Accessibility links

70 ildir ABŞ Dəniz Piyada Korpusunun dəstəklədiyi proqram kimsəsiz və imkansız uşaqlara hədiyyə verərək onların bayramlarını daha da şənləndirib. Hər il milyonlarla uşaq Toys for Tots (Uşaqlar üçün hədiyyələr) adlı proqram sayəsində hədiyyə alır. Bəziləri üçün bu, onların Miladda aldıqları yeganə hədiyyədir.

Bayram mövsümündən bir neçə həftə əvvəl marketlər və avtosalon kimi satış məkanlarında insanların bəzənməmiş hədiyyələrini ianə etməsi üçün böyük qutular yerləşdirilir. Daha sonra bu hədiyyələr Vaşinqtona yaxın Virciniya ştatının Damfris şəhərindəki böyük anbara gətirilir. Burada dəniz piyadaları və digər könüllülər hədiyyələri sıralayıb bəzəkli kağızlara bükürlər.

Anbarın koordinatoru ABŞ dəniz piyadası Endryu Aykelberq bildirir ki, bu il onun işlədiyi Şimali Virciniya ərazisində 62 min oyuncaq paylanıb.

Anbardakı oyuncaqların çoxunu kilsələr, xidmət təşkilatları və digər qruplar götürürək uşaqlara paylayır. Bəziləri isə dəniz piyadaları tərəfindən şəxsən uşaqlara təqdim olunur.

Stafford qraflığının məktəbində azgəlirli ailələrin 4-5 yaşlı uşaqlarına hədiyyələr verilib. ABŞ dəniz piyadası Ti Hanibl beş yaşlı Otumu fərqli hədiyyələrin yerləşdiyi masaya aparıb və Otum oradan oyuncaq poni seçərək onu anası Allena Hoya göstərib. “Bu, onu çox sevindirir və bu, mənim üçün hər şey deməkdir,” deyə Allena bildirib.

Hanibl uşaqlara hədiyyə təqdim edib, onları qucaqlamağı çox sevir. O, bunun uşaqlar üçün nə demək olduğunu anlayır, çünki o, özü də Çikaqoda kasıb ailədə böyüyüb.

Məktəbin təhsil proqramlarının koordinatoru Cenni Eriko ailələrin çoxunun evsizlik və qidasızlıqdan əziyyət çəkdiklərini bildirir. “Oonların Milad bayramında uşaqlarına hədiyyə almaq və bayram abu-havasını uşaqlara yaşatmaq üçün əlavə gəlirləri yoxdur. Amma bu proqram vasitəsilə biz o uşaqların Milad bayramına hədiyyə alacaqlarını bilirik, və bu, bizi sevindirir,” deyə xanım Eriko bildirir.

Valideyn Cessika Paçeko oğlu Erikin hədiyyə aldığına görə çox sevinir. Onun yoldaşı işdən çıxarıldığına görə Cessika maddi problem yaşadıqlarını bildirib. Cessika Toys for Tots proqramının onların ailəsində böyük əhəmiyyətinin olduğunu bildirib. “Bir neçə ildir bizim bu proqrama ianə verməyə imkanımız olub, ona görə də bu il özümüzün bu proqramdan hədiyyə alması çox gözəl bir hissdir,” deyə o bildirib.

XS
SM
MD
LG