Accessibility links

Ona Cənubun tacı deyirlər. Əksər azərbaycanlıların “Çarliston” kimi tanıdıqları rəqs stilinin doğma yurdu, Cənubi Karolina ştatının şərq sahilində yerləşən Charleston şəhəri füsunkar gözəlliyi ilə hər il minlərlə müsafiri özünə cəlb edir. 1700-cü illərdə salınmış şəhərin tarixi kilsələri, dəbdəbəli imarətləri, geniş xiyabanları, səkiləri bəzəyən palmetto agacları və xoş havası buranı cənnətə bənzədir. Amma bu cənnətin bir qaranlıq hekayəsi var. “Bura Chalmers küçəsidir – Charlestonun ən uzun daş-hörülmüş küçəsi,” bələdçimiz elan edir. “Küçə boyu göz oxşayan rəngbərəng malikanələr sizi aldatmasın. 1861-ci ildə Vətəndaş Müharibəsi başlayanadək bura qul hərracları ilə tanınırdı.”

“Ryan’s Mart ” qul hərracı

“Ryan’s Mart ” qul hərracı

At arabasında ekskursiyanın ardınca küçəni piyada gəzməyə qərar verdim. Bələdçimiz burada çox maraqlı quldarlıq muzeyinin olduğunu söyləmişdi. Tövsiyəni nəzərə almaqda yanılmamışdım.

Muzeyin girəcəyində hərracın orijinal lövhəsi qorunub saxlanılmışdı. “Mart” amerikan ləhcəsində “market” yəni bazar sözününün qısaldılmış ifadəsidir. Charleston şerifi Thomas Ryanın adını daşıyan və “Ryan’s Mart” kimi tanınan bu yer qul bazarı olub. Burada insanlar satılıb, ailələr parçalanıb, talelər puç olub.

Muzeyə daxil olarkən diqqəti cəlb edən iri paneldə qulların qiymət cədvəli əks olunur. Uşaqların və yaşlıların qiymətləri gənclərlə müqayisədə xeyli aşağıdır. Məsələn, bir yaşlı körpənin dəyəri indiki pulla $1700, 60 yaşlı kişinin qiyməti isə $850-dır. Bunlarla müqayisədə 20 yaşlı gənc, sağlam oğlanın qiyməti $15,300. Bu, ümumi qiymət cədvəlidir. Yüksək qabiliyyətli qulların qiymətləri $24,100-dək yüksək ola bilərdi. İnsanın qiymətləndirilməsində onun sağlamlığı, qabiliyyətləri, işgüzarlığı, xasiyyəti əsas amillər kimi götürülürdü.

Fərdi qiymətlər ailələrə də şamil olunurdu və əgər alıcı ailəni bütovlükdə almaq istəmirdisə, onda ana baladan, qardaş bacıdan ayrılırdı. Qul tacirləri və plantasiya sahibləri bu növ parçalanmaların tez-tez baş vermədiyini və olanda da bunun problem olmadığını iddia edirdilər. Cənubi Karolina kansleri Vilyam Harper israr edirdi ki, qaradərililərdə ailə sevgisi olmur – bir sözlə, stabil ailə həyatları olmayan və cinsi əlaqəyə barmaqarası baxan afrikalılar alınıb-satılmağa etiraz etmirlər.

Sabiq qul Savilla Burell isə gördüklərini belə xatırlayır:

“Bir dəfə Ananın uşağını satdılar. O, ağlamağa başladı. Ağa deyir, “Hıçqırmağı dayandır, əgər qamçılanmaq istəmirsənsə.” O, da bütün gecəni ağlayıb fəryad edir.”

Computer Hope

Ryan’s Martda tipik hərrac reklamlarından biri müştərilərə pambıq və düyü tarlalarında işləmək üçün 25 qul təklif edir.

“1852-ci il, 25 sentyabrda, səhər saat 11-də Charleston şəhərinin Chalmers küçəsində, Ryans Mart-da 25 qul satılacaq.

Aleck – 38, dülgər

Mary Ann – 31, Tarla işi, məhsuldar

Louisa – 10

Abram – 25, Tarla işi, məhsuldar

Judy – 24, Tarla işi, məhsuldar

Carolina – 5

Daphne – körpə…”

Siyahı beləcə uzanıb-gedir.

Yaxud, başqa bir reklam:

“Mərhumə Madam Galuchanın mülkünə məxsus aşağıdakı zəncilər satılacaq:

Zənci qız – 30 yaşında. Yaxşı aşpazdır, paltar yuyur-ütüləyir, sadiq qulluqçudur.

Zənci kişi – 48 yaşında. Yaxşı arabaçıdır, əlindən aşpazlıq da gəlir, içmir, dürüstdür, heç vaxt qaçmayıb. Şərt: Nağd pul.”

Plantasiya sahibi pambıq tarlasında işləyən qulları ilə şəkil çəkdirir.

Plantasiya sahibi pambıq tarlasında işləyən qulları ilə şəkil çəkdirir.

​Qullar nə qədər müti olurdularsa, bir o qədər keyfiyyətli sayılırdılar. Mütiliyi təmin etmək üçün cənub siyasi elitası əlində olan müxtəlif vasitələrdən istifadə edirdi. Bunların sırasında qabaqlayıcı və eləcə də cəzalandırıcı mexanizmlər yer alırdı. Məsələn, qulların savad almasına qətiyyən icazə verilmirdi. Quldarlar inanırdılar ki, yazıb-oxumağı bacaran, dünyanın gediş-gəlişini anlayan zənci sistemə təhlükədir. Qullara daim aşılanırdı ki, onlar aşağı dərəcəli irqin nümayəndələridir, onlar müstəqil yaşamaq iqtidarında deyillər, və onların əbədi rifahı quldarla bağlıdır.

Əlbəttə, qarşılarına qoyulmuş saysız-hesabsız siyasi/iqtisadi/ideoloji/hüquqi baryerləri aşan qullar da olurdu. Belə hallarda onları “slavebreakers” – yəni qul-sındıranların ixtiyarına buraxırdılar. Qul-sındıranların himayəsində nə baş verdiyini güman etmək çətin deyil. Cızığından çıxmış qullar normalda olduğundan dəfələrlə çox işlədilir, az yedizdirilir, qəddarcasına döyülür, ifrat hallarda isə öldürülürdülər.

Vətəndaş Müharibəsi başlayan zaman ABŞ-ın xəritəsi – azad ştatlar mavi, quldarlığın olduğu ştatlar isə çəhrayı rəngdə əks olunur.

Vətəndaş Müharibəsi başlayan zaman ABŞ-ın xəritəsi – azad ştatlar mavi, quldarlığın olduğu ştatlar isə çəhrayı rəngdə əks olunur.

Cənubda, eləcə də Charlestonda yaşayan qaradərililərin hamısı qul deyildi. Bələdçimiz bizə qaradərilərin təqribən 20 faizinin azad vətəndaş olduğunu söyləyir. Bunlar bazarda alver etməklə, müxtəlif yollarla pul qazanaraq öz azadlıqlarını satın qalmış keçmiş qullar olurdu. Bir çox hallarda azadlığa çıxmış qullar başqa ailə üzvlərini azad etmək üçün gecə-gündüz işləyirdilər. Amma özləri quldara çevrilib, irqdaşlarını istismar edənlər də olurdu.

Quldarlıq Pennsylvania ilə Maryland ştatlarını ayıran Mason-Dixon xəttindən cənubda yerləşən ştatları əhatə edirdi. Bu səbəbdən azadlığa çıxmağa can atan qullar ilk növbədə şimala qaçmağa çalışırdılar. Lakin mövcud federal qanunlar cənub quldarlarına şimala gələrək buradakı qullarını zorla geri qaytarmaq hüququ verirdi. Bu maneəni də adlamaq üçün bir çox qullar ümumiyyətlə ABŞ ərazisini tərk edib bu qanunların şamil olunmadığı Kanadaya üz tuturdular.

Azadlığın bədəli – Vətəndaş Müharibəsinin döyüş meydanı.

Azadlığın bədəli – Vətəndaş Müharibəsinin döyüş meydanı.

Amerikanın özündə də nəhəng bir çoxluq quldarlığı murdar praktika hesab edir və bunun ləğv olunması uğrunda çalışırdı. Bəziləri buna qarşı passiv nifrətlə, başqaları isə aktiv əməllərlə mübarizə aparırdı. 1800-cü illərin ikinci yarısında ABŞ-da baş qaldıran “Abolitionist” hərəkatı qulların azad edilməsində olduqca mühüm rol oynayırdı. Özəl dini-ictimai qurumların şəbəkəsi kimi fəaliyyət göstərən bu hərəkat minlərlə qulun cənubdan qaçaraq azadlığa qovuşmasında önəmli funksiya daşıyırdı.

Həqiqi azadlıq isə Amerika tarixində savaşılan ən qanlı müharibə bahasına əldə olundu. Təsadüfi deyil ki, 1861-ci ildə başlanan Vətəndaş Müharibəsinin ilk atəş sədaları məhz Chalmers küçəsindən bir qədər aralıda, Charleston şəhərinin buxtasında yerləşən Fort Sumter qalasında açıldı. Prezident Abraham Linkolnun anti-quldarlıq siyasətindən narazı qalan və Birləşmiş Ştatlardan ayrılmağa qərar verən Cənub könüllüləri istehkamı mühasirəyə alaraq oradakı hərbi alayı təslim olmağa məcbur etdilər. Amerika İnqilabından bəri ilk dəfə olaraq Birləşmiş Ştatların bayrağı amerikalıların özləri tərəfindən endirildi. O bayrağın yenidən Charleston üzərində dalğalanması dörd il vaxt, 800,000 həyat alacaqdı.

Mənəvi kainatın tağı uzundur, amma o, ədalətə tərəf əyilir.

Bəşər tarixinə xeyirlə şər arasında davamlı mübarizə kimi baxan adamlar üçün qarədililərin Amerika hekayəsi ürəkləndiricidir. Birləşmiş Ştatlar quldarlığa son qoymaq üçün savaşdığı müharibədə bütün başqa müharibələrdə ümumilikdə itirdiyindən daha çox adam itirdi. Qulların azadlığı uğrunda təkcə qaradərililərin öz əcdadları yox, minlərlə ağdərili həyatını qurban verdi. Bir vaxtlar insan statusunda görülməyən adamların nəvələri indi ABŞ-da siyasi liderlər, biznes sahibləri, məşhur idmançılar və musiqçilərdir. Onlar bu vətənin övladları olmaqla fəxr edirlər. Muzeyin dəhlizlərini gəzirkən, burada cəmi əsr yarım öncə nələr baş verdiklərini təsəvvürdə canlandırdıqca Birləşmiş Ştatların ilk qaradərili prezidenti Barak Obamanın tez-tez sitat gətirdyi vətəndaş haqları hərəkatının lideri Martin Luther King Jr.-un deyimi yada düşür: “Mənəvi kainatın tağı uzundur, amma o, ədalətə tərəf əyilir.”

XS
SM
MD
LG