Accessibility links

İsrail qüvvələri və Həmas militantları arasında Qəzza Zolağında bir həftədir vüsət almış toqquşmalara son qoymaq istiqamətində dünya ictimaiyyətinin təzyiqləri getdikcə artır.

Buna baxmayaraq ərazidə intensiv toqquşmalar davam edir.

Avropa İttifaqı döyüşləri dayandırmaq məqsədilə tərəflərlə aktiv müzakirələrə başladığını bildirir. Ittifaq İsrail və Həması zorakılıqlardan “maksimum çəkinməyə” çağırıb.

Ərəb Liqası beynəlxalq ictimaiyyəti İsrailin hava zərbələrinə son qoymağa yardım etməyə çağırıb. Liqa Qəzzadakı bombardmanın “artıq sakitcə qarşılana bilməyəcəyini” deyir. Pan-Ərəb təşkilatı fələstinliləri qorumaq üçün hüquqi və humanitar yardıma ehtiyac olduğunu bildirib.

Bununla belə nə İsraildə, nə də Həmas tərəfdə zorakılıqlara son qoymağa həvəs müşahidə olunmur.

Həmas deyib ki, bir sıra güzəştlər əldə etməyincə İsrailə raket hücumlarını dayandırmayacaq. Bu tələblərə Qəzza Zolağınn blokadasında son qoyulması və fələstinli məhbusların sərbəst buraxılması daxildir.

İsrailin bu gün cənubi Xan Yunis şəhərində endirdiyi iki hava zərbəsi nəticəsində dörd fələstinli həlak olub. Son rəqəm fələstinlilər arasında ölənlərin sayını 175-ə çatdırmış olur. İsrail tərəfdə Həmasın raket hücumları nəticəsində ölən olmayıb.

XS
SM
MD
LG