Accessibility links

Siyasi Partiyalar və QHT-lər ittihamları real saymır


QHT-logo
QHT-logo

Prezident Əliyev müxalifət partiyalarını və bəzi QHT-ləri xaricin maliyyəsi ilə dövlətin əleyhinə işlənməkdə ittiham edib

Prezident İlham Əliyev avqustun 28-də Beyləqan rayonunda gənclərlə görüşündə Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasında maraqlı olan xarici qüvvələrin olduğunu bildirib.

“Azərbaycan üçün də oxşar ssenarilər yazılıb. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik”.

Ona görə, siz gənclər bunu yaxşı bilməlisiniz və bizim gənclərimiz xarici dairələrin təsiri altına düşməməlidir.

“Amma yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür. O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir. Bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir”, - İ.Əliyev vurğulayıb.

Prezidentin fikirləri siyasi partiyalar və QHT-lər tərəfindən qəbul edilmir. Müxalifətdə olan Müsavat Partiyası və AXCP hər hansı xarici donor tərəfindən maliyyələşdirilmədiyini və Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini bəyan edib.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə Amerikanın Səsinə bildirib ki, QHT-lərin hökumətə qarşı işləməsi ilə bağlı fikirlərin əsası yoxdur.

“Birincisi QHT-lərin hökumətə qarşı işləməsi mümkünsüzdür. Çünki bütün tədbirlərdə iqtidarın da adamları iştirak edir. İkincisi QHT-lərə verilən qrantlar nəinki hökumətə qarşı iş aparmaq üçün, heç bu barədə düşünmək üçün də bəs etməz. Digər tərəfdən bütün qrantlar konkret layihələr əsasında verilir, Ədliyyə Nazirliyində qeydiyyata alınır və bank, vergi nəzarəti var”.

Onun fikrincə, bir qayda olaraq dövlətə qarşı çıxış edənlərin arxasında böyük bizneslər durur.

“Ukrayna və Gürcüstan təcrübəsi buna bir sübutdur. Azərbaycanda hər hansı QHT-nin və siyasi partiyanın arxasında böyük biznes durmur. Xalqı ayağa qaldırmaq üçün ictimai fikri yetişdirmək lazımdır. Bunun üçün də ölkədə şərait yoxdur. Neçə illərdir siyasi partiya liderləri regionlarda belə öz tərəfdarlarının toplantısına qatıla bilmir. İnqilab üçün ictimai-siyasi şərait də yoxdur. Parlamentarların demək olar ki, hamısı iqtidarı müdafiə edir. Belə bir şəraitdə dövlətə qarşı işləmək qeyri-mümkündür”, o qeyd edib.

Siyasi və İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Hikmət Hacızadə Amerikanın Səsinə deyib ki, bu yanlış və sübut olunmamış ittihamlardır. “Bütün QHT-lər hesabatlarını, o cümlədən maliyyə hesabatlarını səliqəli şəkildə dolduraraq təqdim edir. Orada işçilərin əmək haqlarına qədər məlumatlar var. QHT-lərə verilən qrantlar elə də çox deyil. İşçilərinə 300-500 manatdan çox əmək haqqı verə bilmirlər”.

Onun fikrincə müxalifətdə olan siyasi partiyaların maliyyə durumu daha ağırdır. “QHT-lərin siyasi partiyaları maliyyələşdirməsi fikri də qeyri-realdır. Partiyalar ofis haqqını, kommunal xərclərini, hətta telefon pullarını belə ödəyə bilmir”, Hacızadə bildirib.

XS
SM
MD
LG