Accessibility links

Səttar xan - Xalq qəhrəmanı, yoxsa siyasət adamı? [Audio-Müsahibə]


İbrahim Savalan
İbrahim Savalan

1905-1911-ci illərdə İran ya o dövrdəki rəsmi adı ilə “Məmalik-i Məhrusə-yi İran”-da cərəyan edən Məşrutə İnqilabının əsas öndərlərindən və Azərbaycan məşrutəçilərinin başçısı Səttar xanın (1866-1914) vəfatından tam bir əsr keçir.

please wait

No media source currently available

0:00 0:24:50 0:00
Direct link

Güneydə yaşayan araşdırmaçı və yazar İbrahim Savalan Amerikanın Səsi ilə söhbətdə milli sərdarın ölümündən 100 il keçdikdən sonra bu gün müxtəlif etnik və siyasi qruplar arasında görkəmli xalq qəhrəmanından mövcüd olan təsviri dəyərləndirib.

“Türklər hər zaman Səttar xanı bir xalq qəhrəmanı və onların haqlarını müdafiə edən bir öndər kimi tanıyıblar,” deyə ifadə edən Savalan eyni zamanda məşrutə liderinin sadəcə bir savaş qəhrəmani olaraq təqdim edilməsini doğru görmədiyini vurğulayır.

Milli Sərdar Səttar xan
Milli Sərdar Səttar xan

Güneyli araşdırmaçının sözlərinə görə, Səttar xan Azərbaycanda mövcüd olan siyasi hərəkatlar və mütərrəqi düşüncələrlə tanış olan bir siyasi lider olmuşdur. “Səttar xan bir fəlsəfəçi deyildi, ancaq öz çağını yaxşı tanıyırdı,” deyə o həmçinin milli Sərdarın idarəetmə bacarığına malik olmuş biri olduğunu önə çəkir.

Səttar xanın adının qanun sözü ilə birlikdə anılmasını müxtəlif şəkillərdə müşahidə edirik. Misal üçün Azərbaycan şəhərlərində seçkilərə namizəd olan siyasətçilər kampaniyalarında milli sərdarın posterlərindən istifadə edirlər. Onlar, Səttar xanın xalq arasında necə tanındığını bilirlər.
İbrahim Savalan

İbrahim Savalan bu gün İran Azərbaycanında Səttar xanın adının qanun sözü ilə bərabər yaddaşlara keçdiyini qeyd edir:

“Səttar xanın adının qanun sözü ilə birlikdə anılmasını müxtəlif şəkillərdə müşahidə edirik. Misal üçün Azərbaycan şəhərlərində seçkilərə namizəd olan siyasətçilər kampaniyalarında milli sərdarın posterlərindən istifadə edirlər. Onlar, Səttar xanın xalq arasında necə tanındığını bilirlər.”

Savalan İranda yaşayan fərqli etnik cəmiyyətlər, eləcə də siyasi qrupların Səttar xan haqqında düşüncələrini də dəyərləndirib.

“Başqa xalqlar, o cümlədən fars xalqı kütlə olaraq Səttar xanı türklərin qəhrəmanı kimi qəbul edir və ona sayğı duyurlar,” deyə qeyd edən güneyli yazar İran milliyyətçiləri və İslamçı qrupların milli Sərdarla bağlı müsbət görüş sərgiləmədiklərini irəli sürür.

Səttar xanın şəriətin mürtəce qanunlarına qarşı olduğunu irəli sürən araşdırmaçı milli sərdara mənsub olan “mən yeddi dövlətin Əmir əl-möminin bayrağı altına gəlməsini istərəm” cümləsi ilə bağlı öz düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

Səttar xan və silahdaşları
Səttar xan və silahdaşları

Bu cümləyə işarə edən bəzi mənbələrə görə, Səttar xan Əmir əl-möminin bayrağı deyil İran bayrağı deyib. Savalanın sözlərinə görə, hər qrup Səttar xanın bu cümləsini öz təfsirinə görə anladır.

Sabiq siyasi məhbus Səttar xanın bu gün güneydə cərəyan edən milli hərəkatdakı təsviri haqqında da danışıb.

Savalan habelə müxtəlif mənbələr o cümlədən Azərbaycan Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin məqalələrində Səttar xanın fərqli məsələlər o cümlədən türk dili, Azərbaycan yurdu və Osmanlı Dövləti haqqında görüşlərinin əks edildiyinə işarə edib.

1866-cı ildə Güneyin Qaradağ bölgəsində anadan olan Səttar xan Qaradağlı 1910 avqustunda Tehranda hökümət qüvvələri ilə savaşarkən ayağından yaralanıb, dörd il sonra 1914-cü ilin noyabr ayında vəfat etdi. Onun Tehranda savaşdığı hökümət qüvvələrinin başçısı özünün sabiq silahdaşı olmuş və vaxtı ilə Daşnaksütun təşkilatının üzvü olduğu söylənən dönəmin Tehran Polis Təşkilatının başqanı Yeprem xan Davityan idi.

XS
SM
MD
LG