Accessibility links

Qrand Jüri: Maykl Braunu öldürmüş polis zabiti cinayət törətməyib


St. Luis qraflığının örokuroru Robert McCulloch Qrand Jürinin qərarını elan edir. 24 noyabr, 2014.

St. Luis qraflığının örokuroru Robert McCulloch Qrand Jürinin qərarını elan edir. 24 noyabr, 2014.

Aylarla dəlilləri nəzərdən keçirdikdən sonra Missuri ştatının qrand jürisi qaradərili yeniyetmə Maykl Braunu Ferquson şəhərində qətlə yetirmiş polis zabiti Darren Vilsona qarşı ittiham irəli sürməkdən imtina edib.

Bazar ertəsi axşam verilən açıqlama ABŞ-ın mərkəzi ştatında gərginlikləri artırıb.

Qrand Jürinin açıqlamasından sonra Ferqusonda polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Qrand Jürinin açıqlamasından sonra Ferqusonda polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

“Əldə olan sübutları ətraflı şəkildə nəzərdən keçirdikdən sonra jüri üzvləri Vilsona qarşı ittiham irəli sürmək üçün əsas olmadığı qənaətinə gəliblər," deyə Sent Luis qraflığı prokuroru Robert McCulloch bildirib. O, bu bəyanatı qraflığın inzibati mərkəzi olan Kleyton şəhərindəki məhkəmə zalında verib.

Jüri üzvləri müəyyən ediblər ki, Maykl Braun polislə əlbəyaxa olmuş, onun tapançasına əl atmış və tərəflər arasında fiziki qarşıdurma yaranmışdır. Daha sonra Brauna təslim olmağı əmr edən polis Vilson qaradərili gənc əmrə məhəl qoymadan ona tərəf gələrkən atəş açmışdır. Autopsiyanın nəticələri bütün güllələrin öndən vurulduğunu müəyyən edib. İnsidentdən bir qədər öncə Braun mağazadan siqar oğurlayarkən və dükan sahibini kənara itələyərkən videoya çəkilib.

Qrand Jüri üzvləri bütün şahidləri dinləmiş və hər bir dəlillə tanış olmuş yeganə adamlardır.

18 yaşlı Braunun həlak olduğu yaxınlıqdakı Ferquson şəhərində jürinin qərarını gözləyən yüzlərlə adam müxtəlif formalarda narazılıqlarını ifadə ediblər. Polislə nümayişçilər arasında qarşıdurma yaranıb.

Maykl Braunun valideynləri açqıladıqları bəyanatda jürinin qərarından məyus olduqlarını bildirmiş, eyni zamanda nümayişçiləri etirazlarını dinc formada ifadə etməyə çağırmışlar.

Qrand Jürinin qərarından bir neçə dəqiqə sonra Prezident Barak Obama Ağ Evdə bəyanatla çıxış edib. “Amerika qanun aliliyinin mövcud olduğu ölkədir və biz jürinin qərarını qəbul etməliyik,” deyə prezident nümayişçiləri öz etirazlarını dinc şəkildə ifadə etməyə dəvət edib. Prezident Obama əlavə edib ki, hüquq-mühafizə orqanları qaradərili icmalarla yaxından əməkdaşlıq etməli və qəzəb hissinə yol açan faktorları aradan qaldırmaq üçün əllərindən gələni etməlidirlər.

Nümayişçilər Qrand Jürinin qərarına reaksiya verirlər. 24 noyabr, 2014.

Nümayişçilər Qrand Jürinin qərarına reaksiya verirlər. 24 noyabr, 2014.

Bir çox nümayişçilər əllərində Vilsonun cəzalandırılmasına çağıran plakatlar tutublar.

Avqustun 9-da baş verən insident ABŞ-n mərkəzi ştatı Missuridə iğtişaşlara yol açıb.

Həftlərlə davam edən qarşıdurmalarda polis nümayişləri dağıtmaq üçün zirehli maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

XS
SM
MD
LG