Accessibility links

ABŞ İraqda ekstremistlərin mövqelərini bombalayır


ABŞ təyyarələri ikinci dəfə İŞİD militantlarını bombalayıb. Hədəf Amerika hərbçilərinin qərargahlandıqları Ərbil şəhərinə doğru hərəkət edən artilleriya qurğuları olub. Hücumda dronlardan və qırıcı təyyarələrdən istifadə olunub.

Pentaqon sözçüsü Admiral Con Körbi deyib ki, İŞİD-in mövqelərini dronlar vurmuş, daha sonra F/A-18 markal qırıcı təyyarələr militantlara səkkiz bomba atmışlar.

Bundan öncə qırıcı təyyarələr iki 250 kiloqramlıq lazerlə istiqamətləndirilən bombanı Ərbildə kürd qüvvələrinə atəş açan artilleriya qurğularına endirir.

Cümə axşamı ictimaiyyətə müraciətlə çıxış edən ABŞ Prezidenti Barak Obama İraqdakı ABŞ rəsmilərini qorumaq və İraq qüvvələrinə kömək etmək məqsədilə “hədəfli hava zərbələrinə” göstəriş verdiyini bəyan edib.

"Bu gün Amerika köməyə gəlir!" deyə Prezident Obama bəyan edib.

ABŞ rəsmiləri üçün başlıca narahatlıq mənbəyi habelə Ərbil şəhərində çalışan ABŞ siyasi və hərbi məsləhətçilərinin taleyidir. Ərbil İraqın kürd regionunun ən iri şəhəri sayılır.

“Biz öz adamlarımızı qorumaq üçün nə lazımdırsa onu da edəcəyik,” deyə Prezident Obama bildirib. “Biz darda olan müttəfiqlərimizi müdafiə edirik.”

Prezident Obama bildirib ki, İŞİD kimi tanınan İraqda və Şamda İslam Dövləti qüvvələri Ərbilə tərəf hərəkət etməkdə davam etsələr o, hərbi qüvvələrə hədəfli şəkildə islamçı militantları havadan vurmağa göstəriş verib.

XS
SM
MD
LG