rəy ifadə etmək üçün platforma yoxdur. Təsadüfi deyil ki, hakimiyyəti əldə cəmləşdirən bir çox tiranların ilk hədəfi həmişə azad mətbuat, müstəqil informasiya olub. Azad mətbuatın olmadığı məkanda propaqandanın ictimai fikri yönləndirməsi xeyli asanlaşır. “Sabiq KQB casusu olan bir adamın öz faşist davranışına baxmayaraq, “faşist” ifadəsini yenidən canlandırması qəribə görünür. Putinin idarəçiliyi faşizmin iqtisadi doktrinası sayılan korporatizmə əsaslanır. O, kilsəni, biznesi, sənayeni və medianı millətçi bayraq altında mərkəzləşdirilmiş hökumətə tabe edən diktatorial liderdir,” Goldberg yazır. Bu gün Ukraynada inzibati hökumət binalarını tutan separatçılar daha çox Nasist Almaniyasının SS dəstələrini xatırladır. Amma rus xalqına təqdim olunan mənzərə bambaşqadır. Orada çox şey tərsinə yozulur. Faşizm də.
XS
SM
MD
LG