Accessibility links

Tomas de Vaal: 2014 Qarabağda gərgin il oldu [Video]


Dekabrın 18-də Beynəlxalq Sülh Üzrə Karnegi Fondunda “Dağlıq Qarabağ münaqişəsi və Madrid prinsiplərinin gələcəyi” mövzusunda tədbir keçirilib. Müzakirələrdə Barışıq Resursları təşkilatının əməkdaşları, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edib. Tədbirin ardınca fondun eksperti Tomas de Vaal Amerikanın Səsinin suallarını cavablandırıb.

Amerkanın Səsi: Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyatların yenidən başlaması mümükündürmü?

Tomas de Vaal: Belə ehtimal hər zaman mövcuddur. Və bu il 1994-cü ilin may ayında imzalanan atəşkəsdən sonra təmas xəttində ən gərgin il olub. Ona görə də hərbi əməliyyatların yenidən başlaması mümkündür.Lakin biz arxayınlaşa bilmərik. Biz bu il iki pis hadisənin şahidi olduq. Biz avqust ayının əvvəlində atışmaların və təmas xəttinə yaxın olan Ermənistan helikopterinin vurulmasının şahidi olduq. Hər iki hadisə narahatedici idi. Mən düşünürəm ki, hər iki halda siyasi qərar gərginliyi sona çatdırmaq oldu. Və bu yaxşı haldır. Siyasi iradə qalib gəldi. Amma biz yenə də arxayınlaşmamalıyıq, çünki yenidən belə bir hadisə baş verdiyi zaman bu gərginliyin artmasına səbəb ola bilər.

Amerkanın Səsi: Belə bir halda Rusiyanın reaksiyası nə olar?

Tomas de Vaal: Mən düşünürəm ki, bəzi insanlar Rusiyanın münaqişədəki rolunu şişirdirlər. Təbii ki, Rusiya münaqişə ilə maraqlanır, çünki Rusiyanın Ermənistanla hərbi münasibətləri var. Həm də, mən deyərdim ki, Rusiya ilə Azərbaycan arasında da münasibətlər genişlənir. Amma Rusiya bu münaqişəni idarə etmir. O, sadəcə maraqlı tərəfdir. Və mən düşünürəm ki, döyüş başlasa Rusiya qarşıdurmanı yatırmağa çalışacaq. Amma Rusiyanın nəsə etməsi bir az vaxt alacaq. Döyüşlər Ermənistan sərhədləri daxilində baş versə Rusiya çətin vəziyyətdə qalacaq, çünki Rusiyanın Ermənistana qarşı hərbi öhdəlikləri var. Ona görə də mən düşünürəm ki, döyüş başlasa münaqişə sərtləşəcək və böyük siyasi aktyorlar bir müddət döyüşləri dayandıra bilməyəcəklər.

Amerkanın Səsi: Qərb qüvvələri, əsasən də ATƏT-in Minsk Qrupu bu münaqişənin həlinə nə cür töhfə verə bilərlər?

Tomas de Vaal: Təbii ki, onlar əsas prinsiplərin üzərində işləməyə davam etməlidirlər. Bu çox mürəkkəb sənəddir və hal-hazırda masa üzərindədir. Hər iki tərəf bu sənədi müzakirə edir. Lakin mənim fikrimcə Minsk Qrupu ölkələri tərəfindən münaqişə ilə bağlı daha çox ictimai diplomatiya mövcud olmalıdır. Onlar ictimaiyyətdə daha çox bu haqda danışmalıdırlar. Onlar sülh üçün çalışan insanları alqışlamadırlar. Və onlar mənfi xarakter daşıyan olayları daha çox tənqid etməlidirlər. Mən düşünürəm ki, belə etməklə onlar regiondakı insanlara xarici qüvvələrin münaqişə ilə maraqlandıqlarını və böyük dövlətlərin bu münaqişədən sui-istifadə etmədiklərini göstərmiş olarlar.

XS
SM
MD
LG