Accessibility links

Bloq: Demokratiyanın son kuboku?


Rio de Janeyroda yerli sakinlər 2014 Dünya Kubokuna dövlət xərcləmələrinə etiraz edirlər. 15 iyun, 2014.
Rio de Janeyroda yerli sakinlər 2014 Dünya Kubokuna dövlət xərcləmələrinə etiraz edirlər. 15 iyun, 2014.
Mümkündürmü ki, Braziliya futbol üzrə dünya çempionatının keçirildiyi sonuncu demokratik ölkə olsun? Washington Post qəzetinin köşə yazarı Anne Applebaum müşahidə etdiyi narahatedici tendensiyanın bunu diktə etdiyini deyir. Belə ki, 2018-ci ildə dünya çempionatı Rusiyada, 2022-ci ildə isə Qatarda keçiriləcək. Mötəbər idman yarışlarının qeyri-demokratik ölkədə keçirilməsi tarixdə nadir hadisə deyil. Amma çempionatlara ev sahibliyi etmək bahalaşdıqca vətəndaşları qarşısında cavabdeh olmayan, istənilən layihəyə istədikləri qədər pul xərcləyə bilən diktaturalar bu növ yarışları təşkil etməyə daha müvafiq görünürlər.
Ucqar Amazon cəngəlliyində inşa edilmiş və milyonlarla dollara başa gəlmiş “Arena Amazonia” stadionunda cəmi 4 çempionat matçı oynanılacaq.
Ucqar Amazon cəngəlliyində inşa edilmiş və milyonlarla dollara başa gəlmiş “Arena Amazonia” stadionunda cəmi 4 çempionat matçı oynanılacaq.


“İri beynəlxalq idman yarışlarını təşkil etmək külli miqdarda vəsaitə başa gəlir və çıxarı gəlirindən qat-qat artıq olur,” Applebaum yazır. Bunu bir çox ölkələrin əhaliləri yarışdan sonra dərk etməyə başlayırlar. Amma Braziliyada baş qaldıran etiraz dalğası prosesi bir az qabaqlayıb. Bütün dünya boyu şən, gülərüz xarakterlərinə görə tanınan braziliyalılar Dünya Kubokunun öz ölkələrində keçirilməsindən şikayət edirlər. Hökumətin iqtisadi baxımdan perspektivi olmayan stadionlara milyardlarla dollar vəsait sərf etməsi, ölkənin yoxsul zümrəsini qıcıqlandırır. Matçların oynanıldığı stadionlar qarşısında toplaşan izdihamlar Dünya Kuboku təşkilatçılarını korrupsiyada ittiham edir, FİFA-nın rəhbərliyini mafioz kimi təsvir edirlər.

Dünya çempionatlarının keçirildiyi başqa ölkələrdə qalaqlanan xərcləri və azalan gəlirləri müşahidə etmiş braziliyalılar anlayırlar ki, bu stadionlardan bəziləri ‘ağ fillərə’ çevriləcək.
Anne Applebaum

Əlbəttə FİFA-nın bu növ ittihamlarla üzləşməsində təşkilatın məsuliyyəti az deyil. FİFA israr edir ki, yarışın keçirildiyi ölkələrdə götürülən gəlir yerli hökumətə yox, təşkilata qalmalıdır. Reklamlardan tutmuş bilet satışlarınadək toplanılan vəsait FİFA-nın xəzinəsinə axır. Özünü gəlirsiz təşkilat kimi təqdim edən qurumun bank hesabında 1 milyarddan çox pul var. Qərb mediasında Qatarın 2022-ci il Dünya Kubokuna ev sahibliyi hüququnu rüşvət hesabına qazanması ittihamları geniş yayılıb. Az adam inanır ki, FİFA kimi mötəbər təşkilat pərdəarxası sövdələşmə olmadan nəhəng bir yarışın ev sahibliyini temperaturun yayda +53 dərəcə selsiyə çatdığı cırtdan ölkəyə həvalə edərdi.

Cənubi-Şərqi Asiyadan gəlmiş minlərlə miqrant fəhlə son dərəcə aşağı maaşlara Qatarın inşaat sektorunda işləyir.
Cənubi-Şərqi Asiyadan gəlmiş minlərlə miqrant fəhlə son dərəcə aşağı maaşlara Qatarın inşaat sektorunda işləyir.

Amma problem təkcə rüşvətdə deyil. Qatar hökuməti əmindir ki, Braziliya, Norveç, Polşa yaxud Almaniya kimi ölkələrdən fərqli olaraq heç kəs yarışın keçirilməsinə qarşı çıxmağa cürət etməz. Dünya Kubokunun Qatarda keçirilib-keçirilməməsində – və bir çox əksər məsələlərdə – Qatar xalqının rəyi əsas götürülmür. Əsas olanı ömürlük hakimiyyətdə oturmuş monarxın rəyidir. Onun da ki, pulu çoxdur. Braziliyalılardan fərqli olaraq qatarlılar qul əməyi hesabına Dünya Çempionatı üçün stadionlar inşa etdirə bilərlər. Anne Applebaum yazır ki, iniyədək bu inşaat layihələrində 400 nepallı miqrant fəhlə artıq dünyasını dəyişib.

Müəllifin sözlərinə görə Dünya Kubokunun ölkələrində keçirilməsinə etiraz edən “braziliyalılar anlayırlar ki, bu stadionlardan bəziləri ‘ağ fillərə’ çevriləcək.” İfadə vaxtikən Siam monarxları tərəfindən həyata keçirilən praktikadan qaynaqlanır. Cənubi Şərqi Asiyada krallar öz var-dövlətlərinin göstəricisi kimi sahib olduqları ağ fillərin sayı ilə lovğalanardılar. Nadir və bəslənməsi çətin olan bu nəhəng heyvanları saxlamaq idarəçilərə külli miqdarda vəsaitə başa gəlirdi, amma şöhrət göstəricisi olaraq idarəçilər ağ filləri mühüm hesab edirdilər. Təbii ki, bu fillərin yerli əhaliyə heç bir faydası olmurdu - əksinə, onları vergilər içərisində batırır və səfaləti daha da dərinləşdirirdi.

Müasir dünyada ağ fil saxlayan yoxdur. Amma Dünya Çempionatlarına, Olimpiya Oyunlarına evə sahibliyi etməyə və bunun gətirəcəyi şan-şöhrəti öz adına çıxmağa can atan avtoritar liderlərin sayı bəs qədərdir.

XS
SM
MD
LG