Accessibility links

“O millət ki, təhlükəsizliyi naminə azadlığını qurban verir, nə təhlükəsizliyə layiqdir, nə də azadlığa,” deyə Birləşmiş Ştatlar banilərindən olan Bencamin Franklin hələ 18-ci əsrdə bəyan etmişdi. Bu günlər Mərkəzi Kəşfiyyat Agentliyinin tabeliyində olan terror məhbusları ilə rəftar haqda açıqlanmış hesabat fonunda bu deyim tez-tez yada düşür. Amerika siyasi isteblişmenti və geniş ictimaiyyət bəzi terror məhbuslarına göstərilən münasibətdən qəzəblənib. Əksər hallarda siyasi rəhbərliyin xəbəri olmadan baş verən qanun pozuntuları göstərir ki, hətta ən çətin məqamlarda belə Amerikanın tərənnüm etdiyi dəyərlərdən imtina nəinki başucalığı gətirmir, uzun müddətli dönəmdə əks-effekt verir.

Amerika o ölkədir ki, 2001-ci il 11 sentyabrda müsəlman ekstremistləri tərəfindən hücuma məruz qaldıqdan sonra babası müsəlman olmuş qaradərilini özünə prezident seçdi.

“İnsanlar bu ölkəyə gəlmək üçün niyə növbəyə düzlənirlər? Niyə adamlar süd kartonlarından qayıq düzəldib Amerika sahillərinə istiqamət alırlar? Niyə onlar bizim diplomatlara və əsgərlərə başqa hamıdan çox etimad göstərirlər? Çünki biz imkan və azadlıq mayakıyıq, və həm də ona görə ki, xaricilər öz ürəklərində bilirlər ki, biz tarixin başqa qüdrətlərindən fərqliyik,” The New York Times qəzetinin köşə yazarı Tomas Friedman müşahidə edir. “Amerika o ölkədir ki, 2001-ci il 11 sentyabrda müsəlman ekstremistləri tərəfindən hücuma məruz qaldıqdan sonra babası müsəlman olmuş qaradərilini özünə prezident seçdi. Biz başqa nailiyyətimizlə də qürrələnə bilərik: 11 sentyabr hücumundan sonra terror şübhəlilərinə verilən işgəncələr haqda ətraflı araşdırmanı çap etdik. Çox şadam ki, biz bunu çap etdik.”

İnsan haqları fəalları Ağ Evin qarşısında Quantanamo məbusları ilə rəftara etiraz edirlər.

İnsan haqları fəalları Ağ Evin qarşısında Quantanamo məbusları ilə rəftara etiraz edirlər.

Dünyanın heç bir yerində insanlar kamil deyil. Qanun pozuntuları baş verir. Ədalətsizlik halları olur. Fərq ondadır ki, Amerikada xalq qarşısında məsuliyyət daşıyan hökumət bu ədalətsizlikləri araşdırmağa və onları aşkar edən anda aradan qaldırmağa borcludur. Təsəvvür etmək olarmı ki, Rusiyada yaxud Çində xüsusi xidmət orqanlarının məhbuslarla bəd-rəftarına dair dövlət təhqiqat aparsın, yaxud tənqidi tapıntıları dərc etsin? Demokratiyalar öz paxırlarını açmaqdan, eybəcərlikləri ifşa etməkdən çəkinmir, cəmiyyətin rifahı naminə şaffaflığa, qanun aliliynə can atır. Avtoritar rejimlərin qayəsi isə arbitrar hakimiyyətin qorunması naminə müxtəlif yollarla sabitliyi poza biləcək amilləri cəmiyyətdən gizlətmək, vətəndaşları qaranlıqda qoymaqdır.

Bu növ hesabatın açıqlanması əsir düşmüş amerikalıların həyatını təhlükə qarşısında qoya bilər. Bu, asan məsələ deyil. Amma cəmiyyətimizi sağlam saxlayan amil də elə bu özünü-müayinədir.

“Bu növ hesabatın açıqlanması əsir düşmüş amerikalıların həyatını təhlükə qarşısında qoya bilər. Bu, asan məsələ deyil. Amma cəmiyyətimizi sağlam saxlayan amil də elə bu özünü-müayinədir. Bu həmin o amildir ki, başqalarını bizə nümunə kimi baxmağa həvəsləndirir, əməkdaşlığa sövq edir və nəhayət Amerikanı mühacirlərin xəyal məkanına çevirir. Sonda isə bu, təhlükəsizliyin başlıca qarantıdır.” Friedman davam edir: “Bu, birinci belə hal deyil. Müharibə vaxtı mülki azadlıqlar çox vaxt məhdudlaşdılır və basqılara məruz qalır, və sonradan bərpa olunur. Prezident Abraham Linkoln Vətəndaş Müharibəsi zamanı habeas korpus kimi qədim ənənəyə riayəti dayandırmışdı. II Dünya Müharibəsində biz 127 min amerikalını yapon mənşəli olduqlarına görə düşərgələrdə saxladıq. Qorxu bunu edir.”

Mərkəzi Kəşfiyyat Agentliyi dərc olunan son hesabatda səlahiyyətlərini aşmaqda və hüquq pozuntularına yol verməkdə günahlandırılır.

Mərkəzi Kəşfiyyat Agentliyi dərc olunan son hesabatda səlahiyyətlərini aşmaqda və hüquq pozuntularına yol verməkdə günahlandırılır.

Belə görünür ki, 11 sentyabr hadisələrindən sonra Amerikanın təhlükəsizliyinin keşiyində dayanan bəzi məmurlar öz səlahiyyətlərini aşaraq ifrat metodlara əl atıblar. Bu sırada həm yuxarılar tərəfindən təsdiq olunmuş, həm də təsdiq olunmamış vasitələr yer alıb. Söhbət burada təkcə işgəncə hallarından getmir. Tomas Friedmanın yazdığı kimi, dövlət institutlarının, hökumətin cəmiyyət qarşısındakı etimadı sarsıdılıb. “Əgər bu kimi hallar ifşa olunmasa və qarşısı alınmasa, onda onlar cəmiyyətimizə terror hücumu qədər ziyan vura bilərlər,” deyə müəllif xəbərdarlıq edir.

Bəlkə də bu mövzuya ən yaxşı şərhi vaxtikən özü 5 il hərbi əsirlikdə olmuş Senator Con Makkeyn verib. “Mən bu növ dindirmə taktikalarına yol açan səbəbləri başa düşürəm, və anlayıram ki, buna icazə verənlər və onları işlədənlər terror hücumlarının qurbanlarına ədalət və Amerikanı təhlükədən qorumaq amacı ilə bu addımları atıblar. Amma mən bütün varlığımla bu metodlardan istifadənin əleyhinə çıxıram, çünki bunlar nə ədalətə, nə təhlükəsizliyimizə, nə də indiyədək uğrunda bu qədər qan və pul sərf etdiyimiz dəyərlərə xidmət edir. Hətta ən pis vaxtlarda belə biz amerikalıyıq – bizi məhv etmək istəyənlərdən fərqliyik, güclüyük, daha yaxşıyıq!”

XS
SM
MD
LG