Accessibility links

Bazeldə GUAM Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib


GUAM Xarici İşlər Nazirləri Şurasının 16-ci iclası olub

GUAM Xarici İşlər Nazirləri Şurasının 16-ci iclası olub

İsveçrənin Bazel şəhərində ATƏT iştirakçısı olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 21-ci iclası çərçivəsində GUAM üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclası keçirilib.

GUAM-ın Kiyevdəki qərargahından AzərTAc agentliyinə verilən məlumata görə, iclasdaAzərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov təmsil edib.

XİNŞ hazırda GUAM-da sədrlik edən Moldova tərəfin “GUAM məkanında uzanan münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün doğurduğu nəticələr” (“Protracted conflicts in the GUAM area and their implications for international peace, security and development”) adlı qətnamənin layihəsinin irəlilədilməsi üzrə aparılmış iş barədə təqdim etdiyi informasiyanı nəzərə alıb.

Tərəflər GUAM məkanındakı münaqişə zonalarında son hadisələrlə əlaqədar fikir mübadiləsi aparıb, bu ölkələrin suverenliyinə və onların beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətləri pisləyiblər.

XİNŞ Moldova tərəfinə Demokratiya və İnkişaf Uğrunda Təşkilatda (GUAM-da) uğurlu sədrlik etdiyinə görə təşəkkürünü bildirib və GUAM-da sədrliyin Ukraynaya təhvil verilməsi haqda qərar qəbul edib.

Tədbir iştirakçıları bu il noyabrın 10-11-də Kişinyovda GUAM Parlament Assambleyası (PA) Bürosunun səkkizinci iclasının, habelə GUAM PA 7-ci plenar iclasının keçirilməsini, GUAM PA-nın rəsmi bəyanatının, GUAM PA, Baltik Assambleyası və Polşa Respublikası parlamenti nümayəndə heyətinin birgə bəyanatının qəbul edilməsini alqışlayıblar.

Tərəflər 2015-2016-cı illər üçün Təşkilatın sahəvi işçi qruplarını əlaqələndirən ölkələrin təsdiq olunması haqda qərar qəbul ediblər.

XİNŞ GUAM-ın digər dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlığı, o cümlədən, XİNŞ səviyyəsində növbəti GUAM-ABŞ və GUAM-Yaponiya görüşlərinin keçirilməsi məsələlərini də müzakirə edib.

Bu gün Bazeldə daha bir görüş - GUAM iştirakçısı olan dövlətlərin XİNŞ üzvlərinin və Amerika Birləşmiş Ştatları hökumətinin nümayəndələrinin 21-ci görüşü keçirilib.

Tərəflər cari və gələcək layihələr, əməkdaşlıq proqramları məsələlərini, habelə regional təhlükəsizliyə dair geniş əhatəli məsələləri nəzərdən keçiriblər.


XS
SM
MD
LG