Accessibility links

Xədicə İsmayılovanın həbsdən məktubu Washington Postda


Xədicə İsmayılova

Xədicə İsmayılova

Washington Post qəzeti Azadlıq Radiosunun həbsdə olan jurnalisti Xədicə İsmayılovanın 6 fevral tarixli məktubunu dərc edib. ABŞ-ın aparıcı qəzetinin redaksiya heyəti jurnalistin Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin maliyyə əməliyyatları haqda ətrafl yazdığını və güman ki, bu araşdırmalara cavab olaraq həbs olunduğunu qeyd edir.

Mən korrupsiyaya görə tutulmuşam. Özümün yox, rejimin korrupsiyasına görə. Zülmkar rejimlərin yanlış olduğunu sübut etmək üçün korrupsiyanı ifşa etmək lazımdır.

“Sükutumu bağışlayın. Ötən dəfə məktubum dərc ediləndən sonra məni karserə salmışdılar. Sonra kameramda axtarış aparıb bütün əşyalarımı, qeydlərimi götürdülər. Belə görünür ki, burada mənim çoxlu oxucularım var,” İsmayılova yazır. “Yəqin onlar növbə ilə yazdıqlarımı oxuyurlar.”

Jurnalist həbsxana müdriyyətinin qanuna zidd olaraq ona ailəsini görməyə icazə vermədiyini qeyd edir. Onun sözlərinə görə həftədə yalnız iki telefon zəngi etməyə icazə verilir. “İnformasiyaya çxışım olduqca məhduddur,” deyə Xədicə İsmayılova kitabları ilə baş-başa qaldığını bildirir. “Hazırda Səhər Delicaninin Cakaranda Ağacının Övladları kitabını tərcümə edirəm.”

Beş kamera yoldaşı ilə bir ailə kimi yaşadığını yazan məhbus jurnalist bu adamların hekayələrinin Azərbaycan və onun gələcəyi haqda çox şeylər dediyini bildirir. “Kamera yoldaşlarım mənim yeni auditoriyamdır... Mən artıq efirdə deyiləm, amma bu dörd divar arasında mən azərbaycanlıların gündəlik mübarizələrinə birbaşa və şəxsi bağlıyam.”

Xədicə İsmayılova Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin biznesləri haqda geniş araşdırmalar aparıb.

Xədicə İsmayılova Azərbaycan prezidenti İlham Əliyev və onun ailə üzvlərinin biznesləri haqda geniş araşdırmalar aparıb.

Həbsinin səbəbləri haqda jurnalist yazır: “Mən korrupsiyaya görə tutulmuşam. Özümün yox, rejimin korrupsiyasına görə. Zülmkar rejimlərin yanlış olduğunu sübut etmək üçün korrupsiyanı ifşa etmək lazımdır, və mən 2015-ci ildə daha çox araşdırma aparacağıma söz vermişəm. Bəli, bunun üçün bədəl ödəməlisən, amma buna dəyər.”

Xədicə İsmayılova Azərbaycanda korrupsiyanın həyatın bütün qatlarına sirayət etdiyini yazır. Onun sözlərinə ölkədə korrupsiya mədəniyyətinin yaranmasında başlıca məsuliyyəti mənəvi baxımdan müflis olmuş hakimiyyət daşıyır. Həmin bu mədəniyyətin təmsilçiləri doğru sözü deyənləri, haqq-ədalət uğrunda mübarizə aparanları cəzalandırır, onları həbsə atır.

“Bu həm də hakimiyyət və acgözlük haqdadır. Ölkə prezidentindən tutmuş ən aşağı səviyyəli məmurlaradək bu adamlar korrupsiya və cəzasızlığın nümunələridir. Bura elə bir məkandır ki, pul və hakimiyyət istənilən cinayəti ört-basdır edə bilər; burada həqiqət və yalanın yerləri dəyişik düşüb. Bunun nəticəsi olaraq Azərbaycanda 100 siyasi məhbus var.”

Ölkə prezidentindən tutmuş ən aşağı səviyyəli məmurlaradək bu adamlar korrupsiya və cəzasızlığın nümunələridir. Bura elə bir məkandır ki, pul və hakimiyyət istənilən cinayəti ört-basdır edə bilər; burada həqiqət və yalanın yerləri dəyişik düşüb.

Kürdəxanıda məhbus həyatı yaşayan insanların 3-5 yaxud 5-12 illik cəzalarla üzləşdiyini yazan Xədicə İsmayılova ölkədə məhkəmə sisteminin büsbütün korrupsiyaya uğradığını qeyd edir. Bu korrupsiya məngənəsi Azərbaycanın yüz ən istedadlı oğul və qızlarını həqiqəti söylədiklərinə görə həbsə salıb. Onun sözlərinə görə hakimiyyət cəmiyyətə aşılamağa çalışır ki, insan ləyaqəti satın alına bilər. Nə qədər ki, biz bu düşüncəni rədd edirik, biz qalibik, bizə bura salanlar isə məğlubdur, deyə jurnalist yazır.

“Həbsxana tərəzinin mizanını düzəltmək istəyənlər, yaxud düz əməl sahibləri olanlar üçün qorxulu yer deyil. Biz nə üçün savaşmalı olduğumuzu görürük,” deyə Xədicə İsmayılova amerikalı oxuyucuları yalanla həqiqət arasında seçim etməyə və həqiqət carçılarınını dəstəkləməyə çağırır.

XS
SM
MD
LG