Accessibility links

Rusiyanın Ukraynaya təcavüzü, İŞİD-in İraq və Suriyada qəddar edamları və dünyanın başqa guşələrində vüsət alan qarşıdurmalar sanki qlobal miqyasda bir dərəbəylik hissi yaradıb. Bəzi siyasi təhlilçilər baş verənləri Amerikanın dominantlıq etdiyi tək-qütblü dünya düzəninin multi-qütblü düzənlə əvəzlənməsi ilə əlaqələndirir. Başqaları fenomeni bir sıra liderlərin yaxud qrupların özbaşınalığı ilə izah edir. Bəs özbaşınalıq nədən doğur?

Səddam Hüseyn 1990-cı ilin avqustunda Küveyti zəbt edəndə ABŞ-ın hücumuna məruz qalacağını və bu hücumun nə dərəcədə dağıdıcı olacağını təsəvvür etmirdi.

Səddam Hüseyn 1990-cı ilin avqustunda Küveyti zəbt edəndə ABŞ-ın hücumuna məruz qalacağını və bu hücumun nə dərəcədə dağıdıcı olacağını təsəvvür etmirdi.

“Münaqişələr nadir hallarda torpaq yaxud təbii resurslar uğrunda baş verir. Rusiyanın əhalisi seyrək, ərazisi nəhəngdir. Onun Krıma yaxud əlavə Ukrayna torpaqlarına qətiyyən ehtiyacı yoxdur. Yaxud Çin və Yaponiyanın üzərində mübahisə apardıqları ada yığınağı daş-kəsəkdən ibarətdir,” Viktor Davis Hanson yazır. “Dövlətlər daha çox olub-olmamaq müstəvisinə çıxarılan qorxuları və şərəf hissini əks etdirən simvollar uğrunda döyüşə atılırlar.” Hanson hesab edir ki, Putini müharibəyə sövq edən başlıca amil onun qəhrəmanı Stalinin vaxtikən malik olduğu əzəməti qaytarmaq istəyidir. Necə ki, Suriyada və İraqda baş kəsən İŞİD ekstremistləri 7-ci əsrin davranış standartlarına qayıtmağa can atırlar.

Çəkindirmələr, ittifaqlar və qüvvə balansı arxaik anlamlar deyil. Onlar aqressiv tərəfləri sakitləşdirməyin, yerə düşürməyin sınanmış vasitələridir.

“Amma şərəf yaxud qorxu heç də həmişə müharibə ilə nəticələnmir. Bunun üçün əlavə amil də tələb olunur,” Hanson yazır: “Əksər təcavüzkarlar ona görə təcavüz edirlər ki, kiminsə onları dayandırmayacağına əmindirlər. Müəllifin sözlərinə görə Adolf Hitler əmin idi ki, heç kəs onun Polşanı, Çexoslovakiyanı və Avstriyanı qamarlamasına qarşı çıxmayacaq. Eləcə də də İraq diktatoru Səddam Hüseyn arxayın idi ki, onun hansısa cırtdan ərəb dövlətini zəbt etməsi ABŞ-ı ayağa qaldırmayacaq. “Çəkindirmələr, ittifaqlar və qüvvə balansı arxaik anlamlar deyil. Onlar aqressiv tərəfləri sakitləşdirməyin, yerə düşürməyin sınanmış vasitələridir,” deyə qədim dünya tarixçisi izah edir.

Dünyanın coğrafi baxımdan ən iri ərazisinə malik olan Rusiyanın əlavə torpağa ehtiyacı yoxdur. Bəs Putini müharibəyə sövq edən nədir?

Dünyanın coğrafi baxımdan ən iri ərazisinə malik olan Rusiyanın əlavə torpağa ehtiyacı yoxdur. Bəs Putini müharibəyə sövq edən nədir?

Hanson müharibəni kimin zəif, kimin güclü olduğunu isbata yetirən qanlı laboratoriya kimi təsvir edir. Dövlətlər – ələlxüsus aqressiv dövlətlər – çox vaxt müharibə hesablamalarında ciddi səhvə yol verirlər. Birinci və İkinci dünya müharibələrində olduğu kimi milyonlarla insan itksinin ardınca onlara kimin güclü, kimin zəif olduğu başa salınır. Yalnız bundan sonra sülh bərqərar olur. Necə ki, 50 milyon adamın ölümü almanlara, yaponlara və italyanlara anlatdı ki, onlar amerikalılardan, ingilislərdən və sovetlərdən daha zəifdirlər.

Bəs əgər çəkindirmə və hərbi hazırlıq belə müdirk incilərdirsə, onda niyə demokratiyalar daim təcavüzkarlar qarşısında ləng, hazırlıqsız görünür? Hansonun sözlərinə görə demokratiyalarda yaşayan vətəndaşlar itirməyə çox şeyləri olduğundan sülhə meylli olurlar, müharibəyə getmək istəmirlər. “Liberal mütəffəkkirlər üçün ən çətini isə bəşər sivilizasiyasında əsrlər boyu əldə edilmiş inkişafdan sonra neandertalları daha böyük dəyənklə ram etməyin yeganə çıxış yolu olduğunu – və lazım gəldikdə bu dəyənəkdən istifadə ediləcəyini etiraf etməkdir.”

XS
SM
MD
LG